“İsgəndər Həmidov ciddi informasiyası olan bir adam idi”

26/11/16 10:40

i”İsgəndər Həmidov ciddi informasiyası olan bir adam id”

2-03-2013, 11:41
Oxunub: 1520
“Cəmiyyətin aşağı yuxarı işlərini, qəzet məsələlərini Aqil Abbas həyata keçirirdi”

Bu dəfəki müsahibimiz Azərbaycan Milliyətçi Demokrat Pariyasının sədri Qələndər Muxtarlıdır. O, xalq hərəkatının iştirakçılarından biri olub. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanında hökumətdə təmsil olunub.
-Xalq hərəkatı dövründə proseslərə qoşulanda təxminən 23-24 yaşınız var idi. Necə oldu ki, qoşuldunuz?
– Düzü mənim Sovet sistemindən ilk narazılığım qəbul imtahanı ilə bağlı oldu. O, vaxtı Kamran Bağırovun qardaşı Faiq Bağırzadə rektor idi. Hərbidən gəldikdən sonra universitetə qəbul olmaq üçün verdiyim iki imtahanımda iştirak etmişdi. Hər imtahan televiziya vasitəsi ilə verilirdi, ən gözəl bilik nümayiş etdirən abituriyent adı mənə verilsə də ədəbiyyat fənnindən mənə 2 yazıldığından kəsildim. Yuxarılara qədər müraciət etdim. Sonrakı il gəlib beş aldım və qəbul ola bildim. Mən bu sistemin necə ağır, ədalətsiz sistem olduğunu bizim vəziyyətimizin necə pis olduğunu orda gördüm.
Bakı Dövlət Universitetinin tarix fakultəsinin 1-ci kursunda oxuyanda, Qorbaçovun İqtisadi Məsələlər üzrə müşaviri Aqanbekyan, Fransa qəzetində çıxış etmişdi ki, Qarabağ iqtisadi cəhətdən Ermənistana daha uyğundur. Amma biz tarixçi idik və tarixi, coğrafiyanı bilirdik. Bilirdik ki, Qafqaz 3 yoldan ibarətdir. Dəryal – Dar yol mənasında səslənir bu söz. Elə Şimali Qafqaz xalqlarının dilində də bizim türkcədə səslənir. Dar yol keçidi, Xəzər sahili keçid və Qaradəniz keçid yolu. Buna Qafqaz hərbi yolu deyirlər və bütün Qafqazın iqtisadi baxımdan bağlılığı Bakı şəhərinə – Azərbaycanın neft mərkəzinədir. Burdakı sərvətin istismarı ilə bütün regionun iqtisadiyyatı qaldırıla bilərdi. Tanrı bu əraziləri elə paylaşıb ki, sanki sərvətin bir yığılma yeri var və bizsiz – türklərsiz buranın sərvəti olmadan, bu bölgənin nə sabitliyi nə də iqtisadi dirçəlişi mümkün deyil. Ona görə də biz buna qarşı çıxdıq. Biz, SSRİ-in artıq bizi himayə edəcək qüdrətə malik olmadığının və onun dağılma astanasında olduğunun fərqində idik. Bizim müəllimlərimiz çox qüdrətli və çox vətənpərvər idilər. Onların çoxu Əbülfəz Elçibəy məktəbindən keçmiş müəllimlər idi. Etibar Məmmədovu, Cəmil Həsənlini, Süleyman Əliyarlını, Fərman Mahmudovu, Məmmədəli Hüseynovu mən xüsusi olaraq qeyd etmək istəyirəm. Bu insanlar baş verən hadisələrin çox ciddi təhlilini verirdilər. O vaxt savadlı olub universitetə qəbul olmaqda çətinlik çəkən çox uşaqlar var idi. Məsələn, Əli Kərimli də hərbidən sonra universitetə qəbul edilmişdi. Bir neçə il girə bilməyib, yəni qoymayıblar, imkan verməyiblər. Sonra Əli Mustafayev, Əlisafa var idi. Bunlar kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdular və sonradan da fərqlənmə ilə bitirdilər universiteti. Qəribə bir şey idi ki, kitabxanaçılıq fakültəsi ən savadlı fakültələrdən biri idi. Çünki uşaqlar tarixə, hüquqa, şərqşünastlığa qəbul ola bilmirdilər, ona görə ki, bu yerlər mərkəzi komitənin, varlıların, zənginlərin uşaqları üçün idi. Ona görə də bu hərəkat əsasən üç fakültədə yarandı: Tarix, hüquq və kitabxanaçılıq fakültəsində. Hətta biz Azərbaycanda ilk hərbi birləşmə, Tələbə Könüllü Özünü Müdafiə Batalyonu yaradıb 1989-cu ildə Laçına getmişdik.
– Siz o zaman neçənci kursda oxuyurdunuz?
– 3-cü kursa keçmişdik. O dəstənin tərkibində Əli Kərimli də var idi. Sonra bizim uşaqlar bölünərək, təhlükə olan bölgələrə getdilər. Hətta Xocalıya və Şuşaya gedən uşaqlarımız da var idi. Bunlar hamısı əfqan təlimi keçmiş tələbələr idi. Vətənə görə ölməyə hazır olan ilk dəstə idik. Yığıldıq, getdik və o ərəfədə kifayət qədər rolumuz oldu. Sonra bizi əvəz etməyə Rus qoşunları gəldi. Təxminən 1989-cu ilin dekabrında biz o pozisiyalarda olduq. O, vaxtı bizim ilk hərəkatımız Sabir bağında başladığından, ilk toqquşmamız da orda oldu.
– O Xudu Məmmədovun təşkilatçılığı ilə olmamışdı?
– O vaxtı güc mərkəzlərindən, beyin mərkəzlərindən biri də akademiya idi. Azərbaycanda milli hərəkatın, Qarabağı və ərazi bütövlüyümüzü qorumaq hərəkatının başlanğıc mərkəzlərindən biri də akademiya idi. Bu, Xudu Məmmədov, Əbülfəz Elçibəy və akademiyada olan başqa adamlarla bağlı idi. Bunlar millətin həqiqətəndə fikir aydınları idilər.
“Yurd”un yaranışında, bünövrəsində mən iştirak etmişəm

– Siz “Çənlibel”də olmusunuz?
– “Çənlibel”dən bizim xəbərimiz var idi. Yəni belə bir təşkilatın olduğunu bilirdik. Onlar universitetə gəlib gedirdilər. Tələbə yataqxanaları ilə təmasları var idi. Biz, Bakının İçərişəhər deyilən hissəsində, arxeoloji bir ekspedisiya təşkil etdik. Bütün universitet tələbələri orda idi. Orda məscidin bərpasına başlamışdıq. Amma bu şərti ad idi. Əsas məsələ biri-birimizlə, təmas qurub fikir mübadiləsi aparmaq və milli hərəkatı başlamaq idi.
– O zaman “Yurd”un içində idiniz?
– O zaman artıq “Yurd” söhbəti də var idi. “Yurd” orda formalaşdı. Mən “Yurd”un Tarix Arxeologiya komitəsinin sədri oldum.
– “Yurd” birinci dəfə Bakı Dövlət Universitetinin yataqxanasında yaradılmışdı. Siz o zamanlar “Yurd”un içində proseslərə qoşuldunuz. Doğru anladım?
– Doğrudur, amma biz ona qədər də artıq var idik. Ona qədər də siyasi müzakirələr aparırdıq.

– “Yurd”a nə zaman gəldiniz?
– “Yurd”un yaranışında, bünövrəsində mən iştirak etmişəm. O zaman Yurdun rəhbərliyi komissiyalar idi. Komissiyalardan birinin də rəhbəri mən idim. “Yurd” təkcə bizimlə kifayətlənmədi. Yəni yalnız universitetin daxilində qalmadı. Digər təhsil müəssisələrində də şöbələri yarandı. Bu işə ən böyük xeyir-duanı və bu adı Əbülfəz Elçibəy vermişdi. O, cümlədən Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu bu proseslərdə iştirak ediblər. Biz, proseslərin başlamasına birgə qərar vermişdik. Biz hamımız biri-birimizi qəbuldan tanıyırdıq. Eyni düşüncənin daşıyıcıları olan adamlar idik. Biz bilirdik ki, hər fakültədə kimlər bizimlə razı olacaq. Kasıb təqəbənin nümayəndələri olduğumuzdan yataqxanada qalırdıq. Toplantı olanda biri-birimizə tez xəbər edirdik və hamımız yataqxanada tez toplanırdıq.
– Həyatınızın ikinci dövrü AXC-yə üzv olduğunuz və Cəbhədə iqtidar olduğunuz illərdir…
– Mənim “Cəbhəyə” üzv olduğum ildəki biletim hələ də məndədir. Universitetə rayon şöbəsi adı verilmişdi və ən güclü dayaq idi. Onu deyim ki, mən 1989-cu ildə “Cəbhənin” təsis qurultayında iştirak edə bilməmişəm. Amma başqa xətlərdə, proqramlarda iştirak etmişəm. Laçında da olmuşam, 20 yanvarda da iştirak etmişəm. Azərbaycan xalqının tələb etdiyi və Azərbaycanın ən həssas yerləri harda idisə, biz orda iştirak etdik. 18 oktyabr dövlət müstəqilliyi haqqında konsitusiya qəbul olunanda mən “Millət” qəzetinin parlament müxbiri idim. Parlamentdə olarkən o tarixi günün şahidi oldum. Ordan hamı bunu qeyd etməyə getdi. Biz isə tələbə dostlarımızla birgə Şəhidlər Xiyabanını ziyarətə getdik. Onlara bu xoş xəbəri verdik. İnanın ki, onda insan sağ qaldığı üçün xəcalət çəkirdi. O gün mənim heç zaman yadımdan çıxmaz. Əslində milləti yaşadan elə belə tarixi anlardır. Məsələn, Xocalı faciəsini parlamentdə eşitmişəm. Xocalı tariximizdəki ən dəhşətli hadisədir. Amma bu haqqda tam məlumat verilməmişdi. Xocalıdakı hadisədə Rusiyanın iştirakı və o faciənin müəllifinin Rusiya olması danılır. Mənim əlimdə Xocalı ilə bağlı çox ciddi faktlar var idi. Mən bir dəfə Xocalı ilə bağlı məruzədə də çıxış etmişdim. Azərbaycanda hərbi vertalyotların tətbiqi iki dəfə olub. Aeroplan tətbiqi Tərtərdədi. Vadapiyanovun rəhbərliyi altında 1920-ci ildə ilk dəfə üsyançılara qarşı hərbi aeroplanlar tətbiq olunub. Bir də Xocalıda 5 vertolyot iştirak edib. Onlar Adler hərbi düşərgəsində təlim keçmişdilər. Gürcüstandakı hərbi aviasiya bazası olan Telavidən çıxış etmişdilər. Xocalıya 89 kimyəvi başlıqlı silah atmışdılar. Xocalıların əksəriyyətinin ölümü mütləq bununla bağlıdır. Ondan sonra onları güllələmişdilər. Çingiz Mustafayevin məşhur video-kadrındakı “bunların üzü belə deyildi” ifadəsi ordan qaynaqlanır. Daxili İşlər Naziri həmin kaseti də Boris Yeltsinə gedən məruzənin içinə qoymuşdu. Boris Yeltsin çox əsəbləşmişdi ki, bir operator orda çəkiliş edib, hərbi kəşfiyyat hara baxıb? Orda insan bədənində gəzən güllələrin, 7,62 mm güllələrinin sınağı var. Həmin kimyəvi silahın tətbiqinə dair Rusiya Müdafiə Nazirliyinin qərarı olub. Orda Zarbiqayevin o prosesdə müstəsna iştirakı var. Zori Balayan da daha ağır iştirakçılardan biridir. Cəmi 278 erməni hərbiçisi iştirak edib. Orda Argentinadan gəlmiş “səhra quşları” qrupu var – snayperçi qadınlar. Onun biri 23 Xocalılını öldürüb və buna görə aldığı mükafat ən yüksək məbləğdə olan mükafatdır. Bizim əlimizdə Xocalı ilə bağlı elə faktlar var ki, biz çox böyük beynəlxalq mühakimə qura bilərik. Çünki onlar hamısı, gələn terrorist qruplar Rusiyaya uçublar. Təşkilatçılar onlar olub. Burada Rusiyanın ən əsas məqsədi, iki xalq arasında barışması qeyri mümkün olan bir ədavətin yaradılması idi. Xocalının əsas motivi budur. Amma yalandan “366-ın” hərbi kəşfiyyatının qarşısına məqsəd qoyulmuşdu ki, guya bunlar orda Əfqan mücahidləri, Türkiyə hərbiçiləri axtarırlar. Bunlar hamısı nağıl idi. Maraqlı tərəf isə budur ki, Azərbaycanda indi hakimiyyətdə olan rejim o vaxt Xocalı hadisələrində günahkar olaraq 17 Azərbaycanlını göstərmişdi. Mən bu keçən dövrü ermənilərin siyasi və fiziki həyatlarının qızıl dövrü kimi xarakterizə edirəm. Onlara heç zaman belə bir şey nəsib olmamışdı. Onlar 20-ci əsrin sonu 21-ci əsrin astanasında bunu edə bildilər. Bu xalq dövlət qurmağa qadir xalq deyildi. Bunların dövlətçilik tarixi yoxdur. Onların dövlətini Rusiya yaradıb. Qafqazda bütün baş verən proseslərin və bizim xalqın bir xalq olaraq, millət olaraq bu regiona azadlıq və ədaləti gətirə bilməməyimizin tək səbəbi ermənilərin burda mövcudluğu və Rusiyanın bu ərazilərdə olan siyasi maraqlarının hələ də dünya tərəfindən tanınmasıdır. Nə zaman Rusiya burdan ayaqlarını üzəcəksə o zaman da bu bölgəyə ədalət və sülh gələcək. Amma bütün dünya bunun fərqində idi ki, bölgənin lideri, bölgənin sabitliyinin qarantı, siyasi, fiziki, iqtisadi rifahının qarantı Azərbaycandır.
– 1990-cı ildən sonra güclənən cəbhədə bir neçə qanad var idi. Məsələn liberallar, radikallar və s. Etibar Məmmədov və İsgəndər Həmidov radikal qanada aid idi. Siz radikal tərəfdə yer aldınız.
– Doğru dediniz. Etibar Məmmədov milliyətçi şüarların və təşkilatlanmanın tərəfdarı idi. Döyüşən, radikal kəsim İsgəndər Həmidovun, Etibar Məmmədovun cəmləşdiyi tərəfdə idi. Məsələn, “Yurd”un ən başlıca funksiyası o idi ki, Azərbaycanda bu proseslərin, etirazların universitetdə qalmasını təşkil etsin. Universitet kifayət edirdi ki, xalqın mütəşəkkil mübarizəsinin lokomotivinə çevrilsin. Nə radikal, nə də liberal tərəfdə təmsil olunmurdu, öz missiyası bundan ibarət idi ki, hakimiyyəti davamlı islahatlara məcbur edib, milli müstəqil Azərbaycan dövlətinin yaranmasını həyata keçirə bilsin. Bununla yanaşı mühüm bir məqam var idi. Hərəkatın fikir, ideya qaynağı universitet idi, bu fikirlər ora “Yurd”dan gedirdi. Proseslərin gedişatına, gələcəyinə, yaranan təhlükənin xarakterizə edilməsi, qiymətləndirilməsi kimi bütün məsələlər min dəfələrlə müzakirə edilirdi. O vaxt istər Ayaz Mütəlibov hökuməti olsun, istər ictimai rəyə verilən məsələlər olsun, bunların mütləq əksəriyyəti universitetdə hazırlanırdı, universitetin tələbələri, müəllimləri tərəfindən təşkil olunurdu.
Hacıbaba müəllim, Etibar Məmmədov Azərbaycanın dövlət müstəqilliyi haqqında konsitusiya aktının müəlliflərindən idilər. Təklif olunan fikirlər on dəfələrlə universitetdə müzakirə olunurdu. Hərəkatın, müstəqil dövlət quruculuğunun, milli azadlıq hərəkatının, Azərbaycanın ərazi bütövlüyünün qorunmasının bir beyin mərkəzi idik biz. Biz o vaxt çox ağır yükləri üstümüzdən atlatdıq. Bu dövrdəkilər bizim o vaxt çəkdiyimiz əziyyətlərə belə qiymət vermək istəmirlər.
– Bəs necə oldu ki, siz radikal qanada keçdiniz?
O daha çox mənim Etibar Məmmədov və İsgəndər Həmidovla olan şəxsi münasibətlərimlə bağlı idi. Milliyətçilik canımızda, qanımızda idi. Tarix fakültəsini fərqlənmə ilə bitirib milliyətçi olmamaq mümkün deyildi. Bu amillər çox böyük rol oynadı. Həsən Həsənov o vaxtı Nazirlər Kabinetinin sədri idi. Gəldi bizim universitetin akt zalında bir iclas keçirdi. Dedi ki, “ruslar gəlir, kim sabah durub deyə bilər ki, mən gələn qoşunun qabağına çıxmağa hazıram?”. Etibar Məmmədov arxada oturmuşdu, əlini qaldırıb “mən” dedi. Çıxdı tribunaya və dedi ki, mən də sənə ölkənin baş naziri kimi deyirəm, siz gələn qoşunun qabağına çıxıb deyə bilərsinizmi ki, mən bu ölkənin müstəqil baş naziriyəm və gələn qoşunun qarşısını almağa qadirəm. Sizin də cəsarətiniz yoxdur və bunu edə bilməzsiz. Bu ideyalar Azərbaycan cəmiyyətinə universitetdən getdi. Biz Qarabağ adı altında ortaya çıxsaq da Azərbaycanın müstəqillik ideyasını fikir kimi Azərbaycan cəmiyyətinə ötürdük. Bu işdə çox müstəsna rolu oynayanlardan biri Etibar Məmmədov idi. Həmçinin Əli Kərimli, Qənimət Zahid, İsgəndər Həmidov, Əbülfəz Elçibəy, İsa Qəmbər idi. İsa Qəmbərin, Zori Balayana o zaman yazdığı cavab əl-əl gəzirdi və tələbələrin seminarlarında belə ondan istifadə olunurdu. Sabir Rüstəmxanlının müstəsna rolu var idi.

