Məqalə 2016-cı il 26 noyabr tarixində Borçalı Cəmiyyətinin təşkilatçılığı ilə BMM-də “Cənubi Qafqazda birgəyaşayış problemləri: Təməllər, Reallıqlar, Perspektivlər” mövzusunda keçirilən elmi-nəzəri konfransda “Cənubi Qafqazda birgəyaşayışın tarixi, sosial-fəlsəfi təməlləri”mövzusunda etdiyim məruzə əsasında hazırlanmışdır. Məruzə aşağıdakı ədəbiyyatlardan alınan faktlar və fikirlər əsasında hazırlanmışdır.
- Mehmet Emin Resulzade. Umumi Kafkasiya siyasetinin ana hatları/Azərbaycan Türk kültür dərgisi. Ankara.Sayı 282. Kasım-aralık 1991. S.121-123).
- Qurbanov R.O. Qafqaz tarixi. “Zərdabi LTD” MMC, Bakı, 2008,. 583 s.
- Mehmet Emin Resulzade.Hatıralar ve kafkasya.Sebahattin şimşir.istanbul.2011.208 s.
- İsmail Mehmetov. Türk kafkasında Siyasi ve Etnik yapı.Eski çağlardan günümüzə azərbaycan tarihi.Ötüken, İstanbul,2009,853s.
Bizim yaşadığımız coğrafi areal Xəzər-Qara dəniz arası Qafqaz coğrafiyasıdır. Qafqaz coğrafiyası Qafqzda birgəyaşayışın təməl əsaslarından biridir. Geosiyasət elmində məkan anlayışı haqqında belə bir müddəa var ki, Məkanın strukturu tarixin strukturunu müəyyən edir. Qafqazda birgəyaşayışın təməlində – eyni coğrafi arealda və landşaftda məskunlaşma nəticəsində, Qafqaz xalqlarında vahid tarixi tale birliyi, vahid sosio-kültürəl, sosial-psixoloji dəyərlər, ortaq miflər, qəhrəmanlar, məişət və həyat tərzinin formalaşması durur. Bu Ortaq dəyərlər Qafqazda qısaca olaraq qafqazçılıq adlandırılır. Qafqazçılıq coğrafi, sosio-kültürəl, sosial -psixoloji, iqtisadi və strateji əsasları olan bir ideyadır. Xalq arasında qısaca olaraq bu ideya Qafqaz rəqsi, Qafqaz kişisi, Qafqaz xarakteri, Qafqaz qılıncı, Qafqz qartalı, Qafqaz gözəli deyimləri və anlayışları ilə ifadə olunur. Məkan anlayışının geosiyasi xarakteristikası-onun vahidliyi və təhlükəzsizliyi ilə müəyyən edilir.Qafqaz coğrafiya kimi bütövdür, tamdır, yalnız siyasi baxımdan Rusiyanın işğalçılıq siyasətləri ilə parçalanmışdır. Nəticədə Qafqazda vahid iqtisadiyyat, vahid infrastruktur, vahid kommunikasiya və təhlükəsizlik platforması və hərbi doktrinası formlaşmamışdır. Lakin Qafqazda birgəyaşayışın əsaslarından biri olan, düşmənə, işğalçıya,Rusiyaya qarşı birgə mübarizə aparmaq təcrübəsi və siyasi hərəkatları, ideyaları, modelləri mövcuddur. Bu ideyalardan biri Şeyx Şamilin Müridizm ideyasıdır. Müridizm Rus-Qafqaz, Rus-türk müharibələri zamanı Qafqaz xalqlarının azadlıq mübarizələrini ifadə edən ideya qaynağıdır. Qafqaz müharibəsi XVI- XVIII əsrdən başlayaraq çağımıza XXI əsrə qədər davam etməkdədir və bu, Qafqaz Rusiya imperiyasının işğalından azad olunana qədər davam edəcəkdir. Bu müharibənin indiyə qədər bir neçə mərhələsi olmuşdur. Müharibənin birinci mərhələsində- 1785- 1790-cı illərdə Uşurma Mansur özünü imam elan edərək İslam bayrağı altında Rusiyaya qarşı bütün dağlıları-Qafqaz xalqlarını mübarizəyə çağırdı.Osmanlının dəstəklədiyi Uşurma Mansur məğlub olsa da , onun ideyaları ikinci(1790-1839), üçüncü(1840-52),dördüncü(1852-64), beşinci(1992-99) illərdə Rus- Qafqaz müharibəsində və bu müharibənin tərkib hissəsi olan Qarabağ müharibəsində, Çeçenistan müharibəsində davam etdirildi. Bu müharibələrin, mübarizələrin qəhrəmanları- Cavad xan, Qazı Məhəmməd, Həmzat bəy, Şeyx Şamil, M.