Ermənistanın işğal etdiyi Azərbaycan kəndləri azad edilməlidir
Azərbaycan və Ermənistanda yaradılmış dövlət sərhədinin delimitasiyası komissiyalarının bu günə kimi artıq 7 iclası keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən AZƏRTAC -a bildirmişlər ki, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri olan normativ-hüquqi bazanın yaradılması istiqamətində işlər davam etdirilir.
Son vaxtlar Ermənistan mətbuatında hökumət mənbələrindən Ermənistanın 31 kəndinə məxsus torpaqların guya Azərbaycanın “işğalında” olması ilə bağlı yalan məlumatlar fəal şəkildə yayılır. Qeyd olunur ki, Azərbaycan Respublikası bunu tanımadan işğal altında olan 4 kəndinin azad edilməsini tələb edir.
Bununla bağlı Azərbaycan tərəfi qeyd etməyi zəruri sayır ki, dövlət sərhədinin delimitasiyası aparılmamışdan əvvəl Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal altında” olduğunu bəyan etmək tamamilə əsassızdır.
Ermənistan tərəfindən işğal olunmuş 4 qeyri-eksklav Azərbaycan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılqacılı) gəlincə, onların Azərbaycana mənsubluğu danılmazdır və dərhal azad edilməlidir.
Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 4 anklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.