MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA

15/01/21 3:44
Müstəqil Ağayev

AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Qabaqcıl Maarif Xadimi

Məlumdur ki, mövhumat, cəhalət, xurafat , nadanlıq, bir sözlə, hər cür gerilik, çatışmazlıq din ilə əlaqələndirilir, din bütün bunların əsas səbəbi kimi qələmə verilir. Bolşeviklər hakimiyyəti zəbt edənə qədər Azərbaycanda İslam dini insanların ( müsəlmanların) şüuruna hakim kəsilmişdi. Məscidlər, mollaxanalar, mədrəsələr İslam dinini, şəriət qanunlarını yayan, təbliğ edən əsas mərkəzlər sayılırdı. Dini mərasim və ayinlərin keçirilməsi, İslam dininə, onun tarixinə, mənşəyinə, başqa dinlərə münasibətinə, İslamın yayılmasında xüsusi rol oynamış mücahidlərin həyat və mübarizə yollarına, Məhəmməd (s.ə) peyğəmbərə, xəlifələrə və başqalarına həsr edilmiş əsərlərin meydana çıxması, belə xarakterli yazıların mətbuatda dərc olunması, oxunan xütbə və moizələr insanlarda dinə inamı daha da möhkəmlətmək, öz işlərini Şəriətin göstərişləri əsasında qurmaq, səlahiyyətli şəxslərə tabe olmaq, hökumətin bütün əmrlərini sözsüz icra etmək, Allaha, onun yer üzərindəki “kölgəsi” olan dövlətə asi olmamaq, Allahın verdikləri ilə razılaşmaq, kifayətlənmək və bütün bunlara görə Yaradana – Allaha şükr etməyin vacibliyini göstərmək məqsədini güdürdü.
Lakin bütün bu qeyd olunanlarla yanaşı, müsəlmanların ictimai-siyasi və mənəvi həyatına göstərdiyi müsbət cəhətləri nəzərə almayıb, onun yalnız mənfi cəhətlərini şişirdib qloballaşdırmağa, onu gözdən salmağa, geriliyə, cəhalətə, nadanlığa, hər cür tərəqqi və təkamülə mane olan, inkişafı ləngidən, bəşəriyyətə düşmən kimi qələmə verməyə cəhd edilmişdir.

İslamın tənqidçilərini də mühakimə etmək bir o qədər düzgün deyil. Çünki bu dinin, əgər belə demək mümkündürsə, “nizamnaməsində”və ya “proqramında” belə zərərli fikir və mülahizələr olmayıb. O, mütərəqqi və xeyirxah məqsədlər güdmüşdür. Lakin insanlığa qənim kəsilənlər , özlərinin bəd əməllərini həyata keşirmək istəyənlər bu dindən sui-istifadə etmiş və onu gözdən salmışlar. Azərbaycan xalqının içərisindən də İslamın mahir tənqidçiləri meydana çıxmışlar. Bunlardan ən cəsarətli və çox kəskin çıxış edən Mirzə Fətəli Axundovdur.
X1X əsr Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixində mühüm bir mərhələ təşkil edir. X1X əsrin əvvəllərindən başlayaraq Azərbaycan həyatı yeni ilə köhnənin mübarizəsi dövrünü keçirirdi. Əsrlərdən bəri hökm sürən və ölkənin məhsuldar qüvvələrinin inkişafına, cəmiyyətin tərəqqisinə buxov olan feodal-patriarxal münasibətlərə qarşı mübarizə gündan-günə qüvvətlənirdi. Feodal quruluşuna, hakim ideologiya olan dinə qarşı mübarizədə xalqımızın ictimai fikri yeni məzmun kəsb edir, mütərəqqi ideyalar yaranır, siyasi və sosioloji baxışlar mühüm yer tutmağa başlayırdı. Bu yeni və qabaqcıl ictimai-fəlsəfi fikrin ən görkəmli nümayəndəsi Mirzə Fətəli Axundov olmuşdur.