Ə.Rəsulzadə, Cövhər Dudayev, Şamil Basayev kimi liderləri, milyonlarla şəhidləri və qəhramanları vardır. Qafqaz xalqlarını birləşdirərək Rus imperiyasına qarşı azadlıq və istiqlal müharibəsi aparan Şeyx Şamilin Müridizm ideyası bu gün də Qafqazda yayılaraq Rus imperiyasına qarşı yenidən Qafqz xalqlarını silahlandırmaq potensialına malikdir. Qafqazda birgəyaşayışın siyasi-dövlət modeli- Qafqaz xalqlarının konfederativ dövlət şəklində birləşərək Qafqaz konfederasiyasını yaratmaq ideyası 1918-ci ildə formalaşmış Qafqaz Seymində reallaşmışdır. 1918-ci ildə aprelin 22-də Zaqafqaziya seymi Güney Qafqazı Sovet Rusiyasından ayıraraq, Zaqafqaziya Federativ Respublikası elan etdi. Dövrün siyasi-tarixi şərtləri daxilində bu respublika cəmi 35 gün yaşasada bu gün Qafqaz xalqlarının birgəyaşayışının siyasi təməllərindən biridir. Qafqaz seymi Qafqaz xalqlarının eyni dövlət çatısı altında birləşməsinin siyasi-tarixi bir örnəyi, bir modelidir. Üçüncü ideya isə Məhəmməd Əmin Rəsulzadə öndərliyində mühacirət dövründə yaradılmış Qafqaz evi ideyasıdır. Qafqaz evi ideyasının əsas məqsədi Qafqaz xalqlarını birləşdirərək Qafqazı Rus kommunist imperiyasının işğalından azad etmək idi. Qafqaz evi ideyasının əsası və formatı 1934-cü ildə Brüssel konfransında qoyulmuş, 1940-cı ildə Parisdə dörd Qafqaz cümhuriyyətini təmsil edən nümayəndələrin iştirakı ilə protokol imzalanmışdır. 1952-ci ildə Münhendə M.Ə.Rəsulzadə (Azərbaycan), R.Gabaşvili (Gürcüstan), A.Maqoma (Şimali Qafqaz) imzası ilə Ümumi Qafqaz Konfransının Bəyannaməsi yayınlanmışdır. Qafqaz konfederasiyasının məqsədi-Qafqaz xalqlarının milli qurtuluş Hərəkatını təmsil etmək, qafqaz Milli Qurtuluş təşkilatlarının müştərək hərəkatlarını orqanizə etmək, Qafqaz Birliyi fikrini bütün dünyada və Qafqaz xalqları arasında yaymaq, “Bölünməz tək” zehniyyətini əsas alan Ümumrusiya platformasına qarşı “Qafqaz qafqazlılarındır” platformasını qoymaq, Qafqazın bütün milli təşkilatları ilə sıx iş birliyi quraraq Qafqaz Azadlıq mübarizəsinə nail olmaq idi. Məhəmməd Əmin Rəsulzadə Qafqaz konfransında etdiyi məruzədə bildirmişdir ki, “Rusiya tərəfindən işğal edilən Qafqazın nə etnik, nə kültür, nə də irq baxımından Rusiya ilə heç bir əlaqəsi yoxdur. Rus milləti öz etnoqrafik hüdudları daxilində hökm və haqlara sahibdir. Qafqaz məsələsi Rusiyanın iç məsələsi deyil,Rusiyaya qarşı alternativ bir məsələdir… Milli dövlətlərimizin istiqlallarını və onların qafqaz daxilində konfederativ bir birlik halında birləşmələri mücadiləmizin ilk planını təşkil edir. M.Ə.Rəsulzadə mühacirətdə olduğu dövrdə Qafqaz evi ideyasını bütün dünyada aktuallaşdırmaq məqsədilə “Prometey”, “Qafqaz” dərgilərini də nəşr etdirmişdir. Çeçenistan lideri Çövhər Dudayev də Rus imperiyasına qarşı apardığı azadlıq müharibəsində Qafqaz evi ideyasını gündəmə gətirmiş, bütün Qafqaz xalqlarını Rusiyaya qarşı müqəddəs müharibəyə çağırmışdır.