“Rəhim Qaziyev, Araz Əlizadə həbs olunmalı idi”

– Sonra hakimiyyətə gəldiniz. Hakimiyyətə “Cəbhənin” içindəki hansı qanadın təmsilçisi kimi gəldiniz?

– Orda bizdən asılı olmayan, bir komanda bölgüsü var idi. Amma o vaxtı seçilən gənclik çox deyildi. Bunların da hamısı prezident aparatında təmsil olunmuşdu, o cümlədən də mən. Hamımıza aydın idi ki, təşkilat formalaşmışdı. Amma bilirdik ki, belə də qala bilməz. Onun bünövrəsinin dağılmasında çox adamlar maraqlı idi. Ona görə Müsavatın, Milli İstiqlal Partiyasının, Sosial Demokrat Partiyasının yaranma prosesləri gedirdi. Mən heç birini təmsil etmirdim.
Mənim aparatda işləməyimdə İsgəndər bəyin də tələbə dostlarımızın da mühüm rolu var idi.
Biz o vaxt baş verən hadisələri çox düzgün qiymətləndirirdik. Azərbaycanda dövlət çevrilişi olduğu qənaətində idik. Söhbət iyun qiyamından gedir. Həmin günü biz yığışmışdıq Əli Kərimlinin otağında. O vaxt o, dövlət katibi idi. Biz bunun qarşısının alınması üçün bütün mümkün variantlara əl atdıq. Prezidentin əmri ilə İsgəndər bəygilə getmişəm, söhbət etmişəm, dəfələrlə oturub fikir bölüşmüşük. O vaxt dəqiq qərar alınsaydı bunun qarşısını almaq mümkün idi. Amma qərar qəbulunda çox ciddi problemlər yarandı. Hücum edən qüvvənin qiyamçı olması haqqında qərar qəbul edib onları neytrallaşdırmaq və passiv müdafiədən, aktiv müdafiəyə keçmək lazım idi. Əbüləz Elçibəy baş verən hadisəni qlobal bir prosesin tərkib hissəsi kimi görürdü. Rusiyanın bu hadisədə müstəsna rolunu, vətəndaş müharibəsi niyyətini görürdü. Əbülfəz bəyin düşüncəsində İranın bu proseslərdə iştirakı, eyni zamanda Azərbaycanda neft müqaviləsi ilə bağlı maraqları olan beynəlxalq güclərin, Əbülfəz bəyin prinsipial pozisiyası ilə razılaşmayan beynəlxalq güclərin, Azərbaycanda ciddi bir vətəndaş müharibəsinin başlanması haqqında təhdidlərindən çox ciddi narahatçılığı var idi. Düşüncəsi bu idi ki, vətəndaş müharibəsi baş vermədən hakimiyyətdən uzaqlaşmaq lazımdı. Mühüm məsələ hakimiyyət deyil, mühüm məsələ Azərbaycan dövlətini qorumaqdır, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.
O vaxt biz gənclər, universitetin rəhbərliyi ilə Ələtdəki hərbi hissəyə getmişdik ki, görüşək görək bunlar nə fikirdədir? O zaman onlar bizə maraqlı bir şey dedilər ki, sizin gəlişiniz, etdiyiniz söhbətə adekvat deyil. O hərbi hissənin komandanı çox savadlı adam idi. O, dedi ki, siz bura qiyamın qarşısını almaq üçün hərbi güc tətbiqi imkanının olub olmadığını öyrənirsiniz, əgər siz dövləti təmsil edirsinizsə, təxribatçı qüvvələr artıq gəlib mənimlə danışıblar. Onların içərisində bu gün siyasətdə olan adamlar var idi. O deyirdi ki, əgər siz deyirsinizsə ki, hərbi gücdən istifadə olunsun, mənə bir saat kifayətdir ki, əlimdə olan güclə mən onları mühasirəyə alım və hamısını əzim. Bunun üçün mənə aktiv müdafiə əmri bəs edir. Amma bundan əvvəl ölkədə təxribat işi ilə məşğul olan, açıq fəaliyyət göstərən, Rəhim Qaziyev, Araz Əlizadə həbs olunmalı idi.  