Deyəsən ölkənin bütün müxalifyönlü siyasi təşkilatlarında bir qurultay sindromu yaşanır
Müsavatdan başqa daha bir neçə siyasi təşkilat var ki, qurultaylarını keçirməkdə zorlanırlar, özü də tədbirlərini keçirmək üçün münasib məkan tapa bilmədiklərinə görə yox…
Məsələn, iki qanada parçalanmış “Boz qurd” partiyası kimi. Bir qanada keçmiş daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi qurultaya hazırlıq üzrə təşkilat komitəsi, digər qanada isə parçalananadək partiyanın sədri olmuş Qələndər Muxtarlının rəhbərlik etdiyi təşkilat komitəsi bu ilin payızında qurultay keçirmək üçün qollarını çırmayıblar…
Görünən odur ki, heç də hər şey qaydasında deyil və heç bir qanad təkbaşına bu tədbiri istədiyi şəkildə keçirmək iqtidarında deyil.
Amma Qələndər Muxtarlı bu qənaətlə razı deyil və işlərinin qaydasında olduğunu iddia edir:
“Hazırlıq tam qaydasında və planlaşdırdığımız qrafiklə gedir. Üstəlik, biz də ölkə siyasi həyatında bir durğunluq yaşandığını inkar etmirik və bu passivlik bizim bir çox üzvlərimizə də sirayət etməmiş deyil. Amma şəxsən biz tərəfdar korluğu şəkmirik və payızda hər kəs “bozqurdlar”ın keçirəcəkləri tədbirə baxıb özləri üçün nəticə çıxara biləcəklər.Sadəcə Moderator.az-a eksklüziv bir sirr açım ki, bizim parçalanma olmadan qurultay keçirmək imkanımız yaranıb, hal-hazırda onu həll etmək istəyirik.”
“Yəni İsgəndər Həmidovun tərəfdarlarıyla bir yerdə qurultay keçirmək şansları hələ qalır” sualına cavabında Qələndər Muxtarlı bunda ümidli olduğunu vurğuladı:
“Lap elə də ola bilər, sadəcə bir neçə adam var ki, onlarla məsələni həll edib qurultayı birgə keçirmək olar.”
Qələndər Muxtarlı “bəlkə aranızı vuran və təşkilatı parçalayan da elə həmin adamlardı” sualına cavabında da maraqlı açıqlamada bulundu:
“Təbii ki, onların partiyanın parçalanmasında müstəsna xidmətləri oldu, ən azı onlar olmasaydı, İsgəndər bəy o addımları atmazdi.”