Avropa, Asiya və Afrika qitələrinə gedən yolların qovşağında yerləşən Qafqaz coğrafi areal və landşaft kimi bütövdür, lakin Rusiyanın Qafqazı işğalından sonra Qafqaz siyasi baxımdan iki hissəyə parçalnmışdır. Şimali Qafqaz. Cənubi Qafqaz. Hal-hazırda Rusiya işğalı altında olan Şimali Qafqazda- Dağıstan MR,Kabarda –Balkar MR, Şimali Osetiya MR,İnquşetiya MR, Krasnadar diyarına daxil olan Adıgey MV, Stavrapol diyarına daxil olan Qaraçay və Çərkəz MV-ləri, Çeçenistan Respublikası yerləşir.
SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş Cənubi Qafqaz dövlətləri-Azərbaycan,Ermənistan,Gürcüstan respublikaları isə nisbi müstəqilliyə malikdir. Sovetlər Birliyi dağıldıqdan sonra Rusiyanın Cənubi Qafqazda-Azərbaycan və Gürcüstandan və Şimali Qafqazda- Çeçenistandan qovulması prosesi getdi. Lakin Rusiya ilə Çeçenistan arasında gedən müharibədə Rusiya Çeçen xalqını soyqırıma uğratdı, Çeçenistanı tamamilə məhv etdi,yandırdı. Eyni zamanda Gürcüstanın Cənubi Osetiya və Abxaz bölgələrini nəzarət altında saxlamaqla və silahlandırmaqla Gürcüstanda daxili etnik müharibələrin getməsinə nail oldu. Eyni zamanda Rusiya Azərbaycanın Qarabağ da daxil olmaqla yeddi rayonunu işğal etdi. Beləliklə aydın olur ki, Rus orduları Azərbaycandan və Gürcüstandan hələ tam olaraq çıxmayıb. Gürcüstanın Osetiya və Abxaziya, Azərbaycanın Qarabağ və yeddi ətraf rayonları hələ də Rusiyanın işğalı və nəzarəti altındadır.Və hal- hazırda Cənubi qafqazda Rusiyanın forpostu olan Ermənistanla Birləşmiş Hərbi qüvvələrinin yaradılması ilə Rusiyanın Cənubi Qafqazda qalmasının siyasi-hərbi əsasları qoyulmuşdur. Beləliklə biz deyə bilərik ki, hazırda XXI əsrdə Şimali qafqaz bütünlüklə, Cənubi Qafqazın isə bir hissəsi Rusiyanın işğalı altındadır və Cənubi Qafqazda müstəqil dövlətlər kimi fəaliyyət göstərən Gürcüstan və Azərbaycanı Rusiyanın yenidən işğal etmək planları hər zaman reallaşa bilər və biz bu riski daim gözə almalıyıq. Və hələki Rusiya Qafqazın iki müstəqil dövlətini- Ğürcüstanı və Azərbaycanı Rus imperiya ambisiyalarını həyata keçirmək məqsədilə yaradılmış MDB, Avrasiya bloku kimi təşkilatlara üzv olmağa zorlamaqla, bu ölkələri daimi Rusiya orbitində sxlamaq siyasəti yeridir. Avropa son yüzilliklərdə (XVIII əsrdən etibarən)öz kontinentini, təhlükəsizliyini qorumaq məqsədilə