Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Hökuməti elan olundu …Foto, video

10/05/20 3:46

BAO-nun təşkilatçılığı ilə onlayn konfrans keçirildi

09.05.2020-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə zoom platformasında “Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması” mövzusunda onlayn konfrans keçirilmişdir.

BAO Mərkəzi Şurasının üzvü, tarixçi-araşdırmaçı Şahlar Hacıyev açılış çıxışı edərək konfransın keçirilməsinin məqsəd və məramı barədə məlumat vermişdir.

Daha sonra söz konfransın məruzəçilərinə verilmişdir.

Jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyəs Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, prof. Qafar Çaxmaqlı, təşəbbüs qrupunun üzvləri Cəmşid Dərələyəzli və Muxtar Oxçoğlu məruzə ilə çıxış etmişlər.

Tədbirdə “Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması haqqında Bəyannamə” oxunaraq konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

Konfrans iştirakçılarından Zahir Əlisoy, Qasım Hacıyev, Qələndər Muxtarlı, Dilavər Əzimli, Təbriz Musayev, Faiq Ələkbərli, Zəkulla Bayramlı, Anar Can Kıtay, Seyfəddin Altaylı, Allahverdi Seyidov və d. məruzəçilərin çıxışlarına, o cümlədən Bəyannaməyə münasibət bildirmiş, sual və təkliflərini ünvanlamışlar.

Konfrans Bütöv Azərbaycan Ocaqlarının rəsmi facebook səhifəsindən canlı olaraq yayımlanmışdır.

Konfransın video linki:

https://www.facebook.com/baoazerbaycan/videos/816597925531022/

Bakı, 10 may 2020-ci il.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması haqqında

BƏYANNAMƏ

Heç kəsə sirr deyildir ki, indiki Ermənistan Respublikası 1918-ci ildə qədim İrəvan xanlığının ərazilərində qurulmuş və bunun ardınca bu torpaqların əsil sahibi olan Azərbaycan türkləri müxtəlif dövrlərdə öz ərazilərini tərk etməyə məcbur edilmişlər. İndi adına “Ermənistan” deyilən ölkədə bir nəfər belə soydaşımız yaşamır. Bu gün Qərbi Azərbaycanda buranın əsil sahibləri olan bizlər yaşamırıqsa, bu, heç də o demək deyildir ki, biz Vətənimizdən imtina etmişik. Bu həm də o anlama gəlməməlidir 50-100 il sonra burada Azərbaycan türkləri yaşamayacaqlar. “Qərbi Azərbaycan” kimi tanınan bu ərazilər tarixi Azərbaycanın qərb hissəsinin bir parçasıdır. Bu baxımdan biz, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində yaşamış əhalinin təmsilçiləri olmaqla, bəyan edirik ki, doğma vətənimizə dönmək, bu torpaqları onun əsil sakinlərinin ixtiyarına vermək üçün qərarlı mübarizə aparacağıq. Bu mübarizəni başa çatdırmaq üçün də Mühacirətdə Qərbi Azərbaycan (İrəvan ) Respublikasını elan etməyi özümüzə başlıca məqsəd saydıq.

Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu ortaya qoyur. Uzun əsrlər boyu daimi yaşayış məskənimiz olan bu torpaqlarda bizim milli dövlətimiz olmuşdur, bu dövlətin hakimiyyəti altında yaşayan digər xalqlar ədalətlə idarə edilmiş, onların milli-mədəni inkişafı təmin edilmiş, heç zaman milli və dini ayrı-seçkiliyə yol verilməmişdir. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyildir.