M.F.Axundovun dünyagörüşü, hər şeydən əvvəl, X1X əsrin 30-70-ci illərində Azərbaycanın iqtisadi, siyasi və ictimai münasibətlərinin məhsulu, xalqın arzu və istəklərinin ifadəsi idi. Axundovun ictimai-siyasi idealı xalqının ictimai həyatının inkişaf prosesi ilə əlaqədə təşəkkül tapmış və inkişaf etmişdir.
Mirzə Fətəli Axundov yaradıcılığa başladığı ilk illərdən zülmə, haqsızlığa, əsarətə, geriliyə qarşı çıxmış, mövcud quruluşa nifrət bəsləmiş, onu yeni, daha demokratik bir quruluş ilə əvəz etməyi arzulamışdır. O, müsəlmanların, o cümlədən Azərbaycan xalqının ictimai-siyasi və mədəni-mənəvi geriliyinin əsas səbəbini İslam dinində və və dinin təbliğatçılarında görmüşdür. Ona görə də ömrünün sonuna kimi bu dinə, onu təbliğ edən ruhanilərə, onu müdafiə edənlərə qarşı mübarizə aparmış, xalqı da bu mübarizəyə səsləmişdir.
M.F.Axundov qəti şəkildə inanırdı ki, Şərq xalqlarını cəhalət yuxusundan oyatmaq, avamlıqlarına, nadanlıqlarına son qoymaq işində materialist fəlsəfə böyük əhəmiyyətə malikdir. Şüuru, ruhu birinci, təbiəti, varlığı ikinci , ondan törəmə hesab edən ilahiyyatçıların əksinə olaraq, o göstərirdi ki, təbiət, varlıq heç bir xarici qüvvə tərəfindən yaradılmamışdır və heç bir ilahi qüvvədən asılı deyildir. Bu aləm, təbiət , varlıq obyektiv surətdə mövcuddur, öz qanunları ilə idarə olunur, onun əvvəli və sonu yoxdur, əzəli və əbədidir: “ Əvvələn, biz görürük ki, bu aləm mövcuddur…bu mövcud…özbaşına mövcuddur, öz qanunu ilə, yəni öz vücudunda bir başqa əcnəbi vücuda möhtac deyil” ( “Kəmalüddövlə məktubları”, səh.60)
Allahı kainatın yaradıcısı hesab edən və materiyanın yoxluqdan əmələ gəldiyini iddia edən şeyxilər məzhəbini ifşa edərək böyük mütəfəkkir göstərir ki, yoxluqdan materiya əmələ gələ bilməz və həmçinin materiya yoxluğa, heçə çevrilə bilməz.Materiyanın yoxluqdan əmələ gəldiyini iddia etmək tamamilə cəfəngiyatdır. Materiya daima hərəkət edir, dəyişir, bir haldan digər hala keçir, lakin o, heçə çevrilmir.
Axundov göstərir ki, ilahiyyatçılar, şəriətçilər allahın mövcudluğunu əsaslandırmaq üçün varlığı iki yerə bölürlər, biri guya “…varlığı mümkün olandır ki, bu, kainatdır və bu varlığa səbəb lazımdır. O birisi vacibəl-vücuddur ki, cənab allahın zatıdır, bu varlığa səbəb lazım deyil” (səh.155).
Mirzə Fətəli Axundov göstərir ki, xarici aləm hiss üzvlərimizə təsir edərək bizdə duyğular əmələ gətirir, bu bir qanundur. Mələk, cin, şeytan, div, pəri və başqa bu kimi şeylərin mövcud olmasını başdan-başa uydurma hesab edir və qeyd edir ki, yer kürəsində qanun belədir ki, bütün cisimlər ya gözlə görünməli, ya da hiss olunmalıdır. Deməli, adları çəkilən şeylər gözümüzə görünmürlərsə, onlar yoxdurlar, uydurmadan başqa bir şey deyildirlər. O, bütün dinləıri puç və əfsanə hesab edirdi.