Baltik yanı ölkələri, Balkanları , Ukraynanı Rusiyanın işğallarından qorumaq mücadiləsi verdiyi üçün, Qafqazları həmişə Rusiyaya güzəştə getmişdir. Məhz buna görə də, Çeçenistanda Rusiyanın apardığı soyqırıma göz yumdu. Cənubi Qafqazda Azərbaycanın istiqlalının ABŞ-AB tərəfindən qorunmasında yeganə məqsəd Xəzərin, Azərbaycanın enerji sektoruna nəzarəti ələ keçirmək idi. Azərbaycan neftlə zəngin ölkə, Gürcüstan isə neftin AB-nə ötürülməsində tranzit ölkədir və bu faktor Güney Qafqazın iki ölkəsinin müstəqilliyinin qarantıdır. Qafqazın türkləşməsinin, türk nəzarətinə keçməsinin qarşısını almaq məqsədilə xristian Ermənistan dövlətinin qurulması,qorunması və genişlənməsi,Türkiyə və Azərbaycan torpaqlarının işğal edilməsi planının reallaşması siyasətində isə Avropa-Rusiya-İran(Fars) strateji müttəfiqdirlər və bu siyasi tendensiyalar Qafqazın siyasi şəkillənməsinə ciddi təsir göstərir. Beləliklə aydın olur ki, Qafqazda çox yönlü, ziddiyyətli ikili standartlar siyasəti həyata keçirilir və bu Qafqazın barıt çəlləyinə çevrilməsinə səbəb olmaqdadır.
Qafqazın etnik və dil tərkibi çox mürəkkəbdir. Burada 50-dən artıq xalq yaşayır. Onlar əsasən üç böyük dil ailəsinə bölünür. 1.Qafqaz (İber-Qafqaz) dil ailəsi. 2. Hind-Avropa dil ailəsi. 3.Turan –türk dil ailəsi.
Qafqaz dilləri-Kartvel,Abxaz-Adıge,Nax-Dağıstan qruplarından ibarətdir. Kartvel dilləri qrupuna gürcülər,acarlar, gürcü dağlıları, xevsurlar,pşavlar,tuşinlər,svanlar, meqrellər və lazlar; Abxaz-Adıge dilləri qrupuna Qafqazın qərbində yaşayan kabardalılar,adıgeylər, abxazlar,çərkəzlər,abazinlər; nax dilləri qrupunda çeçenlər,inquşlar , dağıstan dillər qrupuna avarlar,darginlər,laklar,ləzgilər və ləzgi qrupundan olan tabasaranlılar,saxurlar,udinlər,xınalıqlar,buduqlar,qrızlar daxildir. Qafqaz dillərinə (iber-Qafqaz) 40 yaxın dil daxildir. Nax-Dağıstan dillərinin mənşəcə qohumluğuna baxmayaraq, bəzən onları iki müstəqil qrup hesab edirlər. Qafqazda Hind- Avropa dillərində danışan xalqlara-ruslar,ukraynalılar,ermənilər; iran-dilli xalqlara – osetinlər,kürdlər, tatlar, dağ yəhudiləri və talışlar daxildir.
Turan-Türk dilində danışan xalqlardan ən böyüyü Azərbaycan türkləridir.Qafqazda Türk dilində danışan xalqlar isə qaraçaylar,balkarlar, noqaylar, tatarlar,mesxetilər, kumıklar və qafqaz türkmənləridir.