Bir tarixi dönəmdə İrəvan bölgəsi Azərbaycan Səfəvilər dövlətinin əsas vilayətlərindən biri olmaqla, xüsusi statusa malik olmuşdur. Müstəqil İrəvan xanlığı isə 15 mahallı bir dövlət olmaqla, onun nizami ordusu, vahid idarəetmə sistemi, dövlət strukturlarına malik idi. Bu xanlıq xarici ölkələrin tanıdığı beynəlxalq subyekt olmaqla, müəyyən olunmuş sərhədlərə malik idi. Lakin bölgədə baş verən ictimai-siaysi proseslər, xüsusən Rusiyanın apardığı müstəmələkəçilik siyasəti nəticəsində İrəvan xanlığı zəiflədilmiş və daha sonra Rusiya ilə Qacar Türk dövləti arasında gedən müharibənin nəticəsi olaraq 1827-ci ilin sonunda Rusiya tərəfindən işğal edilərək, 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsi ilə onun tərkibinə qatılmışdır.
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan “Erməni vilayəti” adlanan yeni inzibati qurum yaradılmışdır. Lakin 1849-cu ildə bu qurumun adı dəyişdirilərək “ İrəvan quberniyası” qoyulmuşdur. 1829-cu ildən başlayaraq Türkmənçay və Ədirnə sülh müqavilələrində əks olunan maddələrə əsasən İrəvan, Naxçıvan, Qarabağ ərazilərinə Osmanlı və Qacar dövlətlərinin ərazilərindən ermənilərin köçürülməsinə başlanılmışdır. Çar Rusiyası dövründə Rusiyanın ali rəhbərlərinin dəstəyi ilə Cənubi Qafqaza intensiv surətdə ermənilərin köçürülməsi ilə buranın yerli əhalisinin sayında ciddi azalma olmuşdur. 1828 və 1920-ci illər arasında Azərbaycan torpaqlarına 560.000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başlamışdır. O cümlədən Azərbaycanın bir sıra şəhərlərində də demoqrafik durum dəyişmişdir.

Çar Rusiyasının süqut etməsinin nəticəsi olaraq, 1918-ci il mayın 28-də Azərbaycan və Ermənistanın müstəqilliyi elan edilmişdir. Həmin il mayın 29-da Azərbaycan Müsəlman Milli Şurasının iclasında həmin dövr qaydalarının diqtəsi əsasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu qərara Milli Şuranın 28 üzvündən 16-sı razılıq vermiş, üç nəfər bitərəf qalmış, bir nəfər də etiraz etmişdir. Lakin İrəvanın Azərbaycan türkləri bu qərara etiraz etmişlər. Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirirlər.
Daha sonra 1919-cu ilin yanvar ayının 4-də Azərbaycan parlamentinin üzvləri Teymur xan Makinskinin, Məhərrəm Mәhәrrәmovun, Әkbәrağa Şeyxülislamovun və İrəvan quberniyası ziyalılarının bir qrupunun imzası ilə parlament sədrinə ünvanlanan müraciətdə deyilirdi ki, İrəvan quberniyasında sırf müsәlmanlar ilә mәskun olan 500 min әһali özlərini Azәrbaycanın ayrılmaz bir parçası hesab edirlər. Məktubda erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrәvan müsәlmanlarının mövcudiyyətinin müһafizәsi üçün lazım gәlәn tәdbirlər görülsün.
Lakin 1918-ci il mayın 29-da isə Tiflisdə Azərbaycan Milli Şurasının iclasının 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair Erməni Milli Şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edərkən bildirir ki, Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır. Xoyski çıxışında qeyd edir ki, Aleksandropol (Gümrü) ərazisi Türkiyəyə keçdiyi üçün, belə mərkəz kimi İrəvanın olmasını bizdən tələb edirlər. O zamanın reallıqlarını nəzərə çatdıran Xoyski Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün İrəvanın ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu bildirir.
Bu cəhət nəzərə alınmalıdır ki, Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmağa başladılar. Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi “qayğı” nəticəsində bizim torpaqlardan əlavə “pay” torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılmışdır. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilmişdir. Bu, dövlət səviyyəsində aparılmışdır. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır Həmin qərara “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. SSRİ Nazirlər Soveti birinci qərarına 10 mart 1948-ci il tarxili 754 saylı qərarını əlavə etməyi “lazım” bilmişdir. İ. Stalin tərəfindən imzalanmış həmin ikinci sənəd 23 dekabrda qəbul edilmiş qərarın gələcək inkişafını planlaşdırırdı və bu da azərbaycanlıların tarixi ərazilərindən köçürülməsi üzrə tədbirləri gücləndirdi. 23 dekabr 1947-ci il tarixli qərarın birinci hissəsində deyilirdi ki, 1948-1950-ci illər ərzində Ermənistan ərazisində yaşayan 100.000 azərbaycanlı kolxozçu və azərbaycanlı əhalinin digər nümayəndələri “könüllü surətdə” Azərbaycan SSR–in Kür-Araz ovalığına köçürülməlidir. Onlardan 10.000-i 1948-ci, 40.000-i 1949-cu, 50.000-i isə 1950-ci ildə köçürülməlidir. 1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il dekabrın 18-də sərəncamı da bu aktın qanunsuzluğunu araşdırmaq baxımından əhəmiyyətlidir. Sərəncamda 1948 – 1953-cü il deportasiyasını kompleks şəkildə öyrənmək vacib şərt sayılır. Deportasiyanın kompleks şəkildə öyrənilməsi, deportasiyanın ideya rəhbərlərini, təşkilatçılarını və həyata keçirilməsinin bütün məsuliyyətini aydınlaşdırılması baxımından əhəmiyyətli sənəddir. Bu sənəd də bizə imkan verir ki, bu torpaqlara sahiblik haqqımızı tələb edək.