Onlar, hərbi hissələrə və başqa yerlərə gedirdilər və ölkədəki qarışıqlığın müəllifi idilər. Mənim düşüncəmlə, o vaxtı Qərb bizə kifayət qədər dəstək vermədi. Turqut Özal siyasi səhnədən getmişdi, Türkiyədə siyasi hakimiyyətə gələnlərin baxışları Əbülfəz Elçibəyin türk dünyasında olan nüfuzuna adekvat deyildi. Çox ciddi qısqanclıq var idi. Təsəvvür edin ki, Əbülfəz Elçibəy Türkiyəyə gedirdi, Avropa dövlətlərinin etmədiyi bir pratokolla, müxalifətlə görüşdə iştirak edirdi. Müxalifəti özü ilə aparırdı. Etibar Məmmədov ana müxalifətin lideri kimi, Əbülfəz Elçibəyin yanında idi. Qərbin 100 ilə keçdiyi ənənəni Elçibəy 1 ilə keçmişdi. Elçibəyin qurduğu hakimiyyət Rəsulzadənin qurduğu hakimiyyətin etdikləri qədər mühüm idi. Elçibəy qısa bir zaman içində Azərbaycana çox şey gətirmişdi.
– Bəlkə heç buna ehtiyac yox idi?
– Mən belə hesab edirəm ki, biz o vaxt demokratiya yönündə çox məsafə qət etmişdik. O vaxt həm korrupsiya, həm dövlət idarəsi ilə bağlı çox ciddi islahatlar başlanmışdı. Son zamanlar atəşkəsin imzalanması məsələsi öz həllini tapmışdı. Hətta Zəngəzurun Azərbaycana qaytarılması variantı beynəlxalq səviyyədə müzakirə predmetinə çevrilmişdi. Bu bölgənin inkişafı artıq beynəlxalq münasibətlərin predmeti idi. Mən, “Elçibəyin Azərbaycanda tətbiq etdiyi demokratiya bizim dövlətin yıxılmağında səbəb oldu” amilini əsas götürmürəm. Əksinə onun iştirakı ilə yanaşı, siyasi iradə həyata keçirib çox mühüm addımlar atmaq mümkün idi. Mən o vaxtkı istefaları səhv kimi qiymətləndirirəm. O vaxt siyasi hakimiyyətin taleyini həll etməli olan adamların hamısı istefa verdi. Yeri gəlmişkən onu deyim ki, ən gec istefanı Əli Kərimli verdi. Sona qədər öz postunda qaldı. Biz onunla prezident aparatında işlədik. Prezident aparatı Elçibəyin – prezidentin olmamasına baxmayaraq ölkəyə nəzarəti sona qədər həyata keçirdi. Ən axırda Heydər Əliyev hətta parlamentdə, dövlət katibi kimi Əli Kərimliyə müraciət etdi ki, çox savadlı, bacarıqlı adam olub, gəlib dövlət idarəçiliyində iştirak edə bilər çağırışına məhəl qoymadan istefasını verdi. Yəni bununla onu sübut etmək istədi ki, o, Azərbaycan xalqı qarşısında məsumdur və onun bu vəzifəsi dövlətin vəzifədir. O sonacan bu vəzifəni icra etməlidir.
– Mənim yadıma gəlir ki, Əli Kərimlinin təkliflərindən biri də bu idi ki, prezident Elçibəy idarəetməni Naxçıvandan həyata keçirə bilər. Bununla bağlı müşavirələrdə çox ciddi müzakirələr keçirildi.
– Bəli. Çox ciddi müzakirələr keçirilirdi. Çünki, Heydər Əliyevin hakimiyyəti bütövlükdə ələ keçirməklə bağlı atdığı addımlar hamısı bəlli idi. Ondan qabaq da artıq proseslər bizə bəlli idi. Biz bilirdik ki, bu məsələlərin arxasında nələr var. Bütövlükdə, Azərbaycanda hakimiyyət dəyişikliyini Rusiya həyata keçirirdi. Məndə təəssüf doğuracaq hallardan biri o idi ki, o vaxt Azərbaycanda gücə malik olan batalyonlar var idi və onun biri bəs idi ki, Bakıda nəzarəti ələ keçirsin, siyasi hakimiyyətin dayağına çevrilsin. Sadəcə olaraq nədənsə o qərarların qəbulunda siyasi iradə olmadı və Azərbaycan bu qədər zaman itkisi ilə üz-üzə qaldı. Bu gün təbii ki, biz fərqli Azərbaycanın şahidi olardıq.
“Cəmiyyətin aşağı yuxarı işlərini, qəzet məsələlərini Aqil Abbas həyata keçirirdi”