Qafqaz dillərindən yalnız gürcü dili V əsrdən qədim yazı ənənələrinə malikdir. Qafqaz Albaniyasının da qədim əlifbası və qıpçaq türkcəsində yazı dili, ədəbiyyatı mövcud olmuşdur. Qafqaz xalqları Rusiya işğalına qədər Ərəb-islam qrafikası ilə, Rusiya işğalından sonra isə Rus-Kiril qrafikası ilə yazmağa başlamışlar. Rus işğalından sonra əksər Qafqaz dillərinin rus qrafikası əsasında əlifbası yaradılmışdır. Qafqaz əhalisinin bir hissəsi xristianlığın pravoslav, ermənilər monofizit, Azərbaycan türkləri, talışlar,tatlar,ləzgilər,acarlar, yenqiloylar,abxazlar və osetinlərin bir qismi müsəlmandırlar. Tarix boyu Qafqazın Xristian dinli xalqları Rusiya təbəəliyinə, müsəlmanlar isə Osmanlı təbəəliyinə meyl etmişlər və Qafqazın bu kültür tarixindən qaynaqlanan iç dinamikləri Qafqazın siyasi tarixinin və taleyinin bəlirlənməsində aparıcı faktora çevrilmişdir.
Qafqazda-Islam və Xristian dəyərləri, Turan- Türk, Yunan-Roma, sasanlı-İran mədəniyyətləri, Rus işğalından sonra isə Rus mədəniyyətləri qarşılıqlı sintez prosesi keçirmişlər. Qafqaz Xəzərlərin, Səlcuqilərin, Şirvanşahların , Moğolların,Teymurilərin, Qızıl Ordanın, Səfəvilərin,Osmanlıların hakimiyyəti altında olmuş, XVIII əsrdən etibarən isə Rusiyanın Türk dənizləri olan Xəzər-Qaradəniz bölgələrində apardığı işğalçılıq müharibələri nəticəsində işğal olunmuşdur. Rusiya işğalına qədər Qafqazda dominant, aparıcı etnos türk milləti olmuş, kiçik Qafqaz xalqları türk dili və kültürü çatısı altında fəaliyyət göstərmişlər.
Son 500 ildə Qafqazın geostrateji, geokültürəl, geopolitik, etno-demoqrafik özəllikləri Osmanlı-Səfəvi(Avşarlar,Qacarlar)-Rusiya arasında Qafqaz uğrunda gedən hegemonluq savaşları əsasında formalaşmışdır. Qafqaz Qara dənizin və Xəzərin giriş qapısı statusu daşıdığı üçün, buraya hakim olan güc Xəzər və Qaradəniz vasitəsilə həm Avropaya, həm Asiyaya hakim olma avantajlarına sahib olur. XVIII-XIX yüzilliklərdə Qafqz ugrunda baş vermiş Rusiya-Osmanlı, Rusiya-Avşar, Qacar savaşları bütünlükdə Rus-Türk müharibələridir. Qafqazı işğal etməklə Rusiya Qara dənizdən Osmanlını, Xəzərdən Səfəviləri və Türküstanı işğal etmək, çökdürmək planlarını həyata keçirmişdir. XX əsrin əvvəllərində Səfəvi imperatorluğu Fars-İran dövlətinə çevrildikdən sonra Qafqazda Rusiya-İran(Persiya) strateji müttəfiqləri Qafqaz Türklərinə, Azərbaycana,Türkiyəyə və Türküstana qarşı birgə siyasət yürütmüşlər. Bu siyasətin əsas miqsədi Türk Millətini və mədəniyyətini bu coğrafiyadan silmək olmuşdur. Qafqazdakı bu savaşlar və rəqabətlər tarixində-Türkiyə(Osmanlı) Azərbaycanı və quzey Qafqazdakı Türk-müsəlman azlıqları, Rusiya və İran(Fars) Ermənistanı, xristian və iran dilli azlıqları dəstəkləmişlər. Bu siyasət bu gün də davam etməkdə, XX-XXI əsrdə Qafqazın siyasi mənzərəsinin formalaşmasında mühüm rol oynamaqdadır.