Sonuncu deportasiya da qanunsuz aktdır, 1988-1989-ci illərdə 250 mindən artıq azərbaycanlı yenə də doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Bu da dövlət səviyyəsində edilmiş insan haqları pozuntusudur. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı azərbaycanlılara məxsus şəhər, qəsəbə və kəndləri, onların qəbiristanlıqlarını, tariхi abidələri, dini mərkəzləri, məktəb, хəstəхana və digər binaları darmadağın etdilər. İki əsr davam edən qovulma və köçürmə əməliyyatları nəticəsində zaman-zaman 1,5-2 milyon Azərbaycan türkü Ermənistandakı tarixi yurdlarından qovulmuş və ya müxtəlif bəhanələrlə öz evlərindən köçürülmüşdür. 1948-1953, 1988-89-cu illərdə Azərbaycan türklərinin öz yurdlarından zorla köçürülməsi ilə Sovetlər Birliyi Konstitusiyasında nəzərdə tutulan insan hüquqları, beynəlxalq hüquq normaları və milli bərabərlik hüququ kobud şəkildə pozulmuşdur. 1948-1953-cü illərdə 1936-cı il SSRİ və Azərbaycan SSR Konstitusiyalarında nəzərdə tutulan (maddə.5) referendum keçirilmədən 144.654 nəfər köç etdirilmiş, bütün millətlərin qanun qarşısında bərabərliyi (maddə 36) təmin edilməmişdir.

Biz öz ölkəsindən, doğma yurdlarından qovulmuş azərbaycanlı əhalinin iradəsini ifadə edərək, beynəlxalq qanunları əldə rəhbər tuturaq, insan hüquqları haqqında bəyannamənin ümumbəşəri prinsiplərinə və bütövlükdə beynəlxalq hüquq tərəfindən qəbul edilmiş meyarlara əsaslanaraq, xalqların öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək,
Bəyan edirik:

1. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik

2. İndi adına Ermənistan deyilən ölkədən qovulmuş, zorla köçürülmüş, deportasiya və sürgün etdirilmiş Qərbi Azərbaycan kökənli insanların və onların varislərinin bu ərazilərdə bir dövlət qurmaq haqqı vardır.

3. Elan olunan Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası parlamentli respublika olacaqdır.

4. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının paytaxtı İrəvan şəhəri olacaqdır.