M.F.Axundovun yaradıcılığında bütün dinlərin, xüsusən İslam dininin tənqidi mühüm yer tutur. Bu, hər şeydən əvvəl, xalqların həyatında dinin oynadığı irticaçı rolla izah edilməlidir.Bəllidir ki, əsrlər boyu din despotizmin ideoloji dayağı olmaqla feodal quruluşunu ilahiləşdirmişdir. İnsanlarda mütilik, köləlik , acizlik tərbiyə edilməsində din mürtəce rol oynamışdır. Dövlət başçılarını yerdə allahın nümayəndəsi, onların hakimiyyətlərini isə toxunulmaz elan etmişdir. M.F.Axundov İslam dininin irticaçı rolunu, hakim siniflərin din pərdəsi altında törətdikləri cinayətləri və çirkin hərəkətləri aydın görürdü. Axundov belə hesab edirdi ki, Şərqin geri qalmasının baçlıca səbəbi islam dinidir. Din aradan qaldırılarsa, Şərq xalqları xoşbəxtlik əldə edə bilərlər.
Axundov göstərirdi ki, din insanlarda anadangəlmə deyil,və həmişə olmamışdır. Allah haqqında təsəvvürlər insanların xəyalının məhsuludur. Allah süni surətdə yaradılmışdır. İnsanlar təbiət qüvvələri qarşısında aciz qaldıqlarından belə təsəvvür etmişlər ki, guya kainatı və insanları yaradan qüdrətli ilahi bir qüvvə vardır. İnsanlar təsəvvürlərində uydurduqları xəyali varlığı “ pərvərdigari-aləm və xaliqi-kainat” adlandırmış, ona yüksək insani sifətlər şamil edmişlər. İnsanları allah yaratmamışdır, əksinə, insanların nadan təsəvvürləri nəticəsində allah adlanan xəyali varlıq yaranmışdır.
Axundov qəti bir inamla deyirdi ki, islam dini, islamdan əvvəlki dinlər kimi, müəyyən zamandan sonra , elm və mədəniyyət yayıldıqca aradan qaldırılacaqdır. Filosofun islam dininə qarşı apardığı mübarizə məhz belə bir inama əsaslanırdı. O deyirdi ki, din xalqı itaətdə saxlamaq, əzmək, aldatmaq və istismar etmək vasitəsidir. Din despotun əlində silahdır. İslam dini həm ərəblərə, həm də onların işğal etmiş olduqları xalq və ölkələrə heç bir fayda verməmiş, əksinə, zərər vermişdir.
M.F. Axundov qeyd edir ki, din ruhanilərin iddia etdikləri kimi, heç də insanların əxlaqını saflaşdırmır, onları pis əməllərdən çəkindirmir, xalqa gözəl və nəcib sifətlər deyil, əksinə, acizlik, yaltaqlıq, zəlillik, itaətkarlıq kimi pis sifətlər aşılayır. Dini əxlaq köləlik əxlaqıdır.
Məlumdur ki, din xadimləri allahın adil olması, öz bəndələrinə zülm etmək istəməməsi barədə Qurandan sitatlar gətirirlər : allah adildir, zalım deyildir. Allah öz bəndələrinə zülm etmək istəməz (“ vaməlləhu yuridu zülmən lilibad”). M.F.Axundov “ Kəmalüddövlə məktubları” əsərində ruhanilərin bu dediklərini alt-üst edərək göstərir ki, əgər cəhənnəm əhvalatı doğrudursa, o zaman rəhimli və ədalətli adlanan allah cəlladdan, qəssabdan və hər cür zalımdan betərdir, yalandırsa, onda xalqı aldadan vaizlər “şarlatandırlar”. Əgər allah ədalət sahibidirsə, nə üçün birini hakim, digərini zəlil qul, birini qoyun, digərini canavar, birini kəklik, digərini iti caynaqlı şahin yaratmışdır? Bütün bunlar onu göstərir ki,o, əzəmət və cəlal sahibi deyildir”.( “ Kəmalüddövlə məktublarl”, səh.71)
M.F.Axundov xalqları dini əqidələrinə görə iki yerə — müsəlman və müsəlman olmayanlara bölməyi islam dininin ən zərərli cəhəti kimi tənqid etmiş, xalqlar arasında düşmənçilik, nifrət törətmək kimi dini təbliğata qarşı ciddi mübarizə aparmışdır. O göstərirdi ki,İslam dini müsəlmanları başqa dinlərə inanan xalqlardan təcrid edərək, onlarla qaynayıb-qovuşmağa mane olmuş, dünya xalqlarının elm və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlərin öyrənilməsinə ciddi əngəl törətmişdir.