Rus imperiyası Qafqazı işğal etdikdən sonra Qafqazın tarixən qərarlaşmış etno-demoqrafik quruluşunu dəyişmişdir. Quzey Qafqazın Terek-Kuban ərazilərinə ruslar,kazaklar,ukraynalılar, Güney Qafqaza, Azərbaycanın İrəvan və Qarabağ xanlıqlarına isə xristian Ermənilər köçürülmüş, (ermənilər burada etnik çoğunluğu və siyasi aktivliyi təşkil etdikləri üçün ADR-sı fakt qarşısında qalaraq, Batum müqviləsi ilə İrəvan və ətrafını Ermənilərə müvəqqəti güzəştə getmək məcburiyyətində qalmışdır) beləcə etnik disbalans yaradılmış, etnik münaqişələrin əsası qoyulmuşdur. Rusiya Azərbaycanın qərb torpaqlarında-irəvan xanlığı ərazisində yerli türkləri soyqırıma və deportasiyaya uğratmış ( 1905-07; 1917-20;1948-57; 1988-1992-ci illərdə İrəvan xanlığı və Qarabağ türklərdən tamamilə təmizlənmiş, Qarabağ işğal olunmuş, monoetnik Ermənistan dövləti qurulmuşdur) və burada Ermənistan dövlətini qurmuşdur. Batum müqviləsi əsasında İrəvan və ətraf bölgələrdə Ermənistan dövləti qurulduqdan sonra bu dövlətin əraziləri son 100 ildə Azərbaycan torpaqları hesabına genişlənmişdir. 1920-ci ildə ADR-sı Rus Qızıl Ordusu tərəfindən işğal olunduqda Azərbaycan ərazisi 114 min kv.km olmuşdu. 1922-ci ildə SSRİ təşkil olunduğu zaman Azərbaycan ərazisi 17 min kv.km azalmışdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə onun ərazisi 86,4 min kv.km idi ki, bunun 20 % ni də Ermənistan işğal etmişdir. Məlumdur ki, Rus hərbi kommunist imperiyası olan SSRİ 1922-ci ilin dekabrında xalqların öz istəyi ilə yox, Qızıl Ordunun işğalları nəticəsində silah gücü ilə yaranmışdır. Bu zaman Güney Qafqazda Gürcüstan tərkibində Abxaziya MR, Acarıstan MR, Azərbaycanın tərkibində Naxçıvan MR, Dağlıq Qarabağ MV, yarandı. Lakin Ermənistanın tərkibində yerli türk xalqının statusu və coğrafiyası müəyyənləşmədi, əksinə yerli Türklərin deportasiyası həyata keçirildi.
