Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Yanvarın 18-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prosesinə jurnalistlər yenə də buraxılmayıb. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığını açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.
Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir.
Ötən gün keçirilən prosesdə zərərçəkmişlərdən Sərdar Əhməd oğlu İsmayılov sərbəst ifadəsini davam etdirməsi üçün şərait yaradılmasını istəyib.
Sərdar İsmayılov deyib ki, tanışı Orxan Elman oğlu Abdullayevlə birlikdə 2013-cü ilin mart ayında Çin Xalq Respublikasından Gürcüstan Respublikasında satmaq üçün skotç və pirotexnik mallara aid fişənglər gətiriblər. Lakin həmin malların Gürcüstan Respublikasında satışında problemlər olub. Buna görə də həmin malları Azərbaycana gətirib satmağı düşünüblər:
– Məsləhətləşmələr apardıq, tanışları işə cəlb etdik. Məlum oldu ki, pirotexnika mallarının Azərbaycana gətirilməsi qadağandır. Ona görə də pirotexnik malların tam həcmdə satışında heç bir məhdudiyyət və qadağa qoyulmayan İran İslam Respublikasına aparıb orada satmaq qərarı verdik. Bu məqsədlə həmin malları Gürcüstanda yerli gömrük orqanında Azərbaycan ərazisindən tranzit yolla keçməklə İrana aparılması barədə tam gömrük sənədləşəməsi aparıldı. Satmaq üçün Gürcüstana gətirdiyimiz pirotexnik mallar xüsusi nəzarət altında olan mallar sinfinə aid olunub. Buna görə də mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük orqanının əməkdaşları tərəfindən müşayət altına alındı və gömrükçülərin nəzarəti altında 7 sentyabr 2013-cü il tarixdə Astara gömrük postuna yola salındı.
“Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur”
Lakin mallar Qazax ərazisində MTN-in əməliyyatçıları tərəfindən saxlanldı. Malı müşayət edən gömrükçülər malın nəzarətləri altında olduğunu dedilər. MTN-çilər isə israr edirdilər ki, guya malların içində qaçaqmal var. Mallarımızın olduğu maşın MTN-çilər tərəfindən əvvəlcə zorla Qazax ərazisindəki dayanacağa aparıldı. Orada mallar tam qanunsuz olaraq maşından yerə boşaldılıb gömrükçülərin nəzarəti altında sayıldı. Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur və rəsmi gömrük sənədlərində göstərilən mallarla sayılan malların sayı eynidir. MTN-çilər isə sakitləşmədilər. Zorla, gömrükçülərlə az qala əlbəyaxa olmaqla mallımızı Bakıya gətirdilər.
“Qara günlərimiz başladı”
Bizə qarşı böyük cinayət törədilib. Pirotexnik mallar Bakıya gələndən sonra bizləri də tutub MTN-ə gətirmişdilər. 3 gün saxlayandan sonra Mövlam Şıxəliyevin vəsatəti, o dövrdə baş prokurorun 1-ci müavini olan Rüstəm Usubovun təqdimatı ilə Səbayel Rayon Məhkəməsi barəmizdə 3 aylıq həbs qəti-imkan tədbiri seçdi. Qara günlərimiz başladı.
“Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz”
Biz həbsdə olduğumuz dövrdə bu gün burada özünü təmizə çıxarmağa çalışan Mövlam Şıxəliyev öz imzası ilə Azərbaycan Respublikası Gömrük Komitəsinə bir sorğu yazmışdı. Bizə məxsus malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdilər. O zaman Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevin sorğusuna cavab yazmışdı. Əsgər Abdullayev 25 sentyabr 2013-cü il tarixli 100-13/03-22 09046№ li məktubunda Mövlam Şıxəliyevə yazırdı ki, cinayətkar sizsiz, Azərbaycan dövlətinin qoşulduğu yük daşımaları haqda beynəlxalq daşımalara qanunsuz olaraq müdaxilə etmisiz. Bununla bilərəkdən, qəsdən cinayət törətmisiniz!
Əsgər Abdullayev, Allah onun övladlarını qorusun, məktubunun davamında yazırdı ki, Qazaxa göndərilən MTN-çilər özbaşınalıq edib qanunlara saymazyana yanaşıblar. Bunun qarşısı gömrükçülər tərəfindən alınıb!
