Nəcəfalı Cahangirli: 28 Aprel işğalına gedən yol…

26/04/20 5:32

Azad Demokratlar partiyası idarə heyətinin üzvü

1917-ci ilin oktyabrda Rusiyada bolşeviklər çevriliş edərək hakimiyyəti zəbt etdilər.Öz hakimiyyətlərini möhkəmlətmək üçün II Nikolayı ailə üzvləri ilə birlikdə qətl etdilər. Bu Rusiyada vətəndaş müharibəsinin başlanmasına səbəb oldu.Kornilov, Yudeniç, Krasnov, Kolçaq və Denikin orduları ilə müharibə dağılmış Rusiyanı tamamilə aclığa fəlakətə sürüklədi.Bolşeviklər fəlakətdən Rusiyanı xilas etmək üçün Azərbaycanın zəngin təbii sərvətlərini və neftini ələ keçirməyi, yəni işğal etməyi qərara almışdılar.Lakin daxili və beynəlxalq vəziyyət buna imkan vermirdi.Məhz elə buna görə də sona qədər Sovet Rusiyası AXC-i tanımadı.Əgər tanısaydı işğal planların həyata keçirə bilməzdi.Odur ki, Azərbaycanda sosialist inqilabı edərək buraya sahib olmağı qərara aldılar. ”İlk növbədə Azərbaycanın daxilindəki Rusiyameyilli və xəyanətkar qüvvələr bir mərkəzdə birləşdirildi. Moskvanın birbaşa göstərişi ilə Azərbaycan Kommunist Bolşeviklər Partiyası yaradıldı. (Az-n tarixi 9-cu sinif.Bakı 2019.səh.111) 1920-ci il 10 fevralda yaradılan bu bolşeviklər partiyası silahlı üsyana hazırlaşmağa başladılar, lakin Azərbaycanda sosialist inqilabı etmək mümkün deyildi.Çünki kommunist ideologiyası xalqımıza yad bir ideologiya idi.Həm də o zaman Azərbaycanda vəziyyət o qədər də pis deyildi.Bunu N.Nərimanovun Leninə yazdığı məktub da sübut edir.O yazırdi: ”…sinfi mübarizə imkanları qalmamışdır. Hamı fikir və ideya ətrafında birləşmişdir”.(İzbranniy soçineniye N.Narimanova Bakı, 1989.səh.1890.) Sonra o yazırdı: ”Ərzaq işi yaxşıdır, ərzaq boldur…Azərbaycana giriş çıxış sərbəstdir. Qəzetlər bütün istiqamətdə çap edilir, ingilis nümunəsində mətbuat azadlığı var”.(yenə orada səh.222) Sonra o yazırdı: ”Mən sizə əvvəldən cavab verirəm.biz rus yoldaşlarımızdan kömək gözləyəcəyik….Bakıya kimi biz süngülərlə gedəcəyik”.(yenə orada səh.190) Beləliklə, Nərimanov,Qarayev,Sultanov,İldırım və onlarin silahdaşları açıq-aşkar Azərbaycanda sovet hakimiyyətinin qurulmasını işğal etməklə mümkün olduğunu bildirirdilər.Həqiqətən də, Azərbaycanda sosialist inqilabı etmək mümkün deyildi Çünki bolşeviklərin xalq arasında nüfuzu yox idi. Bolşeviklər Vahid Rusiya şüarı ilə çıxış edirdilər və xalqın xoşbəxtliyini Rusiyanın tərkibində görürdülər .Hətta muxtariyyət məsələsini belə gündəmə gətirmirdilər.Belə olan təqdirdə Azərbaycanı sovetləşdirməyin bir yolu qalırdı, o da silahlı müdaxilə və işğal.1920-ci ilin əvvələrində Denikin ordularini məğlub edən bolşevik orduları Azərbaycan sərhədlərinə yaxınlaşdilar.Lenin 1920-ci ilin martın 17-də Qafqaz cəbhəsi Hərbi İnqilab Şurasına- Ordjenikidzeyə göndərdiyi teleqramda açıq şəkildə yazmışdır:”Bakını ələ keçırmək olduqca və olduqca vacibdir .Sovet Rusiyası nəinki Bakını Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarını da işğal etməyi də planlaşdırmışdır”.(Bakı Universt.nəşr.2014.səh.266.)Bu məqsədlə şimal sərhədlərimizə 130 minlik hərbi qüvvə.zirehli qatarlar və hətta Xəzər dənizində hərbi gəmilər də hazır vəziyyətə gətirilmişdir. Cənubi Qafqaz Respublikalarını işğal etmək üçün onlarin birləşməsinə yol vermək olmaz idi. Bu məqsədlə daşnaq hökuməti ilə danışıqlara başlanıldı.Onlara torpaq vəd edərək onların Qarabağda qiyam qaldırmalarına nail oldular.22 mart 1920-ci ildə daşnaq ordusunun Qarabağa girməsi Azərbaycan ordusunun Qarabağa getməsinə səbəb oldu.Beləliklə, şimal sərhədlərimiz boş qaldı. Milli ordumuz aprelin 6-da Əsgəran yaxınlığında daşnaklari ağır məğlubiyyətə uğradaraq Əsgəran Xocalı və Xankəndini azad etdi.Aprelin 12-də Şuşa yaxınlılğında Keşiş kəndi ətrafında Dronun daşnak orduları darmadağın edildi. Azərbaycan torpaqları daşnaklardan təmizləndi. Şimal sərhədlərimizin boş qalmasından istifadə edən XI Qırmızı Ordu aprelin 26-da gecə sərhədimizi keçdi.Quba polkunun 2 batalyonu və Göyçay polkunun 1 batalyonu qəhrəmanca döyüşərək həlak oldular.3 batalyon 130 minlik bir ordunun qabağın ala bilməzdi.Baxmayaraq ki əvvəldən şimal sərhədlərimiz istehkamlarla möhkəmləndirilmişdi.Aprelin 27-də Quba və Qusar işğal edildi.Həmin gün axşam zirehli qatarlar Biləcəri stansiyasına daxil oldular.Belə bir vaxtda bolşeviklər geniş təbliğat aparırdılar ki XI rus ordusu Anadoluya köməyə gedir Müsavat hökuməti isə qardaşlarımıza köməyə gedən ordunun Azərbaycandan keçib getməsinə icazə vermir.Halbuki bu ordu Anadoluya yox bizi işğal etməyə gəlirdi. Başımızın üstünü ölüm təhlükəsi aldığı bir vaxtda ordumuz Qarabağda saxlanıldı.Baxmayaraq ki aprelin 12-dən hərbi əməliyyatlar bitmış daşnaq orduları darmadağın edilmişdi Ordumuzun şimal sərhədlərimizə və Bakıya gətirilməsi üçün kifayət qədər vaxt var idi.Vətənin başı üstünü ölüm təhlükəsi aldığı bir vaxtda müdafiə naziri S.Mehmandarov özünü xəstəliyə vurdu.Onun vəzifəsini icra edən Ə.Şıxlinski isə ordunun Qarabağda qalmasını əmr etdi.Bu da haqlı olaraq şübhələnməyə əsas verir.Nəzərə alsaq ki, ‘’mən rus generalıyam rus əsgərinə güllə atmaram’’ ifadəsini də o demişdir. S.Mehmandarovun özünü xəstəliyə vurması yadıma ingilis admiralı Nelsonu saldı. 1805-ci ildə Trafalqal döyüşündə bir neçə yerdən ağır yaralansa da o komandanı tərk etmədi, sona qədər döyüşə rəhbərlik etdi. Mehmandarov isə özünü xəstəliyə vurdu. Belə ağır vaxtda ölümcül olsa belə ordunun başında durmalı idi. Buna əsas verən bir məsələdə, bolşeviklər işğaldan dərhal sonra onlara tabe olmaq istəməyən milli ordunun baş qərargah rəisi general leytenant S.Sulkeviçi güllələdilər.Ancaq S.Mehmandarov və Ə.Şıxlinskini Moskvaya aparıb onlara hərbi akademiyada dərs verdilər. Məncə, bu ya onların şantaj edildiyini, ya da bolşeviklər tərəfindən ələ alındıqlarını göstərir.

