Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşacaq. Müasir Ağdam keçmiş Ağdam şəhərindən və onun ətrafındakı səkkiz kənddən ibarət olacaq.
İlkin mərhələdə Ağdamda 1 şəhər və 12 kənd bərpa olunacaq.
2024-cü ilin sonunadək Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində işlərin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır.
Bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla) işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, Ağdamda 5 yaşayış məhəlləsi salınacaq, açıq havada “Qələbə” və “İşğal” muzeyləri fəaliyyət göstərəcək. Məscidin arxasında, dağıdılmış ərazidə “İşğal” muzeyi yaradılacaq. Ərazidəki xarabalıqlar qorunacaq və toxunulmaz saxlanılacaq. Erməni vandalizmi və işğalı tarixinin şahidi olan muzey gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən danışacaq, onlara tarixi həqiqətləri unutdurmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər bu şəhərin yaşadığı işğal tarixinin acı həqiqətini öz gözləri ilə görə biləcəklər.