Azərbaycan hökuməti 2017-ci ilin sonunadək orta aylıq əməkhaqqının ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 508 manat təşkil edəcəyini gözləyir.
Bunu 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov vurğulayıb ki, 2017-ci ilin sonuna kimi əmək qabiliyyətli əhalinin sayı 6,2 milyon nəfər, o cümlədən iqtisadi fəal əhalinin sayı 4,74 milyon nəfər olacaq.
“Hazırda ölkədə sosial-müdafiə sistemi vasitəsi ilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanların Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsi ilə aldıqları vəsaitin həcmi hər ay təqribən 316 milyon manat təşkil edir”.
S.Müslümov bildirib ki, sosial-müdafiə sisteminin avtomatlaşdırılması, əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sisteminin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynayıb. Bu, vəsaitlərin istifadəsində səmərəliliyin artırılması vəzifəsinin yerinə yetirilməsinə imkan verib.
“Belə bir şəraitdə Dövlət Sosial Müdafiə Fondunun 2015-ci və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrasının nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri, sığorta pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinad olunaraq tərtib edilib”.
Nazir vurğulayıb ki, 2016-cı ilin 10 ayı ərzində Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 mln manat artaraq 2 mlrd. 631 mln. manata çatıb:
“Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% və ya 81 milyon manat artaraq 1 milyard 534 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2%-ni və ya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% və ya 42,3 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 98,2%-ni təşkil edən pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşməsinə imkan verib”.
Nazir onu da qeyd edib ki, 2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir.