“Nardaran işi” üzrə məhkəmədə hökmün oxunması başa çatıb. Əməkdaşımız xəbər verir ki, məhkəmə Taleh Bağırzadəyə 20, Abbas Hüseynə 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verib.
Qalan 15 nəfər 10 ildən 19 ilə qədər azadlıqdan məhrum edilib. Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Ramin Yarıyevə 10 il, qalan 12 nəfərə isə 14 il 6 ay həbs cəzası kəsilib.
***
«Nardaran işi» üzrə məhkəmə bu gün başa çatır. Hazırda hökm oxunur. 100 səhifədən artıq həcmi olan hökmdən fasiləyə qədər ancaq təqsirləndirilən şəxslər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan 18 polisin ifadəsi oxunub. Saat 13-dən 14-ə qədər prosesdə fasilə elan olunub.
Vəkillər bildirir ki, polislərin məhkəmədəki ifadələri təhrif olunub, istintaqdakı ifadələr hökmə köçürülüb.
Prosesdə iştirak edən AXCP sədri Əli Kərimli də fasilə zamanı jurnalistlərə bildirib ki, istintaqda hazırlanmış saxta ifadələr hökmə olduğu kimi köçürülüb. O, bunun ən parlaq nümunəsi kimi müavini Fuad Qəhrəmanlının feysbuk statusları barədə hökmdə yazılanları göstərib. Deyib ki, Qəhrəmanlının statuslarında olmayan, amma istintaqda guya yazıldığı uydurulan ifadələr eynilə hökmə də salınıb. Hərçənd, həmin statuslar ortadadır və məhkəmə zamanı da sübuta yetirildi ki, orada istintaqın iddia etdiyi ifadələr yoxdur.