Vəziyyətdən çıxmaq üçün AXC höküməti Gürcüstandan hərbi yardım istəsə də onlar bunu rədd etdilər.Avropa dövlətləri Osmanlının işğalı ilə məşğul olduqlarına görə bizə heç bir əhəmiyyət vermədilər. Yeganə ümid yeri ingilis,fransız, yunan. italyan işğalçılarına qarşı azadlıq mübarizəsi aparan Atarürk idi ki, o da Lenindən, Sovet Rusiyasından kömək aldığına və ölüm-dirim müharibəsi apardığına gğrə bizə kömək etməsi mümkün deyildi. Bir çoxları Atatürkün Azərbaycanı ruslara qurban verdiyini deyir. Ancaq unudurlar ki, tarix konkret hadisə və faktlardan ibarətdir.1920-ci ilin yanvarında İstanbulda məclis milli and qəbul etdi. Bu da Osmanlının işğalının başlanmasına səbəb oldu. Hər yerdən vətənpərvər qüvvələr Ankaraya axışıb gəlməyə başladı. 1920-ci il aprelin 23-də Ankarada TBMM işə başladı. Göründüyü kimi Türkiyənin İstanbul, İzmir daxil ərazilərinin 70 faizi işğal atında idi. Belə ağır vəziyyətdə Atatürkün bizə kömək etməsi heç cür mümkün deyildi. Çünki onun özünün böyük köməyə ehtiyacı vardı. Lenin Atatürkü sevdiyinə görə kömək etmirdi. Əgər Atatürkün başladığı azadlıq müharibəsi məğlub olsa idi, müttəfiq orduları Qafqaza daxil olar, Denikinnən birləşib Sovet Rusiyasını məhv edə bilərdi. Ən azından Sovet Rusiyası Cənubi Qafqazdan əlini üzməli idi. Buna yol vermək olmazdı. Məhz buna görə Lenin Atatürkə hərbi yardım edirdi. Beləliklə, bizə kömək edəcək heç bir dövlət yox idi. Nəhəng rus ordusunun qarşısında biz təklənmişdik. Bütün bunlara baxmayaraq, parlamentin aprelin 27-də keçirilən iclasında M.Ə.Rəsulzadə hakimiyyətin bolşeviklərə verilməsinə kəskin etiraz edərək bildirmişdir.’’ Yalan təbliğata əl atan düşmən bizi aldadır ki, Rusiyadan gələn bu ordu Türkiyəni xilas etmək üçün gedir. Ancaq Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğalçı ordu buradan bir daha çıxmaq istəməyəcəkdir’’.(Az tarixi, Bakı universitet nəş.2014 səh.267) Əlacsız qalan parlament aprelin 27-də hakimiyyəti müsəlman kommunistlərinə təhvil verdi:

1.Azərbaycanın müstəqilliyi qorunub saxlanacaq.

2.Kommunistərin hakimiyyəti müvəqqəti olacaq.

3.Hökümət qulluqçuları işdən çıxarılmayacaq.

4.Hökümət və parlament üzvlərinə toxunulmnayacaq.

5.Siyasi partiyaların fəaliyyətinə icazə veriləcək.

6.Azərbaycan ordusu saxlanılacaq.

7.Rus ordusu Bakıya girməyib Türkiyəyə gedəcək.

Lakin, bolşeviklər bu şərtlərin heç birinə əməl etmədilər. Beləliklə, AXC süqut etdi, ikinci respublika ASSR yaradıldı. Bu məsələni xüsusi qeyd etmək istəyirəm, son vaxtlar Rusiya meyilli qüvvələr çox fəallaşıblar. Bilərəkdən və yaxud bilməyərəkdən SSRİ nostaljisi ilə fəallıq edirlər. Sizlərin bildiyi SSRİ tarixin arxivinə göndərilib. SSRİ artıq yoxdur və olmayacaq. Rus imperiyasını bərpa etmək istəyən işğalcı Rusiya var. Milli dövlətimizə sahib çıxmalıyıq. Əks halda tarix heçnəyi unutmur. 100 il bundan əvvəlkiləri unutmadığı kimi.

BAO.AZ