“Gömrük Komitəsinin sədr müavini Azərbaycan dilində yazmışdı”
Zərərçəkən məhkəmənin diqqətinə çatdırıb ki, o zaman Mövlam Şıxəliyev Əsgər Abdullayevin məktubunu alandan sonra onları həbsdə saxlamaq üçün hər hansı bir əsas qalmayıb:
-Hörmətli hakim, buna baxmayaraq bizə qarşı qanunsuzluq bu məktubdan sonra da davam etdirilib. Bizləri qanunsuz həbsdən azad etməyiblər.
Halbuki bu məktubu sıravi bir insan yox, Gömrük Komitəsinin sədr müavini Azərbaycan dilində yazmışdı. Mən bu məktub haqda həbsdən sonra bildim. Bizə qarşı cinayətin miqyası məni dəhşətə gətirmişdi.
“Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb”
Mənimlə Orxan Elman oğlu Abdullayevə qarşı Cinayət Məcəlləsinin(CM) qanunsuz sahibkarlıq (29,192.2.2.) və qaçaqmalçılıq (206.3.2.) maddələri ilə istintaqı qanunsuz olaraq davam etdirdilər. Elman Abid oğlu Məsimovu, Məcid Məhəmmədəliyeviç Anqubazovu, Əfsəl Xanlar oğlu Həsənəliyevi və Cahangir İbrahim oğlu Məmmədovu da CM-in qaçaqmalçılıq (206.3.2.) maddəsi ilə heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb etdilər. Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün bizim hamımızın barəsində həbs qətimkan tədbiri seçmişdilər. Zakir Qaralov, Rüstəm Usubov bu cinayətə əllərini bulaşdırıb və bizim qanunsuz həbsimizə, girov götürülməyimizə, pulumuzun, malımızın alınmasında birbaşa şərait yaradıblar.
“Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı”
Bu gün, bu məhkəmə salonunda boynumdan qucaqlayan Yasin Məmmədov orada özünü vəzifəli şəxs kimi deyil, küçədə yol kəsən quldur kimi aparırdı. Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışan bizlərə gülürdülər. Bu adam telefon danışıqlarımızın özünə sərf etdiyi hissələrini bizə dinlətdirirdi. Deyəndə ki, 1 dəqiqəlik danışığa tam qulaq asıb söhbətin nədən getdiyini aydınlaşdıraq, buna imkan vermirdi. Yasin Məmmədovun bircə tələbi vardı – pul ver, səni azad edək. Pul verməsən burada çürüyəcəksən!
“Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar”
Mən 12 yaşından atasız böyümüşəm. Ailəmin – anam, bacım və qardaşımın gündəlik xərcləri 12 yaşımdan mənim üzərimdə olub. Çox çətin günlər görmüşəm. O illərdə ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Burada gecə-gündüz, soyuq, isti bilmədən işləyib ailəmə şərait qurmağa çalışdım. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticari əlaqələr qurdum. Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Bu gün müttəhimlər kürsüsündə əyləşənlər belə də ediblər.
“Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıb”
İstintaq zamanı bizə sonsuz təzyiqlər göstərirdilər. Hətta mənim telefonumun kitabçasında adları olanları çağırıb incidiblər. Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıb. Yasin Məmmədov məndən 50 min dollar, üstəlik 2 min manat, Orxan Elman oğlu Abdullayevdən 50 min manat, Əfsəl Xanlar oğlu Həsənəliyevdən 32 min manat, Cahangir İbrahim oğlundan Məmmədov isə 80 min manat pul aldılar.
Yerdə qalan 2 nəfər – Elman Məsimov və Məcid Anqubazov isə pulları olmadığına görə 1 il qanunsuz həbsdə girov yatıb çıxdılar.
“Elman Məsimovu və Məcid Anqubazovu istintaqda döyüb olmazın işgəncə veriblər”
Rəsmi olaraq sizə bildirirəm ki, Elman Məsimovu və Məcid Anqubazovu istintaqda döyüb olmazın işgəncə veriblər, döyüblər və məcbur ediblər yalan ifadələr versinlər. Özlərini və bizləri şərləsinlər.
“Cahangir Məmmədovu çox ağır duruma salmışdılar”
Bu gün müttəhim olan Mövlam Şıxəliyev, Yasin Məmmədov və digəriləri Cahangir Məmmədovu çox ağır duruma salmışdılar. O, bizə qarşı cinayət törədən mütəşəkkil cinayətkar quldur dəstənin tələb etdiyi məbləği verə bilmək üçün evini banka qoyub pul götürmüşdü. Onu da bizim kimi xəstəlik adı ilə azad etsələr də, öz cinayətlərini ört-basdır etmək üçün işi də məhkəməyə göndərmişdilər. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Kəramət Əliyev baxdı. Bizlərdə hakimin rüşvətlə bağlı səs yazıları da var. Hakim məndən 26 min manat almışdı. Məndən aldıgı pulu sonradan geri qaytarmışdı və bu faktı təsdiq edən səs yazısı da var. Cahangir Məmmədovdan 10 min manat alıb üstəlik onu 10 min manat da cərimələmişdi.
