İlham İsmayıl: «Yeni ifşaedici materiallar üzə çıxacaq»
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova və bir neçə şəxsin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Həmin şəxslərin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.
Bundan başqa, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və bir neçə şəxsin cinayət işi ayrıca icraata verilib. Hazırda onların istintaqı davam etdirilir.
Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
N.Mürvətova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Bəs, bu dəfəki məhkəmə prosesindən nə gözləmək olar? Əvvəlki prosesdə Eldar Mahmudovun, Mövlən Şıxəliyevin adı hallansa da onların məhkəmədə ifadələri səslənmədi? Budəfəki prosesdən nə gözləmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, maraqlı açıqlamalar hələ bundan sonra müşahidə olunacaq: «İfşaedici açıqlamalar gözlənilir. Çünki hazırda həbsdə olan MTN-çilərə deyirlər ki, hər şey yaxşı olacaq heç nə açıqlamayın, amma onlar buna inanmır. Onlar bilirlər ki, bu vədlər yalandır. Ona görə həbsdə olanlar sifarişçinin onlar olmadığını və icraçı olduqlarını bəyan edəcəklər. Təbii ki, bu onları məsuliyyətdən azad etmir. Axı proses bir nəfərdə dayanmır. Hətta baş verən qanun pozuntuları Eldar Mahmudovda da dayanmır və daha da yuxarı gedir, davam edir. Əvvəllər belə olurdu ki, bir illik həbsə girirdilər və bir müddət sonra böyük məbləğlə azadlığa çıxırdılar. Hətta onları vəzifəyə də qoyurdular. Amma hazırda vəziyyət fərqlidir. Ona görə yeni ifşaedici materiallar üzə çıxacaq».