Milli Hərəkatçılar Birliyinin Bildirisi

05/12/21 10:13

Ölkəmizdə iqtisadi, siyasi və sosial məsələlərlə ilgili xalq ilə iqtidar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq sahəsində uzun illərdir problem yaşanır. Daha doğrusu, bu sahədə heç bir irəliləmə yoxdur. Xalqın rifahı və dövlətin varlığı bu əməkdaşlığın çox sürətlə başlamasını və inkişaf etdirilməsini tələb edir. Bu lazımdır, çünki dövlətin vətəndaşın dəstəyinə ehtiyacı var. Bu lazımdır, çünkü vətəndaşın güclü dövlətə ehtiyacı var. Bu lazımdır, çünkü millət olaraq gələcəyimizin təminatı yalnız və yalnız vətəndaş-dövlət birliyindədir.
Dövlətimiz vətəndaşına, vətəndaşımız da dövlətinə güvənməlidir. Vətəndaş iqtidar zorakılığına, məmur özbaşınalığına qarşı özünü sahibsiz hiss etməməlidir.
Bu günlərdə yaşadığımız bir çox hadisə dövlətimizin və millətimizin çox ciddi sınaqlar qarşında olduğunu göstərir. Belə bir zamanda vətəndaş da dövlət də hər zamankından daha həssas və diqqətli olmalıdır.
Təəssüf ki, uzun zamandan bəri olduğu kimi, son günlərdə yaşanan bəzi hadisələr də bunun tam əksini göstərdi. Belə ki, 01 dekabr 2021-ci il tarixində bir qrup insan hazırda ölüm aclığına davam edən siyasi dustaq Saleh Rüstəmliyə azadlıq tələbi ilə mitinq keçiirməyə cəhd göstəriblər. Vətəndaşlar bu aksiyanı Azərbaycan Respublikası Konstutisiyasının verdiyi hüquqa uyğun olaraq gerçəkləşdirmək istəyiblər.
Aksiya iştirakçılarının tələbi hazırda ölüm aclığını davam etdirən Gədəbəy rayonunun keçmiş icra başçısı, Başkənd ərazisinin ermənilərdən azad edilməsində müstəsna rolu olan qazi Saleh Rüstəmlinin qeyd-şərtsiz azad edilməsi olub. Lakin polis əməkdaşları aksiyanı xüsusi amansızlıqla dağıdaraq, iştirakçıları amansız zor tətbiq etməklə yaxınlıqdakı polis bölməsinə götürmüşlər. Daha sonra aksiya iştirakçılarından bir neçəsinə ağır bədən xəsarəti yetirildiyi bəlli olmuşdur. Xüsusilə, siyasi fəal, qazi Tofiq Yaqubluya qarşı insanlığa yaraşmayan şəkildə verilmiş işkəncə, polisin qəddarlığı, qanun tanımazlığı, ölkə konstitusiyasına və qanunlara qarşı belə bir sayğısızlıq Milli Hərəkatçılar Birliyi üzvlərini üzdü.
Özəlliklə, insanları qorumaqdan sorumlu olan polis əməkdaşlarının belə hərəkətləri vətəndaşların polisə və dövlətə olan inamına ciddi zərbə vurur. Bu isə Vətən Müharibəsində bir yumruq kimi birləşmiş millətimizin haqlı narazılığına və etirazına səbəb verir.
MHB olaraq bu əməlin xüsusi məqsədlə törədilərək, ölkədə çaxnaşma yaratmaq istəyən yad güclərin təsiri altında olanların işi olduğunu düşünürük. Xüsusən ölkə prezidentinin düşmən ölkənin rəhbəri ilə Brüsseldə görüşü ərəfəsində bunun başqa adı yoxdur.

MHB yuxarıda deyilənləri nəzərə alaraq bildirir:
1. Milli Hərəkatçılar Birliyi olaraq düşünürük ki, Saleh Rüstəmlinin xalqımız, dövlətimiz və vətən qarşısında xidmətlərini, övladının və özünün sağlıq durumunu nəzərə alaraq həbsdən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahədəki səlahiyyətindən istifadə etməlidir.
2. Azərbaycan Daxili İşlər Nazirliyi bu olayla bağlı Azərbaycan xalqından rəsmən üzr istəməlidir.
3. İnsanlara siyasi mənsubiyyətlərinə görə fərqli münasibət bildirilməsinə son qoyulmalıdır.
4. Aksiya iştirakçılarına qarşı bu insanlıqdan kənar işkəncəni törətmiş şəxs və ya şəxslər təcili müəyyənləşdirilərək, Qanuna uyğun olaraq cəzalandırılmalıdır.
5. Azərbaycan xalqını, siyasi müxalifəti, aydınları, ictimai təşkilatları ayıq və təmkinli olmağa çağırırıq.
6. Azərbaycan siyasi müxalifətinin, aydınların, ictimai təşkilatların bu kimi prosesləri xüsusi nəzarətdə saxlamaq üçün koordinasiya mərkəzi yaratmalarını təklif edirik.

Ümüd edirik ki, bu bildirimizə biganə qalınmayacaq, milli barış üçün lazımlı addımlar atılacaqdır.
Dəyərli yurddaşlarımız! Ölkəmizin ətrafında önəmli geosiyasi sarsıntılar yaşandığını, düşmənlərin məkrli niyyətlərini unutmadan milli birliyimizi göstərməliyik.

Sayğılarımızla,
Milli Hərəkatçılar Birliyi (MHB)
03 dekabr 2021-ci il