QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)

30/11/21 4:36

V. ARZUMANLI, NAZİM MUSTAFA

«TARİXİN QARA SƏHİFƏLƏRİ: Deportasiya. Soyqırım. Qaçqınlıq» kitabından alıntı

REDAKSİYADAN: Tez-tez eşidirik, yeri gəldi, gəlmədi, xalq deyir ki, bizim ziyalımız yoxdur. Həqiqətləri yazmayıblar ki, bilək. Amma o yoxluğun içində sizə lazım olan bilgiləri yazanlar da az deyil. Ziyalının işi yazmaqdır. Sizin işinizsə oxuyub nəticə çıxartmaqdır. Lakin bu az yazılanı belə oxumursunuz və ona görə də elə bilirsiniz ki, kimsə yazmayıb. Gözləyirsiniz ki, mürgülü halda uzandığınız yerdə ziyalı gəlib öz yazdığını sizin üçün oxuyacaq və sizin yerinizə də nəticə çıxaracaq. Tanınmış iki alimimizin bu kitabını oxuyun və çox şeyləri biləcəksiniz. Bizim razılaşmadığımız bəzi məqamlar olsa da çox dəyərli bir əsərdir. Zəhmət olsa da OXUYUN!

1. ERMƏNİLƏRİN DÖVLƏT YARATMAQ SƏYLƏRİ

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər.

Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənməsində xüsusi rol oynayırdılar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər.

Erməni tacirləri I Şah Abbas haqqında nə qədər hədyanlar yağdırsalar da, fakt budur ki, 1605-ci ildə onun fərmanı ilə şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Bu məqsədlə İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, burada yaşayan ermənilər üçün kilsə və monastr inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta Şah Abbas bu tikililər üçün xəzinədən pul ayırmış və bu işi mükafatlandırmışdı.
Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə İtaliya, Fransa, Prussiya ilə ticarət əlaqələri yaratmışdılar. Yeni Culfa tacirləri Hindistanın əksər böyük şəhərlərində koitorlar təşkil etmişdilər.

Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə himayəçi axtarırdı. Eyni zamanda ermənilər şah sarayına yollar arayır, şahın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri və din xadimlərinin arzuları tədricən həyata keçirdi. Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi.

1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna məktublar göndərmişdi. Toskano hersoqunun qəbulunda olarkən Xoca Səfər şahın məktubundan əlavə ermənilərin Roma papası və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu bildirmişdi.

Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən Şərqdə-müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.

Daha əvvələr isə erməni kilsə xadimləri katolikos Stepanos Salmastesi (Salmastlı) və Abqar Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil erməni dövləti yaratmaq naminə köməklik göstərmələri üçün Avropaya nümayəndə heyəti səyahət etmişdi. Lakin nə papadan, nə də Qərbi Avropa dindaşlarından ermənilərin çağırışına məhəl qoyan olmamışdı.

XVII əsrin ortalarında rus dövlətinin öz mövqeyini möhkəmləndirməsi ən yaxın xristian ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox cəlb etməyə başlamışdı, Yaxın Şərqə maraq dairəsi baxımından ermənilərə ən əlverişli himayəçi Rusiya ola bilərdi.

Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət əlaqələri əsasən erməni tacirləri vasitəsilə həyata keçirilirdi.

Rusiyada İran ipəyi alveri ilə məşqul olan Yeni Culfalı Xoca Zakar Sarhadov 1660-cı il avqustun 28-də çar Aleksey Mixayloviçə “ermənilərə qarşı xüsusi lütfkarlığına görə” qiymətli hədiyyələr gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin “Silahlar palatasında” saxlanan “Almaz taxt”dır. Fil sümüyündən, qızıl və gümüşdən düzəldilən bu taxt incə Şərq üslubunda işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsi dənəsindən istifadə edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 22598 rubl 60 qəpik idi. Bundan əlavə Xoca Zakar rəssam Baqdan Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin “Sirli gecə” rəsmini da çara hədiyyə gətirmişdi.

Bundan sonra Rusiya ilə ticarət əlaqələri saxlayan erməni tacirləri üçün şərikli kompaniyalar yaratmağa hər cür şərait yaradılmış və gömrük məntəqələrindən onların gedib-gəlməsi üçün qadağalar götürülmüşdü.

1669-cu il dekabrın 3-də İsfahandakı erməni ticarət kompaniyasından Stepan Mişsekov və Baqdan Saltanov da hökmdarın adına hədiyyələrlə Moskvaya gedirlər.

1673-cü il yanvarın 7-də Xoca Zakar İsfahandan özünün ticarət xidmətçisi Stepan Romadamskinin vasitəsilə çara 9062 rubl dəyərində bəzəkli İran malları göndərmişdi.

