Məkrli düşmənin qurduğu «tələyə» düşməyək!

27/09/21 3:26

Ermənistan və onun informasiya əlaltısı olan Rusiya vəchlə iki dost ölkə arasında yaranmış inciklikdən yararlanmaq üçün İran və Azərbaycan adından yaratdıqları saxta sosial şəbəkə siqmentlərini, informasiya resurslarını işə salıb.

Maraqlı burasıdır ki, bu dəfə də Rusiya informasiya məkanı erməni informasiya məkanının əlavəsi kimi «bir dəfəlik istifadə» əşyası kimi istifadə edildi. Satın alınmış rus kütləvi informasiya vasitələri çox asanlıqla ermənilər uydurduğu yalanları yayınlayaraq onu bəziləri üçün inanılan hala gətirirlər. Artıq çoxları rusların da yaydığı informasiyalara inanmırlar.

Öncə bilmək lazımdır ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə yüksək səviyyədə bildirilib, bu, planlı təlim olub:

“Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

Yəni İranın rəsmi mövqeyi budur. Amili tip mollalara siyasi deyil, elə kənd mollası səviyyəsində cavab verilməsi yetərli idi. Verilən cavablarda isə söylənən fikirlərtam əsaslı olmalıdır.

İranla Azərbaycan arasında yaranmış anlaşılmazlıq barədə bir-biriylə yarışan erməni mənbələrini bir kənara qoyub Rusiya portallarının da bu uydurma xəbərlərə yer verdiklərinə diqqət yetirək.

Ermənilər informasiya savaşında ənənəvi bir üsuldan istifadə edirlər. Hazırladıqları feyk xəbərləri ermənilər tərəfindən satın alınan Rusiya portal və KİV-lərinə ötürüb yayınıa nail olurlar. Satılmış rus mətbuatı, məhz bu cür yanaşma sayəsində Rusiyadan yayılan informasiyalar Afrikanın geri qalmış ölkələrinin məlumatları kimi etibarsız hesab edilir və ciddiyə alınmır. Elə İran da,məhz bu üslubu anında tutdu və gərəkli açıqlamalar verdi.

Rusiyanın Avia.Pro portalı xəbər verir ki, İran çox yaxın gələcəkdə ölkənin keçmiş hərbi lideri Qasem Süleymaninin xatirəsinin təhqir olunması səbəbindən Azərbaycanla hərbi münaqişəyə girə bilər.

Miran Press -in İran nəşrinə istinadən yayılan xəbərlərə görə, Qasem Süleymaninin LGBT camaatının bayrağı ilə birlikdə şəbəkədə yayımlanan təhqiramiz şəkilləri ilə bağlı qalmaqaldan sonra Tehran artıq «saxta Azərbaycan respublikası»nın sərhədinə hərbi texnika yerləşdirir. Şəkillərə əlavə olaraq şəbəkədə naməlum şəxslərin İran komandirinin portretlərini necə yandırdıqları ilə bağlı bir video ortaya çıxıb.

Mütəxəssislərin fikrincə, əgər Bakı başqa bir regional silahlı toqquşmaya qoşulmaq istəmirsə, İran Silahlı Qüvvələri artıq Azərbaycanla sərhədə bir neçə yüz tank yerləşdirdiyi üçün ölkə səlahiyyətlilərinin ən qısa zamanda cinayətkarları tapıb cəzalandırması lazımdır. Bu, yaxın saatlarda hərbi əməliyyatların başlanmasının mümkünlüyünü göstərir. Nəşr olunan materialda əvvəllər demək olar ki, ölkələr arasında qarşıdurmaya səbəb olan hadisələrdən bəhs olunur: Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçiləri bir neçə dəfə İran ərazisinə mərmi ilə zərbə endiriblər ki, bu da az qala qalmaqala səbəb olub.