Axundov dinin mahiyyətindən və ictimai təsirindən dsanışarkən qeyd etmişdir ki, din məxluqatın ən şərəflisi olan insanın düşüncə, əql və sevincinin qatı düşmənidir, din insanın ən nəcib hisslərini korlayır, onun təbii qabiliyyətini əzir, məhv rfit, şəxsiyyətin inkişafına buxov olur.
Filosof islam dininin ən pis cəhətlərindən birini də qadın əsarətini və çoxarvadlılığı əsaslandırmaqda görmüşdür. O göstərir ki, şəriət qanunları qadının ən adi hüquqlarını tapdalayır, insanlıq ləyaqətini alçaldır, onu ömrü boyu bədbəxt və yaşamaq nemətindən məhrum edir. Dinin təsiri nəticəsində xalqın qabiliyyət cövhərinni pas tutmuşdur. Din xalqı insanlıq şərəfindən məhrum edir. Vaizlər, mollalar insanları dünyəvi zövqdən məhrum edərək, behişt xülyaları ilə aldadırlar. Onların fikrincə, “ Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır; rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür isə də, amma xəbərdar deyilsiniz ki, etidal üzrə olduqda, zehnə cila verir və ağlı cövhərləndirir. Çünki insanın təbiəti fərəh və hüzn ilə məxlutdur …” ( “Kəmalüddövlə məktubları”, səh.45)
M.F.Axundov dinlərin bəşər tarixində oynadığı mürtəce roldan danışarkən, Kəmalüddövlənin Cəlalüddövləyə yazdığı bu sözləri xüsusi vurğulayır: Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən başqa din və məzhəbi islama mürəcceh tuturam. İş ona qalsa idi, genə islam dini sair ədyandan bərgüzidə və mənim məqbulumdur. Bu qədər var ki, mən külli ədyanı puç və əfsanə hesab edirəm.Onlardan heç birisinə axirətdə qurtuluş ümidi ilə mayil deyiləm. Mən o dini tərcih edirəm ki,onun vasitəsilə insan bu dünyada xoşbəxt və azadə ola bilsin.” (M.F.Axundov.Əsərləri, ikinci cild, səh.22)
Din xadimlərinin: ruhanilərin, mollaların, vaizlərin müsəlmanlara allahın ədalət, mərhəmət sahibi, rəhm edən və günahları bağışlayan olması haqqında söylədiklərini yalan, uydurma, cəfəngiyat və sərsəmləmə adlandırır.: “ Xaliq məni yaradıbdır. Bərfərz dünyada mənə yüz il ömr veribdir. Hamıya məlumdur ki, bu yüz il nə qədər ilə keçir. Nə qədər sahibi-dövlət, nə qədər sahibi-qüdrət olsam da, genə alam və əsqamdan və hümumü gümümdən azad olmayacağam. Bərfərz ki, bu yüz ildə mən qətli-nəfsə mürtəkib olmuşam və hər cür xaliqə şərik qərar vermişəm və bundan başqa ənva və əqsam zünuba iqdam etmişəm və ölmüşəm..
