Kəlbəcərdə yaylaq mövsümü başa çatır, qoyunçuluq təsərrüfatları qışlaqlara qayıdır FOTO

10/09/21 10:19

Kəlbəcər yaylaqlarında yaylaq mövsümü başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyinin iyun ayında həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatları artıq qışlaqlara qayıtmağa hazırlaşır.

Kəlbəcər yaylaqlarının zəngin bitki örtüyü heyvandarlıqla məşğul olan kəlbəcərli fermerlərin üzünü güldürüb. Fermerlər 3 ay ərzində heyvanlarda heç bir xəstəlik müşahidə olunmadığını, ətlik sort qoyunların çəkisinin iki dəfə artdığını qeyd edirlər.

Fermer Nurəhməd Məmmədovla söhbət edirik. Deyir ki, Kəlbəcər torpaqları qiymətli torpaqlardır. “Bu il təsərrüfatımızı Kəlbəcər yaylaqlarına gətirdik. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları daim bizi diqqətdə saxlayıblar. 1200 baş xırdabuynuzlu heyvan gətirmişik. Üç aydan çoxdur ki heyvanlarımız burada qalır. Yaylaq mövsümü 5-10 günə bitir və biz də təsərrüfatımızı Aran bölgəsinə aparacağıq”, – deyə o bildirib.