– Demək Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi və sizdə işdən istefa verdiniz, çıxdınız.

– Bəli. Lalə Şövkət dövlət katibi idi, öz ərizələrimizlə işdən getdik. Ondan sonra mən getdim 1993-cü ilin noyabrında Kələkidə oldum, Əbülfəz bəylə görüşdük, söhbət etdik. Bakıda İsgəndər bəylədə görüşürdük. Tərtərin Kolanı kəndindən Mehdi Mehdiyev var, onunla birgə oturduq. İsgəndər bəy, Mehdi Mehdiyev və biz. “Bozqurd” təşkilatının nizamnaməsinin yaranması məsələsi ortaya gəldi. Bu 26 dekabr 1993-cü ilə təsadüf edir. O zamanlar bu partiya deyildi, “Bozqurd cəmiyyəti” idi. Cəmiyyətin aşağı yuxarı işlərini, qəzet məsələlərini Aqil Abbas həyata keçirirdi. Mən İsgəndər bəylə siyasi vəziyyətin təhlilini, ölkənin gələcəkdə hansı yönə gedəcəyini və o cümlədən siyasi təqiblərin başlanma tendensiyasını nəzərə alıb təklif etdim ki, daha yaxşı olar ki, bunu partiya şəkilinə salaq və partiya kimi fəaliyyətdə olsun. Bu təklif bir gecənin içərisində İsgəndər bəyin evində qəbul olundu. Qərar da elə orda verildi. Mən nizamnamənin yaradılması ilə bağlı məsələlərdə iştirak edirdim, sonra qərar belə oldu ki, elə özündə bu işləri davam etməlisən. Mən də qəbul etdim və razılaşdıq. Sonra partiya xəttini tutduq və Bozqurd Partiyasını yaratdıq. Azərbaycan Bozqurd Partiyası – adı belə idi. Dekabrın 26-da qurultay keçirib təsis etdik, mən birinci müavin və “Bozqurd” qəzetinin baş redaktoru seçildim. Qısa zamanda “Bozqurd” qəzeti ölkənin ən çox satılan qəzetlərindən biri oldu. Ölkənin siyasi fəaliyyətində çox ciddi iştirak edə bildik. Partiya şəkilində 3 ay sonra, mart ayında qeydiyyata alındıq. 1995-ci ilin mart ayının 17-i qəzetin fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən qadağan olundu.
– Niyə qadağan olundu?
– Ədliyyə nazirinin absurd bir qərarı var idi ki, guya bir millətin digər millətdən üstünlüyü, öz millətini daha çox sevməyin təbliği ilə məşğul idik.
– İrqçilik kimi qiymətləndirdilər?
– Yox, irqçilik adı verməmişdilər. Çünki onun əlamətləri yox idi. Biz, sırf qüvvədə olan beynəlxalq dəyərlər çərçivəsində fəaliyyət göstərirdik. Bunu sübut edəcək heç bir amil tapılmamışdı.
“İsgəndər Həmidov çox ciddi informasiyası olan bir adam idi”
– Bozqurd qəzeti o vaxt 70 min tirajla nəşr olunurdu. Bu gündəmi müəyyən edən mətbuat orqanlarından biri idi.
– Bəli. Prezident aparatında ən çox oxunan qəzet idi. Prezident aparatında prezidentə təqdim olunan gündəlik press reliz hazırlayırdılar. O vaxtı mənim əlimə düşmüşdü, 8-9 informasiya bizim qəzetdən götürülürdü. Ümumiyyətlə bir şeyi qeyd edim ki, İsgəndər Həmidov çox ciddi informasiyası olan bir adam idi. İnformasiya vermək istəyən adamlar bizə müraciət edirdi. Həm də şəbəkə var idi, sturukturlaşmış institut idi bizim partiya. Ölkənin 85 rayonunda onun sturukturları fəaliyyət göstərirdi. Elə rayon təşkilatı var idi ki, 2 min üzvü var idi, elə rayon təşkilatı var idi ki, 7 min üzvü var idi.
– Bəs necə oldu ki, bu cür güclü bir təşkilat, mətbuat, İsgəndər Həmidov həbs olunduqdan sonra dağılmağa doğru getdi? Sizə qarşı təqiblər başladı. Bəlkə, o vaxtlar kifayət qədər müdafiə edilmədiniz?
– O vaxtlar bizi hamı müdafiə edirdi. Kimsə fikirləşə bilər ki, bizim sıradan çıxmağımız onların güclənməsinə yol aça bilərdi. Mən deyə bilmərəm ki, belə fikirlər olmayıb. Amma bütövlükdə Azərbaycanda, o vaxt həyata keçirilən proses tək bizə istiqamətlənən proses deyildi. O vaxt mövcud rejimi qurmaq üçün İsgəndər Həmidov, Rövşən Cavadov ciddi maneə idilər. Bunların mövcudluğu ilə digər məsələləri həyata keçirmək mümkün olmurdu. İsgəndər Həmidov var idi, hələ Əbülfəz Elçibəy var idi, hələ Tofiq Qasımov var idi, İsa Qəmbər var idi. Azərbaycanın siyasi səhnəsi zəngin idi. O, cümlədən çox ciddi sturukturlaşmış təşkilatlar var idi. Bunlar mövcud olduğu halda, Heydər Əliyev bəzi məsələləri həyata keçirə bilmirdi. Düşünürdü ki, gələcəkdə bütün prosesləri idarə etmək üçün, möhkəm iqtidar qurmaq üçün bu adamlar maneədir və ona görə də onların götürülməsinə qərar verildi.
“Bizim məqsədimiz təkcə hakimiyyəti dəyişmək deyil”
– Əvvəlki dövr ilə indiki dövr arasında nə müqayisələriniz olur? Basqılar hiss edirsinizmi?
– Şübhəsiz. Biz siyasi prosesin başında olmuşuq. Həbslər keçmişik, əziyyətlər çəkmişik. Amma bu millətə olan sevgimiz azalmayıb və ortada qala bilmişik. İndi bizim qədir-qiymətimizin bilinən bir dövrüdür. Dəyər vermə dövrü indi başlayıb. Mən düşünürəm ki, Azərbaycan çox həssas, siyasi proseslərin dəyişdiyi bir məqama gəlib çatıb. Dəyişiklik onunla xarakterizə olunur ki, region dəyişir, regiondaki proseslərə diqqət dəyişir. Region dəyişdiyi üçün, proses Azərbaycanın sərhədlərinə gəldiyi üçün və bura çox böyük güclərin toqquşma məkanına çevrildiyi üçün, biz çox ayıq, çox düşünülmüş bir siyasətin içində olmağa məhkumuq və bunu doğru qiymətləndirməliyik.
Mən elə düşünürəm ki, Azərbaycanda dəyişiklik baş verib, bu proses artıq başlayıb. Biz partiya olaraq, İctimai Palatada təmsil olunuruq. Mən partiya sədri kimi İctimai Palatanın koordinasiya şurasında təmsil olunuram. Mənim anlamımda İctimai Palatanın koordinasiya şurası və İctimai Palatanın özü Azərbaycanda siyasi proseslərin lokomotividir. Bizim məqsədimiz təkcə hakimiyyəti dəyişmək deyil. Biz ölkəmizi, xalqımızı, özümüzü və bu regionu xilas etməyi qarşımıza məqsəd qoymuşuq. Əgər Azərbaycanda vəziyyət dəyişərsə bütün regionda dəyişəcək. Güney Azərbaycanın taleyi belə burdakı dəyişiklikdən asılıdır. Bir anlıq fikir verin, Cənubi Azərbaycanın azadlığı olmasa da yaxşı yaşayışı var idi. İndi artıq yoxdur. Amerika bu yaxşı yaşayışın da borusunu bağlayıb. Yaxşı yaşayış yoxdursa o yaxşı nümunə axtaracaqdır. Bu nümunə Quzey Azərbaycan ola bilər. Hakimiyyət həm də onun fərqində olmalıdır ki, doğrudan-doğruya bizim missiyamızın içində onların da xilası var. Suriyanın və bu cür ölkələrin vəziyyətinə düşmək Azərbaycan üçün ən arzuolunmaz bir haldır. Bu bizim düşmənlərimizi sevindirəcək bir amil olacaq. Ona görə Azərbaycan çox ciddi şəkildə seçki islahatna getməlidir. Çünki Azərbaycanın əhatəsində çox ciddi inqilabi dəyişikliklər gözlənilir. Hətta ola bilər ki, Yerevanda başlanan bu cərəyan inqlabdır. Hakimiyyət bu hadisələri önləmək üçün müəyyən addımlar atmalıdır. Amma bu addımlar islahat xarakterində olsa daha yaxşı olar. Onda hamımız udarıq.

“Tufan Kərimli qazandığımız, siyasi kapitalı xərcləməklə məşğuldur”

– Son iki sualımı verirəm sizə. Birinci sualım budur ki, digər Milli Demokrat Partiyasından sizinlə birləşmək barəsində təklif gəlib? Gənclərin son dönəmlər millətçiliyə marağı artıb, partiya bütün gəncləri cəmləşdirmək üçün hansı fəaliyyətlə məşğuldur və bunda nə qədər başarılıdır?

Milli Demokrat Partiyası adlanan təşkilatda ümumən götürsək heç kəs yoxdur. Orda bozqurdçu adı altında kimsə yoxdur. Orda qıraqda olan kəsim var, heç bir partiyada təmsil olunmayan bozqurdlar var, milliyətçilər var, müharibəni keçmiş insanlar var. Bu gün o insanların əksəriyyəti İsgəndər bəylə əlaqədədir, təmasdadır. Bizim yubileyimizdə də onlar iştirak etdilər. Milli Demokrat partiyası ki, Tufan Kərimli rəhbərlik edir, bu partiya İsgəndər Həmidovun, Qələndər Muxtarlının, Əligül Məmmədovun və digər bizim siyasi məhbusların siyasi kapitalını xərcləməklə məşğuldular. Ondan istifadə edib pul almaqla məşğuldurlar. Onlara pul verən də bəllidir, aldıqları pulda bəllidir. Onlar hökumət tərəfindən sifarişli piketlər keçirən bir dəstədir. Onların heç zaman bozqurda aidiyyatı olmayıb. Bu gün burda, sabah başqa təşkilatın tədbirində iştirak edən qurumdur. Amma döyüş yolu keçən bozqurdçular yetəri qədərdir. Bu qüvvə daha çox İsgəndər Həmidovla təmasdadır. Bizim belə gənclərimiz də var. Son tədbirimizdə, yubileyimizdə də bu göründü. Rayonlarımızda da, digər ərazilərimizdə də, Bakının özündə də təşkilatlanma prosesini həyata keçiririk. Azərbaycanda milliyətçilik dalğasının yeni dönəmi başlayıb. Bu milliyətçilik həm də millət olaraq problemlərimizin çox olmasından qaynaqlanır. Təbii ki, bu istiqamətdə də bizim fəaliyyətimiz var. Bizim əsas məqsədimiz, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, demokratik, güclü Azərbaycan dövlətini qorumaq, yaşatmaq, inkişaf etdirməkdir.

“Sən də Heydər Əliyev olma iddiasındasan ki, sənə də gücüm çatmaya?”

– Bizim bu lahiyəmizin bir prinsipi var ki, hər partiya rəhbəri ilə danışanda, sonda partiya rəhbərindən bir xatirəsini bölüşməsini istəyirik. Yadınızda olan hansısa bir xatirənizi bizimlə bölüşməyinizi istəyirik. Azərbaycan gəncliyinin bilməsi vacib olan bir xatirənizi.
– Çoxdur. Mən düşünmürdüm ki, belə bir sualla qarşılaşaram. İndi türmə biraz moda minib, mən də türmədən bir hadisə danışım. Bir dəfə məni cəza evinə apardılar. Bayıla, 58-ci Kamerada biri var idi, kameraya nəzarət edirdi. Mən bunun prinsiplərinə dözmədim. Bir gündən sonra buna etiraz etdim və bunu çox pis “laxlatdım”. Bir gün mənə bəs etdiki kamerada olanlarla danışıqlar aparıb onun ədalətsiz sistemini ləğv edək. İkinci günü bunu dəyişdik və qıraqdan dayanıb mənə pis-pis baxırdı. Hər gün də bizə qəzet verirdilər. Bir gün yatanda bu qəzetlərdən birində, mənim haqqımda yazı oxuyar ki, mən Azərbaycanda hakimiyyət dəyişikliyini tələb edənlərdən biri olmuşam. Bu çıxandan sonra qayıtdı ki, olar sənə bir sual verim. Dedim niyə vermirsənki ver. Dedi çöldə Heydər Əliyevə gücün çatmadı gəldin burda məni yıxdın? Bu maraqlı bir şey idi. Dedim sən də Heydər Əliyev olma iddiasındasan ki, sənə də gücüm çatmaya?
yazı etatist