Ədalətin təqazası budur ki, xaliqi-adil məni cürmümün cəzasında müstəhəqqi-üqubət etsin. Mən razıyam ki, yüz ilin əvəzinə sahibi-ədalət xaliq , məni yüz il, bəlkə iki yüz il, bəlkə üç yüz il, bəlkə dörd yüz il, bəlkə beş yüz il, bəlkə min il cəhənnəmdə yandırsın. Bundan ziyadə məni yandırmağa xaliqin, ədalət mucibincə, haqqı varmı? Xaliq dünya həyatından nə çox ziyadə nemətlər mənə kəramət edibdir ki, bu növ üqubətə məni giriftar edə və cəhənnəmdə ətim-əndamım çürüyə, tökülə, sümüklərim əzilə, sürməyə dönə, genə mənim yaxamdan əl çəkməyə; təzədən mənə ət və sümük verə, başlaya genə əzab verməyə ila zəmani-namütənahi. Aya dünyanın yüz ilinin ləzzəti cəhənnəmin bir gününün əzabına bərabər olurmu? Çünki cəhənnəmin bir günü dünyanın min ilinə müsavidir, bavücudi ki, bu xaliqi sən gərək ərhəmərrahimin və mədəni-kərəm və mənbəyi-rəhmət biləsən; bir belə cəhənnəm sahibi xaliq və bir belə müntəqim xaliq, mirqəzəbdən və cəlladdan və qəssabdan və hər qisim zülamdan bədtərdir” ( M.F.Axundov.Əsərləri, 2-ci cild, Bakı-1961, səh.50-51).
İstər X1X əsrdə, istər ondan əvvəl və sonrakı dövrlərdə islam dinini , onun qayda və qanunlarını dərin təhlil, kəskin tənqid və ifşa edən ikinci bir mütəfəkkir olmayıb. Bu da onu göstərir ki, heç kim Axundov qədər xalqına, millətinə yaxın olmayıb, onun həyatını, məişətini, bu gününü, gələcəyini Axundov kimi düşünməyib. Xalqına, millətinə olan sevginin, məhəbbətin nəticəsi idi ki, o, həyatın ən qorxulu, dəhşətli anlarında canından keçərək mübarizə meydanına atılmışdır.
M.F.Axundov islamın bir sıra ayinlərinə, xüsusən məhərrəm ayında aşura günlərində möminlərin özlərinə etdikləri zülmə, başyarma, zəncirlə bədənini yaralama, qorxunc səslə küçələrdə yürüş etmə və sair bu kimi tükürepədici hərəkətlərə dərin nifrət bəslədiyini Cəlalüddövləyə bildirərək yazır ki, İranda təziyədarlıq Səfəviyyə zamanından da ziyadə rəvac tapıbdır. Yalnız məhərrəmin əşəreyi-ulasında təziyədarlığa məşğul olsalar, yenə səhldir, hər yerə gedirsən, təziyədir. Hər məsciddə həftədə laəqəl bir gün təziyə məclisidir. Hətta nəql edirləır ki, Tehranda hər gün təkyələrin birisində təziyə məclisi var. Əlhəq bu ifrata yetişdi. Nə xəbərdir? Məgər insanın özünün az müsibəti və az dərdi var ki, min illik güzarişin nəqli ilə övqatını daim təlx etsin.Və bilafayda əməl səbəbi ilə işdən və kəsbdən müəttəl olsun və cüvəllağılar bu əmri özlərinə vəsileyi-ruzi edib, ənva və əqsam kizblər toxuyub, minbərlərdə biçarə avamı fəriftə etmək üçün zikr etsinlər.Bu təziyədarlıqdan əsla nə sənə bir fayda var və nə imama. Vəqtini böyük işlərə sərf et. Gör xəlqi-aləm nə tərəqqiyat edirlər. Axı sən də bir hərəkət elə, bir proqressə ayaq qoy, bir sivilizasyona talib ol. Nə çağatan qəflət yuxusunda yatacaqsan?”(yenə həmin əsər, səh.107-108).
