Jurnalistlərə göstərilən qayğının, səxavətin səbəbi nədir???

24/07/17 4:11

Azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

Jurnalistlərin bir qrupuna büdcə vəsaitləri hesabına mənzil hədiyyə edilməsi sosial şəbəkələrdə maraqlı müzakirələr yaradıb. Təriflərin, təşəkkürlərin, tənqidlərin bir-birinə qarışdığı ortamda məsələyə fərqli aspektdən münasibət bildirmək birmənalı qarşılanmasa da, onu yazmağın zəruri olduğu qənaətindəyəm.

 

Öncə qeyd edim ki, ayrı-ayrı peşə sahiblərinin dövlət büdcəsi hesabına mükafatlandırılması ənənəsi sovet idarəetməsindən qalma təfəkkürün davam etdiyini göstərir. Bu yanaşma cəmiyyətdə qismən mövcud olan azad düşüncə müstəvisinin önünə yeni sədd çəkmə cəhdidir. Necəki illər öncə müxtəlif təqiblərlə, döyməklə, yüksək cərimələrlə, həbslərlə ifadə və söz azadlığının önünə sədd çəkilmişdi, indi eyni siyasət daha fərqli və effektli üsulla həyata keçirilir. Bütün basqılara baxmayaraq azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

 

Əgər indiyə kimi özünəsenzura qorxudan tətbiq edilirdisə, indi həm də şəxsi maraqların təminatı əksər jurnalistləri buna könüllü təşviq edəcək. Qorxudan yaranan özünəsenzura açıq və gizli nifrət doğururdusa, maraqların təminatından doğan könüllü özünəsenzura nifrət yaratmayacaq və bəzi hallarda hətta rəğbət də oyadacaq. İstər-istəməz az da olsa ədalət görüntüsü yaradıcı insanların düşüncəsinə və davranışına müəyyən təsir göstərəcək və hakimiyyətə yönəlik tənqidlərini də bir az zəiflədəcək.

 

Ölkədə real durum elədir ki istənilən peşə sahibləri halal əməkhaqqı ilə özlərinə mənzil, maşın, bağ almaq üçün 100-200 il yaşayıb, işləməlidir. Bir insanın dövlət büdcəsindən və çalışdığı digər işlərdən aldığı rəsmi əməkhaqqı ilə mənzil sahibi olması faktiki olaraq mümkünsüzdür. Yaş artdıqca insanlar məişət problemlərin altında daha çox əzilir və tədricən bu problemləri həll etmək üçün ümümi axara qoşulmağa məcbur olurlar. Belə yanaşma bütün sahələrdə çalışan insanlara aiddir və kimsəni bu davranışlarına görə qınamaq da olmur. Son illər əksəriyyət insanlarda belə düşüncə möhkəmlənib ki, onsuz da dövlət büdcəsi necə gəldi talanır və onu durdurmaq hələlik mümkün deyil. Bu şəraitdə açıq cinayətə bulaşmadan böyük talandan kiçik pay almaq yarışında iştirak etməkdə hər hansı qəbahət görmürlər.

 

Bütün sahələrdə olduğu kimi, mənzil hədiyyə edilməsi prosesində də korrupsiya hallarının baş verdiyini iddia edənlər az deyil. Bu iddiaları təsdiq və ya təkzib edəcək faktlara sahib olmasam da, idarəetmənin xarakterini bildiyim üçün belə halların mümkünlüyünə şübhə edə bilmirəm. Bütün neqativlərə baxmayaraq mənzil alan jurnalistlər arasında şəxsən tanıdığım və qələminə hörmət etdiyim insanlar da var. Onların hər biri ən yaxşı mənzillərdə yaşamağa layiq insanlardır. Hər birini təbrik edir və bu mənzillərdə sağlıqla yaşamaq arzulayıram. İdarəetmənin yaratdığı ağrılı problemlərin həllində heç bir vətəndaşımıza yardım edə bilmədiyimə görə, onları tənqid etməyə də özümü mənəvi cəhətdən haqlı saymıram. Özünün belə haqqa sahib olduğunu düşünən insanlar varsa, onları da alqışlayır və hörmət edirəm.

 

Ölkəmizdə demokratiyadan əsər-əlamət olmaması, ifadə, söz, vicdan və siyasi azadlıqlardan istifadə etməyə cəhd etdiklərinə görə yüzlərlə insanın həbs edilməsi, təqibə məruz qalması, işdən çıxarılması və ya mühacirət etməsi heç kimə sirr deyil. Hakimiyyətin cəmiyyətlə istədiyi kimi əzici davrandığı belə bir şəraitdə onun jurnalistlərə göstərdiyi bu qayğının, səxavətin səbəbləri hər halda düşündürücüdür.

 

Ölkədə sosial böhran davam edir, yoxsulluq artır, hüquqsuzluq və məmur özbaşınalığı insanlarda qəzəb, çarəsizlik, nifrət doğurmaqdadır. Ölkədə bütün ənənəvi münasibətlər sistemi tənəzzülə uğrayır. Maliyyə, iqtisadi, sosial, siyasi sahələrdə geriləmə sürətlə gedir. İdarəetmə sərtləşdikcə cəmiyyətdə gərginlik də yüksəlir. Beynəlxalq platformalarda da hakimiyyətin ənənəvi geniş imkanları əldən çıxır. Beynəlxalq siyasətin yeni doktrinasına uyğunlaşmadan hakimiyyətdə təhlükəsiz davam etmək də xeyli çətinləşib.

 

Ölkə daxilində iqtidar sürətlə nüfuz itirir. Səsli-küylü məhkəmələrdə açıqlanan korrupsiya faktlarından tutmuş, illərlə davam edən açıq qanunsuzluq mühitinə görə iqtidarın ictimai-siyasi dayaqları xeyli zəifləyib. Sadə vətəndaşlardan tutmuş, büdcə təşkilatlarında çalışanlaradək hər kəs anlayır ki belə davam etmək limiti bitib. İctimai rəyə təsir göstərən sosial qruplar üzərində zorakı metodlar artdıqca savadlı insanların, fəal gənclərin müxalifətə rəğbəti və meyli də artır. Sosial şəbəkələr üzərindən apardığımız səthi monitorinqlər göstərir ki, hakimiyyətin basqısına məruz qalan fərdlər və təşkilatlar daha çox izləyici qazanır. Hətta bəzən bu fərq 50-60 min civarında dəyişir. 2-3 min izləyicisi olan şəxslərə basqı edildiyi andan izləyici fərqi 15-20 dəfə artır.

 

Hakimiyyət özünü əmin göstərsə də, əhalinin real durumunu və özü barədə formalaşmış rəyi dəqiq bilir. Mövcud rəyin onlara yaxşı gələcək vəd etmədiyini də anlayırlar. İctimai rəy yaradılmasında rolu olan cəsarətli və prinsipial insanları hər dəfə repressiv üsullarla susdurmaq iqtidarı gücləndirmir, əksinə daha çox zərər vurur. Odur ki, hakimiyyət müstəqil media və jurnalistlərlə öz arasında təminatlı bufer yaratmağa çalışır. Jurnalistlərin qarşı-qarşıya qoyulması ilə həm özünü birbaşa hədəf olmaqdan yayındırır, həm də cəmiyyətin diqqətini fərqli istiqamətə yönləndirə bilir. Bu metod müxalifətin və QHT-lərin üzərində də uğurla sınaqdan keçirilib. Kütlə onsuz da “mən kiməm ki?”, “mənlik nə var ki?” düşüncəsindədir və onun sükunət halını yalnız fəal insanlar dəyişə bilər. Hakimiyyət təkcə repressiyalarla deyil, indi həm də “kökə siyasəti” ilə cəmiyyətin fəal kəsimini neytrallaşdırmaqla kütləni zərərsizləşdirir.

 

Bu siyasətin nəticəsi nə ola bilər? Yaxın perspektivdə hakimiyyət bu siyasətdən qazancla çıxa bilər. Yeni mediada çalışan çoxsaylı gənc jurnalistlər yəqin ki ölkə rəhbərliyi ilə bağlı tənqidlərdə özünəsenzura tətbiq edəcək. Böyük dəyişikliyə inam yaradan siyasi situasiya olmadıqca, gənclərin əksəriyyəti “böyük talandan kiçik pay” fürsətindən yararlanmağa meyllənəcək. Kimisi hədiyyə aldığı üçün, kimisi də gələcəkdə mükafatlanacağına ümid bəslədiyi üçün ehtiyyatlı davranacaq.

 

Məsələnin müsbət tərəfi budur ki jurnalistkaya müxtəlif istiqamətlərdən böyük axın başlayacaq. Bu isə özlüyündə yeni nəfəs, yeni müzakirə mühiti yaradacaq. Ölkə ictimai-siyasi həyatı ilə bağlı fəallıq artacaq. Habelə, digər peşə sahələrində də bir rəqabət, fəallıq müşahidə ediləcək. Hər kəs “böyük talandan kiçik pay” qoparmaq uğrunda yeni yollar axtaracaq. İstər-istəməz bəzi peşə sahiblərində jurnalistlərin pulsuz mənzil alması qıcıq yaradacaq və onların da hökumətdən umacağı artacaq.

 

Son olaraq, ölkənin ictimai-siyasi həyatı ilə bağlı müşahidələr, monitorinqlər aparan bir şəxs kimi qeyd etməliyəm ki, ictimai rəyi artıq sosial şəbəkələr istiqamətləndirir. İndi hökumət mükafatlandırdığı jurnalistlərin vasitəsilə elə də böyük nəticəyə nail ola bilməyəcək. Sosial böhran daha da şiddətləndikcə, işsizlər ordusu, yoxsulluq, xəstəlik, intiharlar artdıqca narazılıq da çoxalacaq. İnsanlar həqiqəti ifadə edə bilən ünvanlara üz tutacaq və doğru söz söyləyən şəxslərə etimad yüksələcək. Dəyişiklik istəyən qüvvələr sosial şəbəkələrdən yararlanaraq samballı fəliyyətlər ortaya qoya bilərlər. Əgər iqtidar internet üzərində daha sərt qadağalara cəhd edəcəksə, bu, cəmiyyətin daha da qaranlığa sürüklənməsi olar. Ancaq əminliklə bildirirəm ki “qaranlıq tunel” bitmək üzrədir və cəmiyyət tezliklə aydınlığa qovuşacaq.

Nəsimi Məmmədli