Mübariz Ağalarlı; “1941-45-ci illər savaşı bizim üçün böyük vətən müharibəsi deyil”

09/05/20 7:05

Hörmətli Həmkarlar.

Biz könllü şəkildə deyil, “Vətən müharibəsi” adlandırılan, 1941-1945-cillər II Dünya müharibəsində Sovet imperiyasının işğalında olan bir bölgə kimi müharibədə iştiraka məcbur edilmişik. Müharibə dövründə Stalinin neft Bakısını məhv etmə planını, Azərbaycanlıların Orta Asiyaya sürgün planını, 1948-1953-cü illərdə döşlərində “Vətən müharibəsi” nişanı asılmış 200 min azərbaycanlının Qərbi Azərbaycandan qovulmasını, neftinə görə dünyanı faşizm işğalından xilas eyləyən Bakıya qəhrəman şəhər adının verilməməsini göz önünə gətirsək, iki diktatorun apardığı və ən azından 300 min azərbaycanlı vətəndaşımızın məhvinə bais olan müharibəyə necə “Vətən müharibəsi” deyə bilərik? Unutmayaq, çar Rusiyasi və sovet Rusiyası bizim vətənimiz olmayıb. Acı gerçək budur ki, biz 1828-1991-ci illərdə çar və sovet Rusiyasının işğalında olmuşuq. Gəlin özümüzü aldatmayaq. Ruslar heç zaman bizim torpaqlara vətən kimi baxmayıblar, biz də Rusiyaya vətən kimi baxmamışıq. Bizim torpaqların böyük qismini ruslar hərraca qoyub satıblar. Hansı vətəndən danışırıq. Bizim Vətən müharibəmiz Qarabağ müharibəsi, Qələbə bayramımız isə erməni faşistləri üzərində Qələbə günü olacaqdır.