5. Mühacirətdə Qərbi Azərbaycan ( İrəvan) Respublikasının Ana Yasası, bayrağı, gerbi və dövlət himni olacaqdır.
6. Bu Respublikanın Milli Məclisi, Höküməti və digər idarəetmə orqanları seçilənədək idarəedici orqan müvəqqəti olaraq Qərbi Azərbaycan (İrəvan) Respublikası Milli Şurasıdır.
7. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının qarantı onun xalqıdır – bu gün sürgündə vətən həsrəti ilə yaşayan, dünyanın müxtəlif yerlərinə səpələnmiş olan Qərbi Azərbaycan kökənli türklər, kürdlər, ruslar, yezidilər, qreklər, aysorular və başqalarıdır. Onların milli mədəni hüquqlarının bərpa edilməsi üçün bu ərazilərdə demokratik dövlət sistemi yaradılacaq və bu insanların və onların övladlarının geri dönüşü təmin olunacaqdır.
8. Beynəlxalq hüquq prinsiplərinə görə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Milli Şurası müstəqil xarici siyasət yürüdür. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası digər dövlətlərlə birbaşa əlaqələr qurur, beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir, xalqının və dövlətinin hüquqlarını müdafiə edir.
9. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının milli sərvəti – torpaqları, yeraltı və yerüstü zənginlikləri, iqtisadi, intellektual və bütün mədəni potensialı – yaşadığı ölkədən asılı olmayaraq bu millətin özünə məxsusdur. Onların mülkiyyəti yaradılacaq Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası hökümətinin qanunları ilə tənzimlənəcəkdir.
10. Mühacirətdə Qərbi Azərbaycan(İrəvan) Respublikasının valyutası yaradana qədər Azərbaycan Respublikasının valyutasından yararlanaraq öz milli bankını, idxal-ixrac sistemini, müxtəlif mülkiyyət növlərinə əsaslanan vergi və digər xidmətlərini yaradacaqdır.
11. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Milli Şurası, qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə geniş meydan açır, söz, mətbuat və vicdan azadlığına zəmanət verir. Gələcəkdə Respublikanın parlamenti və höküməti bu funksiyaları öz üzərinə götürəcəkdir.
12. Milli Şura, Azərbaycan Türk dilinin həyatın bütün sahələrində dövlət dili kimi istifadəsinə zəmanət verir. Milli Şura öz təhsil sistemini və elmi və mədəni inkişafının əsaslarını yaradacaqdır. Qərbi Azərbaycan Milli Elmlər Akademiyasına və orta və ali təhsil müəsisələrinə, ictimai-siyasi qurumlara, müstəqil mətbuata malik olacaqdır.

13. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası MŞ-ı ölkənin sərhədləri içində ayrı-ayrı illərdə xalqımıza qarşı edilən soyqırımı siyasətinə siyasi qiymət verilməsinə, beynəlxalq təşkilatlarda Qərbi Azərbaycan ərazisində baş verən hadisələrə hüquqi qiymət verilməsinə, günahkarların mühakimə edilməsinə çalışacaqdır.
14. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Milli Şurası bu respublikanın elan olunması üçün yaradılan Təşəbbüs Qrupu üzvlərinin içərisindən demokratik prinsiplərlə seçiləcəkdir. Parlament seçkiləri keçirilənədək və hökümət formalaşanadək Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası adından danışıqlar aparmaq, müqavilələr imzalamaq, qərarlar qəbul etmək Milli Şuranın müstəsna hüququdur.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının

yaradılması üzrə Təşəbbüs qrupu:

Qafar Çaxmaqlı -sədr

Üzvlər:

Cəmşid Dərələyəzli,

Muxtar Oxçoğlu,

Seyfəddin Altaylı ,
Dilavər Əzimli,
Allahverdi Seyidov,
Qələndər Muxtarlı,
Şahlar Hacıyev,
Hüseyn Mustafa,
Tariyel Babayev,
Şahin Haqverdiyev,
İsa Dərəçiçəkli,
Anar Can Kıtay,

Aynur Hüseynova,

Qasım Hacıyev,

Təbriz Musayev,

Araz Şamilov,

Faiq Ələkbərli,

Alı Balayev,

Şakir Göyüşov,

Rasim Cömərd

İlham Musayev,

Ceyran Ənsər,

Aslan Azadəliyev,

Namiq Aslanov,

Tahir Hüseynov,

Sahib Musayev,

Ülviyyə Məmmədova… və başqaları (… nəfər)

Qeyd: Təşəbbüs qrupuna üzv qəbul edilməsi açıqdır.

BAO mətbuat xidməti

Transqafqaz.com
Toğrul Lətifzadə