1677-ci ildə katolikos Hakop Çuqaesinin (Culfalının) rəhbərliyi ilə Eçmiədzində din xadimlərinin yığıncağı keçirilir və Qərbi Avropaya nümayəndə heyəti göndərmək qərara alınır.

Nümayəndə heyəti İstanbula çatanda Hakop Çuqaesi ölür və nümayəndə heyəti geri qayıdır.

Bu tərkibdən yalnız atasını muşaiət edən İsrael Ori Avropaya səyahətini davam etdirir. 20 il Avropanı gəzib dolaşan İsrael Ori İtaliyada, Fransada va Almaniyada yaşayır. Fransanın yüksək dairələri ilə əlaqəyə girən İsrael Ori ermənilərin himayə edilməsi məsələsini qaldırır, lakin soyuq münasibətlə qarşılaşır.

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrail Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlir. O, 1701-ci il oktyabrın 28-də arximandrit Minas Vartapedlə birlikdə Bavariya kürfüstünün (knyazının) elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından çara və şahzadəyə (çareviçə) aşağıdakı hədiyyələri gətirmişdilər:

— qırmızı məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları qızıla çəkilmiş gümüşlə
əhatə edilmiş türk yəhəri;
— qızılı türk çulu;
— qızıla çəkilmiş gumüş türk yüyəni, gümüş dəhnə ilə birlikdə;
— türk quşqunu (quyruqaltısı);
— misdən düzəldilmiş, qızıla çəkilmiş iki turk üzəngisi;
-tapqır və ipək parçadan qarınaltı;
— tiyəsi poladdan, qırmızı dəstəkli, qızıla çəkilmiş gümüş qablı türk qılıncı;
— qızıl məftillə tikilmiş, qızılı gümüş qapaqlı dəridən hazırlanmış gümüş su qabı və s.
Şahzadə üçün gətirilən hədiyyələr:
— süvari üçün döymə gümüşdən hazırlanmış, qızıla çəkilmiş, məxmər örtüklü qın
(məhfəzə);
— türk yayı;
-30 dənə əla düzəldilmiş türk oxu.

İsrael Orinin və Minas Vartapedin çara gözqamaşdıran əntiq türk mallarını hədiyyə gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun isti boqazlara çıxmaq və İstanbulu ələ geçirmək üçün nə dərəcədə alışab-yandığını bilirdilər. Bu hədiyyələrlə onlar bu yanğını daha da qızışdırıb alovlandırmaq istəyirdilər. İsrael Ori saraya öz proqramını — Erməni dövləti yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi təklif etmişdi. Bundan sonra sarayda Zaqafqaziyaya yürüş üçün hazırlıq işləri görülməyə başlanmışdı. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori polkovnik rütbəsində 50 nəfərlik nümayəndə heyətinin başcısı kimi İrana yola düşür. Ona orada vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə qalaları, ölkənin yolları haqqında məlumat toplamaq tapşırılmışdı. Şübhə oyatmamaq üçün İsrael Orini Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim etmək qərara alınmışdı. 1709-cu ildə o, İsfahana gəlir. 1711-сi ildə Həştərxana qayıdır və orada ölür.

Sonralar Minas Vartapedlə birlikdə Yesai katolikos İsrael Orinin işini davam etdirmişdilər.

Rusiya — İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr həmin ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması haqqında fərman verir. Həmin fərmanla çar “xristianlıq naminə” erməni xalqını öz mərhəmətində saxlamaq və himayəyə götürmək qərarını vermişdi.

1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman verir.
18-ci əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır. İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif edir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov saraya layihə təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. Müharibədən sonra, 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başcısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskva varlısı İvan Lazarev (Novhannes Lazaryan) Rusiya hökumətinin numayəndələri ilə danışıqlar aparırlar ki, Osmanlı Türkiyəsi və İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratsınlar. Rusiya çarı bu ölkələrə hərbi yürüş etməyi planlaşdırır. Ermənilər danışıqlara rus sərkərdəsi A.B. Suvorovu cəlb edirlər, Suvorov isə “onların dövlətlərini bərpa etmək niyyətində olduqları” haqda ermənilərə vəd vermişdi.

Lakin 1796-cı ildə başlanan bu yürüş sonralar təxirə salınmış, I Yekaterinanın ölümü bu layihənin həyata keçirilməsinə mane olmuşdu. Qeyd etdiyimiz kimi, Ermənilər öz dövlətlərini qurmaq üçün hər cür vasitələrə əl atır, hətta hədiyyə adı altında rus çarlarına rüşvət belə verirdilər. Bununla onlar saray əyanlarının etimadını qazanır, hökumətin müxtəlif strukturlarında, xüsusən də hərbi sahədə öz nümayəndələrini yerləşdirməyə nail olurdular.

(ARDI VAR)

Mənbə: Fedai.az