Polşa təhlükəsizlik qüvvələri Belarusla sərhəddə 100-ə yaxın miqrantı saxlayıb

18/11/21 10:10

Polşa Müdafiə Nazirliyi iki ölkə sərhədində bir qrup miqrantın saxlanmasının görüntülərini dərc edib.

Polşa təhlükəsizlik qüvvələri 100-ə yaxın miqrantı Belarusdan ölkəyə daxil olmaq istəyərkən saxlayıb. Bu barədə cümə axşamı, noyabrın 18-də Polşa Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Bir qrup miqrant Dubiçe-Tserkiewne kəndində tikanlı məftilləri keçərək sərhədi keçməyə cəhd etsə də, dərhal Polşa sərhədçiləri tərəfindən saxlanılıb.

İdarə miqrantların saxlanması ilə bağlı görüntüləri də dərc edib.

Polşa Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Avropaya getmək ümidi ilə iki ölkənin sərhədində gözləyən qeyri-qanuni miqrantlarla bağlı insident gecə saatlarında baş verib.

Polşa Müdafiə Nazirliyi Belarus hakimiyyətini sərhədi keçməyə çalışan miqrantlara kömək etməkdə ittiham edib.

Mesajdan belə çıxır ki, bir qrup miqrant onlara müxtəlif əşyalar ataraq hərbçilərin diqqətini yayındırmağa, digəri isə bu zaman sərhədi bir qədər irəlidə olan ərazidə keçməyə çalışıb.

Belarus və Polşa sərhədində miqrasiya böhranı noyabrın 8-dən davam edir.

Belarusun Qrodno şəhərindəki Bruzgi keçid məntəqəsində minlərlə miqrant toplanıb, Polşa ərazisindən keçməklə Avropaya keçməyə can atıb. Onların əksəriyyəti İraqda viza aldıqdan sonra Belarusa gediblər.

İki minə yaxın miqrant, o cümlədən xeyli sayda qadın və uşaq Polşa sərhədi boyunca qurulmuş çadırlarda gecələyir. Onlardan bəziləri meşədə kortəbii düşərgə qurur, qalanları Belarus hakimiyyətinin verdiyi qapalı logistika mərkəzində gecələyir.

Soyuqlara baxmayaraq, qaçqınlar hələ də Avropaya çatmaq ümidi ilə sərhəd zonasını tərk etməkdən imtina edirlər.

Zaman-zaman miqrantlar sərhədi keçməyə cəhd edirlər, lakin Polşa təhlükəsizlik qüvvələrinin sərt müqaviməti ilə üzləşirlər.

Buna baxmayaraq, iki ölkənin sərhədini keçməyi bacaranlar Polşa təhlükəsizlik qüvvələri tərəfindən aqressiv şəkildə Belarus ərazisinə sıxışdırılır.

Transqafqaz.com