M.F.Axundov “ Kəmalüddövlə məktubları”nı yazmaqda məqsədini belə izah edir: “ Kəmalüddövlə”nin müəllifi Avropa filosofları əqidəsindədir, yəni liberal və proqrass məsləki sahiblərindən və sivilizasyon taliblərindəndir. Məqsədi budur ki, onun millətinin arasında dəxi əhalinin bütün siniflərində elm və sənətlər intişar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı daxilində bir neçə vəsiləyə əl atmışdır ki, islam yazısını dəyişdirmək də o vəsilələrdən biridir. Öz millətinin ürəyi tarlasında qeyrət, namus, xəlqpərvərlik, ədalət və bərabərlik toxumu əkilməsini və nifaqın birliyə çevrilməsini və millətin arasından zillət və fəqirliyin rəf olmasını, onun sərvət və dövlət qazanmasını istəyir. “ Kəmalüddövlə” nüsxəsinin yazılmasının səbəbi də ancaq budur, yoxsa başqa bir məqsəd nəzərdə tutulmamışdır”. ( yenə orada, səh.135-136).
Ardıcıl ateist olan M.F.Axundov bütün yaradıcılığı boyu elmlə dinin daban-dabana zidd olduğunu göstərməyə çalışmışdır: “ Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə səhvimiz bu cəhətdəndir ki, biz daima bir-birinə zidd olan iki qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymışıq, halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, o birisi etiqad”. (M.F.Axundov.Əsərləri, 2-ci cild, Bakı-1951, səh.126).
Şərq xalqlarının maddi və mənəvi sərvətlərinin din bayrağı altında darmadağın edildiyini Axundov böyük hiddətlə izah edərək göstərir ki, insanın təbiət hadisələri haqqında düzgün elmi təsəvvürə malik olmaması onda dini etiqadı, möcüzə və xurafata inamı qüvvətləndirir. Odur ki, dünyəvi elmləri (fizika, kimya, təbiiyyat) öyrənmək yolu ilə dini xurafatdan yaxa qurtarmaq mümkündür. Axundov dinin kökünə balta çalan ateist mütəfəkkirlərdən biri kimi tanınmışdır.
Axundov dinin ağalıq etdiyi Şərq ölkələrində insanların acınacaqlı halını bütün çılpaqlığı ilə göstərərək, buna qarşı özünün etiraz səsini ucaldır. O, mümükün qədər Şərqin ağıllı, döyüşkən adamlarını azadlıq və bərabərlik yolunda mübarizə üçün səfərbər etməyə çalışır.
Axundov öz mülahizələrini tənqidi ruhda şərh edir. Onun tənqid hədəfləri—mütləqiyyət quruluşu, dini mövhumat, mədəni gerilik və sairədən ibarət idi. “ Kəmalüddövlə məktubları” fəlsəfi bir əsərdir.Müəllif özünün bədii əsərlərində irəli sürdüyü başlıca fikirləri burada daha dərin və çox hallarda elmi cəhətdən əsaslandırmaqla inkişaf etdirmişdir.
Böyük mütəfəkkir idealizmə qarşı, müxtəlif don geyindirilmiş dini fəlsəfi təriqətlərə qarşı amansız mübarizə aparmış, materializmin başlıca müddəalarını inandırıcı bir şəkildə əsaslandırmışdır. Axundov göstərmişdir ki, təbiətdə olan bütün cisim və hadisələr arasındakı münasibətlərdə hərcmərclik, özbaşınalıq yoxdur, bütün cisimlər ümumi qanunauyğunluğa tabedir, bu qanunlar heç bir xarici , mövhumi, fövqəltəbii qüvvələrdən asılı olmayaraq fəaliyyət göstərir.
M.F.Axundov özünün maarifçilik ideyalarına uyğun olaraq belə hesab edirdi ki, Şərqin geri qalmasının,ölkənin və xalqın bədbəxtliyinin başlıca səbəbi islam dinidir,.. din aradan qaldırılarsa, Şərq xalqları xoşbəxt ola bilərlər. O, böyük cəsarətlə deyirdi ki, din insanlarda anadangəlmə deyil və həmişə olmamışdır. Din də, allah da avam və nadan insanların təxəyyüllərinin məhsuludur.Dinlə despotizmin sıx ittifaqına və dinin ictimai roluna işarə edərək filosof bildirmişdir ki, despotun zülmü və dinin təsiri xalqın zəifliyinə və köləliyinə səbəb olmuş, onu elm və mədəniyyətdən uzaqlaşdırmışdır.

Toğrul Lətifoğlu