“Cahangir Məmmədovun qanı müttəhmlərin vicdanındadır”
Cahangir Məmmədov çox ağır maddi çətinliklərlə üz-üzə qalmışdı. Cahangir Məmmədov qanunsuz məhkəmədən sonra bank faizlərinə görə damarlarını doğradı. Həkimlər xilas etdi. Cahangiri o duruma salmışdılar ki, bu dəfə də ürəyinə bıçaq zərbəsi yetirdi. Lakin ölmədi, sağ qaldı. Əməliyyatdan sonra ayılıb sağ qaldığını görən Cahangir Məmmədov özünü Bakı şəhərində Nizami rayonundakı xəstəxananın 5-ci mərtəbəsindən yerə atdı, dünyasını dəyişdi. Onun 2 övladı, ailəsi evsiz-eşiksiz qaldı. Cahangir Məmmədovun qanı müttəhmlərin vicdanındadır.
“Halbuki, bizi əməlimizdə qaçaqmalçılıqdan əsər-əlamət olmayıb”
Bu gün müttəhimlər kürsüsündə əyləşən Mövlam Şıxəliyev və Yasin Məmmədov bizi qaçaqmalçılıqla ittiham edib qanunsuz həbs etmişdilər. Halbuki, bizi əməlimizdə qaçaqmalçılıqdan əsər-əlamət olmayıb. Bunu Əsgər Abdullayevin məktubu da təsdiqləyir. Əgər bizim əməlimizdə qaçaqmalçılıq cinayəti olsaydı belə, müttəhimlər bizdən daha böyük cinayət törədiblər.
“Qaçaqmal elan etdikləri 650 min manat dəyərində olan pirotexnik malları özləri aparıb satıblar!”
Deməli, mən həbsdən azad ediləndən sonra bizdən zorla alınan mallarımın harada olmasını araşdırdım.
Nə məlum oldu? Nələri öyrəndim?
MTN-çilər bizləri qanunsuz olaraq həbs edəndən sonra qanunsuz, qaçaqmal elan etdikləri 650 min manat dəyərində olan pirotexnik malları özləri aparıb satıblar!
Bu necə baş verib?
Pirotexnik malları aparıb əvvəlcə Yasamal rayonu ərazisindəki “Range-Rover” avtosalonunun arxasındakı MTN-in anbara yerləşdirmişdilər. Bundan sonra pirotexnik mallarımızı Çingiz Yəhya oğlu Ağayevə, Yaşar Ülvü oğlu Cabbarova ötürmüşdülər. Bu adamlar da malların MTN anbarından daşınmasını öz tabeliklərində işləyən Söhrab Abdulla oğlu Mehdiyevə tapşırıblar. O da pirotexnik malları MTN-in əməkdaşlarından, sonradan satılması üçün qəbul edib. Söhrab Mehdiyev bu işə yanında fəhlə qismində işləyən qardaşı oğlu, 2 dekabr 1988-ci ildə Masallı rayonu, Tiyaqani kəndində anadan olmuş Camal Beytulla oğlu Mehtiyevi də cəlb edib. Ona həmin pirotexnik malları gətirməsi üçün 2 yük maşını kirayələməyi və həmin ünvana getməyi tapşırır. Camal Mehtiyev dərhal bu göstərişin icrasına başlayır və əvvəlcə Xırdalan dairəsində 2 “Ateko-Mersedes” (Az 90 TL 457 və Az 90 TX 254)markalı yük avtomaşınlarını kirayələyərək, pirotexnik malların dalınca həmin anbara – MTN-nin xüsusi təyinatlılarına məxsus idarənin həyətinə gəlir. Orada onu həyətə buraxmadıqda, o Çingizlə əlaqə saxlayır və Çingiz telefonda Camala bildirir ki, de ki, mən Adil müəllim dediyi adamam. Camal Adil müəllimin adını çəkəndən sonra, onu kirayələnmiş avtomaşınlarla birlikdə, giriş-çıxışda qeydiyyatlar aparılmaqla içəri – MTN-ə məxsus idarənin həyətinə buraxırlar. Camal Mehtiyev içəri keçərkən şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün, o Söhrab Mehtiyevin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir. Bundan sonra Söhrab Mehtiyev özü də anbarın ərazisinə gəlir. Orada MTN əməkdaşları “Kamaz” markalı avtomaşını onlara göstərərək bildirirlər ki, qapını açıb malı götürə bilərlər. Onlar avtomaşının arxa qapısının üzərində olan asma qıfılı MTN əməkdaşlarının icazəsi və göstərişi ilə qırıb qopararaq, malları gətirdikləri avtomaşınlara yükləməyə başlayırlar. Mal çox olduğundan Söhrab Mehtiyev gələrkən qardaşı Beydullanı, qayınları Xalid, Alxas Nuriyevləri, Alxasın oğlu Ramal Nuriyevi, Alxasın yeznəsi Elxanı özü ilə gətirib. Onlar birlikdə malları kirayələnmiş maşınlara yükləyiblər.
