Azərbaycanda bu həftədən Milli Məclisə seçkilərdə namizədlərin qeydə alınması üçün sənədlərin qəbuluna başlanılacaq
Bu həftədən Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınması üçün sənədlərin qəbuluna başlanacaq.
Bu, “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Sənəddə qeyd olunur ki, proses iyulun 13-də başlayacaq və avqustun 2-si saat 18:00-dək davam edəcək.
Xatırladaq ki, prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və ölkə parlamentinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, altıncı çağırış Milli Məclis buraxılıb, növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib.