Milli Demokratlar Partiyasının Təsis Toplantısı haqqında Məlumat
Tarix və Yer: 28 sentyabr 2025-ci il, Bakı şəhəri
Toplantıya sədrlik edən: İlyas Abdullayev
Katib: Cəfər Məmmədov
Gündəlikdə aşağıdakı məsələlər müzakirəyə çıxarılaraq təsdiq olunub:
1. Dünyada, regionda və ölkəmizdə baş verən ictimai-siyasi proseslər.
2. Milli Demokratlar Partiyasının təsis edilməsi.
3. Partiyanın Nizamnamə və Məramnaməsinin müzakirəsi və qəbulu.
4. Partiyanın səlahiyyətli nümayəndəsinin təsdiqi.
5. Cari məsələlər.
Məruzələr və Müzakirələr ətrafında
İlyas Abdullayev, Əli Mustafa və Qələndər Muxtarlı dünyada və regionda baş verən ictimai-siyasi hadisələr barədə geniş çıxış ediblər. Onların məruzələrində ölkəmizin qarşısında duran çağırışlar, demokratik təşkilatlanmanın zəruriliyi və yeni partiyanın yaranma ehtiyacı əsaslandırılıb.
Qələndər Muxtarlı Milli Demokratlar Partiyasının Nizamnamə və Məramnaməsi barədə ətraflı məlumat verib. Sənədlərdə partiyanın ideya-siyasi prinsipləri, məqsəd və vəzifələri, təşkilati quruluşu, üzvlük qaydaları və fəaliyyət istiqamətləri açıqlanıb.
Müzakirələrdən sonra səsvermə keçirilib və yekdil qərarla Nizamnamə və Məramnamə qəbul olunub.
Qərarlar
1. Milli Demokratlar Partiyası təsis edildi.
2. Partiyanın Nizamnamə və Məramnaməsi qəbul olundu.
3. Partiyanın səlahiyyətli nümayəndəsi Əli Mustafayev təsdiq edildi.
4. Təsisçilərin cari fəaliyyətini əlaqələndirmək üçün Təşkilat Komitəsi yaradıldı.
Təşkilat Komitəsinin vəzifələri müəyyən edilib. Belə ki, dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin hazırlanması və Ədliyyə Nazirliyinə təqdim edilməsi əsas vəzifə olaraq qəbul edilib.