Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.
Seçki məntəqələri yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılıb, saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq.
Ölkədə rəsmən fəaliyyət göstərən 4 partiyanın hər biri seçkilərdə namizədi ilə iştirak edir.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Seçkilərdə 21,4 milyon vətəndaşın səs verəcəyi gözlənilir. Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.
(apa)