“Mənə məxsus malları düşmən malını ələ keçirən kimi bizə qarşı cinayəti davam etdiriblər”
Bu zaman MTN-in Mehman adlı əməliyyatçısı onlara yaxınlaşaraq, həmin fişənglərdən öz şəxsi istifadəsi üçün bir qutu istəyib və götürüb. Orada olan digər MTN əməkdaşlarından hər biri buna baxaraq özü üçün 1-2 qutu fişəng götürüblər. Hətta bəzi tamahgirlər 5 qutu fişəng, xırda pirotexnik mallar götürüblər. Mənə məxsus malları ələ keçirən dəstə bu şəkildə, düşmən malını ələ keçirən kimi bizə qarşı cinayəti davam etdiriblər.
“Malların pulu Çingiz Ağayev, şəriki Yaşar Cabbarovun əli ilə şəxsən Mövlam Şixəliyevə çatdırılıb”
Kənardan bu işlərə baxan Mehman adlı MTN əməkdaşı malı boşaldan şəxslərə gülə-gülə demişdi ki, “Çingiz bizim qardaşımızdır, aparın satın, kef eyləyin!”
Malları yükləyib qurtarandan sonra, malların yüklənməsində iştirak edən şəxslərin hamısı mallarla birlikdə Dərnəgüldə Çingizin cinayət ortağı olan Yaşar Ülvi oğlu Cabbarova məxsus “BAXİ” mağazasının arxasında yerləşən anbara gələrək, malları orada həmin anbara boşaltmışdılar.
Mənə məxsus olan və cinayət yolu ilə ələ keçirilən mallar boşaldıldıqdan sonra Çingiz Ağayev anbarda malları saydırıb. O zaman bəlli olub ki, mallarda əskiklik var. Bunu Söhrab Mehtiyevə irad tutub. O da qardaşı oğlu Camalı Bakıxanov qəsəbəsində yerləşən və hazırda Vüqar Ülvi oğlu Cabbarovun adına rəsmiləşdirilən hamama – o zaman yarımtikili idi, ora aparıb. Söhrab Mehtiyev qardaşı oğlunu orada günlərlə ac-susuz saxlayıb döymüşdü. Hətta dişini də sındırmışdı. Camal Mehtiyevin əlində dişinin sındırılması haqda həkim rəyi də vardı.
Mən həbsdən azad ediləndən sonra Camal Mehtiyevlə görüşdüm. O, mallarımın Çingiz Ağayevlə Yaşar Cabbarova məxsus anbara daşınması, oradan kimlərə satış üçün verilməsi haqda tam məlumat verdi. Mənə mallarımın anbarda olmasını təsdiq edən fotoşəkilləri də təqdim etdi. Həmin fotoşəkilləri də məhkəməyə təqdim edirəm. Bizə qarşı qondarma canayət işində mənə məxsus malların üzərindəki kodlarla həmin anbardakı qutuların üzərindəki kodlar dəqiqliyi ilə üst-üstə düşür.
Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Yəhya oğlu Ağayev və onun şəriki Yaşar Ülvi oğlu Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub.
Bizə qarşı cinayət hazırlayan, iştirak edən Mövlam Şıxəliyev başda olmaqla Yasin Məmmədov və digərilərinin barəsində qanunun imkan verdiyi qədər sərt cəza verilməsini xahiş edirəm. Və malımın qaytarılması dəymiş maddi və mənəvi ziyanımın ödənilməsini tələb edirəm.
Bundan sonra məhkəmə prosesi yanvarın 25-nə qədər təxirə salınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com