Moskvada “şirin quyruğunu” kəsdilər…

07/10/21 10:03

Tehran Moskvada istədiyini ala bilməyib: Lavrov-Abdullahian görüşü ilə bağlı açıqlamalar bu nəticəni önə çıxarır.

Lavrovun mətbuat konfransında Cənubi Qafqazla bağlı fikirləri iki hissədən ibarət idi:

Birincisi, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolunun göstərilməsi;

İkincisi, “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyi.

Abdullahian dünən Moskvada görüşdən öncə bildirdi ki, Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir: “Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək”.

İran görüşdə öz istəklərini – Zəngəzur dəhlizinin açılmasının maraqlarına zidd olduğunu, əgər açılacaqsa, İranın bölgədəki maraqlarının necə olacağını – çatdırıb. Rusiyanın nə cavab verdiyini Lavrovun açıqlamasından anlamaq olar.

Moskva Tehrana bildirir ki, Qarabağ münaqişəsini Rusiya həll edib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq:

– Kommunikasiyalar açılacaq;

– Zəngəzur dəhlizi olacaq;

– İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq.

Bu, İranın Cənubi Qafqazda yeganə kartının – Ermənistanın – da əlindən çıxması deməkdir. Tehranın Bakıya hücumları, Abdullahianın Moskvaya səfəri də Ermənistanın Ankara-Bakı-Moskva masasına qoşulmasından sonrakı vəziyyəti anlamaq, maraqlarını qorumaq məqsədi daşıyır.

Moskva Tehrana iki məsələni izah edib:

– Qafqazdakı yeni reallığın qarantı Türkiyə və Rusiyadır;

– İran üçün bölgədə varlığının davam etməsinin yeganə yolu “3+3” formatına qoşulmaqdır.

Tehranın Moskvadan “əliboş” dönməsi İranı çıxılmaz vəziyyətə salır.

Qeyd edək ki, Abdullahianın Rossiya-24 kanalına müsahibəsində “mehriban qonşuluq jesti olaraq” Bakını ziyarət edə biləcəyini deməsi də Moskvada İran XİN rəhbərinin mövqeyinin 180 dərəcə dəyişdiyini göstərir…

Transqafqaz.com