Bu portal hərb yönlü portal sayılır və 44 günlük Vətən müharibəsi günlərində də erməni yalanlarına geniş meydan versə də sonda öz yanlışını anlayıb yazmışdı ki, ermənilər Azərbaycana məxsus helikopterlərin vurulduğunu yazsa da bir ədədinin də qalıqlarını əks etdirən foto təqdim etməyiblər. Buna baxmayaraq, portal yenə erməni dezinformasiyasını yaymaqla məşğuldur və üstəlik ermənilər tərəfindən İran adından yaradılmış, saxta bir Miran Press-ə istinadən verdiyi yalan məlumatla qarşıdurmanı dərinləşdirməyə çalışdıqları aydındır. Ona görə də Azərbaycan jurnalistləri diqqətli olmalıdırlar.

Ermənistan və Rusiyanın Azərbaycan əleyhinə əməkdalığı yalnız ticarətlə, silah ötürməklə məhdudlaşmır, hətta feyk xəbərlər əsasında media məkanında dövlətimizə qarşı qarayaxma kampaniyasına qədər şaxələnir.

Belə ki, güya İranın “Sepah”a məxsus Telegram kanalı (sepah_cyberi_iran) sentyabrın 22-də Azərbaycan ordusunun İrana məxsus helikopterə atəş açması barədə xəbər paylaşmasının ardınca, erməni Telegram kanalları da bu feyk xəbəri paylaşıblar.

“MiranPress”in verdiyi xəbərə görə isə, İranlı pilot idarə etdiyi helikopteri atəş zərbəsindən yayındırmağa nail olub. Üstəlik, Azərbaycan ordusu “Bakı ordusu” kimi təqdim olunur.

Yayınladığı feyk xəbərlərdə «Bakı ordusu», «saxta Azərbaycan respublikası» kimi ifadələrin işlədilməsi erməni feyklərinə məxsus ifadələr olduğunu unutmaq olmaz. Ümumiyyətlə, hələ 44 günlük Vətən müharibəsi zamanı xəbər vermişdik ki, İranın «MiranPress» adlı portalı mövcud deyil. Bu ermənilərin növbəti bir saxta portalıdır və onu «İran mediası» kimi qələmə verirlər. Bu portal Ermənistanda yaradılmış bir Telegram kanalıdır. Hadisəyə İran reaksiya verən kimi bu qondarma portal verdiyi feyk xəbəri təkzib etsə də portaldan silməyib.

Portalın yaradıcısı və müəllifi Tatul Qeqamyan adlı bir ermənidir. Miran Press kanalı sentyabrın 28-də, İkinci Qarabağ Müharibəsi başlayan günün ertəsi yaradılmışdı.

Xatırlayırsınızsa, ölkə rəhbərinin bölgəyə səfəri zamanı Xudafərindəki «snayper nişangahı» feykinin müəllifi də erməniərin fars dilində kontent paylaşaraq feyk məlumat yaydığı kanaldır. O vaxtlar Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Füzuli rayolarına səfəri ilə əlaqədar fotoşəkillər yayılmışdı. Şəkillərdən birində İlham Əliyevlə Mehriban Əliyevanın uzaqdan olan görüntüsü guya snayper obyektivindən çəkilmiş kimi təqdim edilmişdi. Bu cür dezinformasiyanı yaymaqla da Azərbaycan — İran arasında narazılıq yaratmağa çalışmışdılar.

Kanalı işlədən Tatul Varazadoviç Qeqamyanın İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin 4-cü kurs tələbəsi olduğu barədə elə o vaxt ilk dəfə jurnalist Elçin Alıoğlu məlumat vermişdi.

Bu gün yerli-yersiz, bəzən də utancverici bir dayazlıqla Amilli adlı saqqal topasına cavablarda diqqətli olmaq vacibdir. 80 milyonluq ölkədə 50 milyonluq Türk qardaşlarımızın yaşaması bizim ən böyük avantajımızdır. Kimlərinsə istəyib istəməməsindən asılı olmayaraq, biz qardaş, ən azı dost olmağa məhkumuq!

Bunu Azərbaycan da, İran da bilməlidir. Molla cübbəsinə girib şeytana papış tikməklə XXI əsri yola vermək olmaz…

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri