Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəməsində onun Xidmətə 5 milyondan çox zərər vurduğu üzə çıxıb.
Dəhşətli rəqəmdir. Bu rəqəmin yalnız bir şəxsin mədəni irsə vurduğu ziyan olduğunu düşünmək isə ondan da dəhşətlidir.
Ən dəhşətlisi isə qarşıdakı informasiyadır: Z.Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib, digərlərini isə 600 min dollarlıq (1 milyon manatdan çox), 130, 20 və 10 min manatlıq əmlakları ilə kompensasiya edib.
2014-cü ildə bu vəzifəyə təyin edilib, 2020-ci il 9 mayında azad edilib. Tam 6 ilə 6 milyona yaxın zərər – ilə bir milyon!
Ancaq bu, bilinən, üzə çıxandır, korrupsiya faktıdır. Bəs, aldığı rüşvətlər, üzə çıxarılası mümkün olmayanlar?
DTX-nin onun iş yerində və evində keçirdiyi əməliyyatlar zamanı maddi sübut kimi külli miqdarda vəsait götürülmüşdü, o vəsitlərin hansı yerlərdən “otkat” olmasını əks etdirən sübutlar vardı.
Bunlar maddi sübutlardır, məhkəməyə qədər onlardan istifadə mümkün deyil və prosesin predmetidir. Belə çıxır ki, Z.Sultanovun nağd şəkildə ödədiyi 4 milyon manatın son korrupsiya əməliyyatlarına aidiyyəti yoxdur.
Ona görə “daha dəhşətli”dir deyirik: evində, bağında, işində olan vəsaitlər müsadirə edilib, maddi sübut kimi götürüləndən sonra 4 milyon manatı da nağd şəkildə ödəməyi bacarırsa, bu mədəni irsin qorunması ilə məşğul olan şəxs nələr edib, haraları çapıb-talayıb ki, bu qədər sərvəti var? Hardaymış o 4 milyon manat ki, DTX-nin müsadirəsindən kənarda qalıb?
Başgicəlləndirici məbləğlərin bir “mədəniyyət” məmurundan çıxması adamı sadəcə şoka salır və məsələ də burasındadır ki, bu məbləğlərin “son” olduğunu düşünmək üçün heç bir “son” yoxdur – ardı gəldikcə gəlir, qazdıqca çıxır və bəlkə də dünyanın hansısa banklarına qədər uzanır.
Bu adam nələr oğurlayıb? İndiyə qədər konfort həyatına oğurladıqlarından nələr xərcləyib? Nə qədər dövlət pulunu göyə sovurub?
Belələri üçün hədd-hüdud yoxdur, bunların tamahının sərhədi mövcud deyil; belələri üçün ölçü vahidi də yoxdur, dövlətin milyonlarını heç bir zəhmət çəkmədən, sadəcə, oğurluqla ələ keçirdiklərindən, pulun həcmi haqda real təsəvvürləri olmur. Çünki zəhmətlə, normal bizneslə qazanmırlar və ona görə də milyonlar haqda qəpik-quruş kimi düşünürlər. Belələrinin bir əyləncəsinə milyonlar xərcləməsi də bu səbəbdəndir.
DTX-nin həbs etdiyi və evindən külçə qızıllardan tutmuş preslənmiş valyutalara qədər, böyük sərvət çıxan icra başçıları da araşdırılmalıdır: bu dövlətdən daha nələr oğurlayıb, haralara yerləşdirib-gizlədiblər?