SSRİ tərkibində(Rus hərbi kommunist imperiyasının işğalı altında)olan Quzey Qafqazda Dağıstan SMR, Çeçen-İnquş SMR, Kabarda-Balkar SMR, Quzey Osetin SMR, Adığey SMR, Dağlılar MR yarandı. Dağlı MR ərazisi çar dövründə vladiqafqaz, SSRİ dövründə Orconikidze vilayəti adlandırılmışdır ki, vilayətin ən böyük şəhəri Türkcə Tərk Qala-rusca Orconikidze adlandırılmışdır. Terek vilayəti və Kuban (Qaraçay) vilayətində yaşayan xalqlar (çeçen,inquş, kabarda, balkar,qaraçay) öncə Dağlılar MR yaratsada sonradan ayrılaraq milli mahallar şəklində SSRİ-yə birləşdilər. II dünya müharibəsi illərində, Krım Tatarları, Kalmık MR və Quzey Qafqaz xalqları-balkarlar, inquşlar,çeçenlər,mesxeti və kumık türkləri , qraçaylar, çərkəzlər Stalinin “cəzalandırılmış xalqlar” siyahısına daxil edilərək “dövlət tapşırığı” adı altında tarixi torpaqlarından köçürülməyə başladılar. Ümumilikdə Quzey Qafqazda köçkünlərin ümumi sayı 3 milyon 226 min 340 nəfər olmuşdur. 1943-cü ildə kalmık MR ləğv olundu və kalmıklar Sibirin Krasnoyarsk, Altay,Omsk, Kemerov vilayətlərinə köçürüldülər. 1944-cü ildə Kabarda-Balkar əhalisi Qazaxıstana sürgün olundu. Balkarlara məxsus torpaqlar Kabardin və Gürcüstana verildi,onların ərazisinə ruslar köçürüldü. 1943-cü ildə balkarlara qonşu olan qaraçaylar Qırğızıstan,Qazaxıstan,Tacikistan və İrkutsk vilayətlərinə sürgün olundu. 1944-cü ildə Çeçen-inquş MR ləğv edildi,əhalisi Qazaxıstana,Özbəkistana,Tacikistana köçürüldü. 1944-cü ildə Gürcüstanda Axalkələk adlanan ərazidə yaşayan Türklər, həmçinin Mesxeti türkləri sürgün olundu. 1957-ci ildən etibarən Quzey qafqaz MR “bəraət alıb” bərpa olunsda, sürgünün vurduğu maddi-mənəvi ziyan bərpa olunmadı.
Bununla bərabər Azərbaycanda 1922- 50-ci illərdə kollektivləşmə adı altında Azərbaycan Türk elitasına və Müsavatçılara qarşı həyata keçirilən soyqırımlar nəticəsində 400 min insan öldürülmüş, yüz minlərlə insan( müxtəlif mənbələrdə 2milyon olduğu ehtimal edilir) Sibirə və qazaxıstana sürgün olunmuşdur.
Ə. Avtorxanov adlı tarixçi alim “SSRİ-də xalqların qətl edilməsi” kitabında SSRİ-nin xalqlara qarşı həyata keçirdiyi soyqırımı ustalıqla təsvir etmişdir. Xalqların(özəlliklə də türk-müsəlmanların) köçürülməsi, sürgün olunması əslində Qafqaz xalqlarının soyqırıma uğradılması idi və bu sürgünlər Qafqaz xalqlarının mədəniyyətinə,tarixinə, mənəviyyatına böyük zərbə vurdu. Milli dövlət quruculuğu prinsipləri və ənənələri deformasiyaya uğradı.
Beləliklə, Rus-Türk-Qacar müharibələri nəticəsində Qacarların məğlub olması ilə 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra Güney Qafqazda Azərbaycan torpaqları üzərində yeni Ermənistan dövləti qurulmuş, Azərbaycanın yerdə qalan hissəsi Rusiya (Dərbənd) və Gürcüstan(Borçalı) arasında bölüşdürülmüşdür. Həmçinin Osetiya iki hissəyə (Güney Osetiya Gürcüstanın, quzey Osetiya quzey Qafqazda Rusiyanın tərkibindədir)bölünmüşdür və SSRİ dğıldıqdan sonra Quzey-Güney Osetiya birləşmək uğrunda mübarizə aparmışlar. Güney Osetiyanın Gürcüstandan ayrılaraq Rusiya tərkibində olan Quzey Osetiya ilə birləşmək istəyi nəticəsində 90-cı illərdə Güney Osetiya ilə Gürcüstan arasında müharibə və silahlı qarşıdurmalar yaranmışdır. Beləliklə də Rusiyanın məqsəyönlü milli-etnik, inzibati-ərazi siyasətləri həm Quzey Qafqazda, həm güney Qafqazda yerli xalqlar arasında etnik-siyasi qarşıdurmaların və müharibələrin getməsinə zəmin hazırlamışdır. SSRİ-nin dağılmasından sonra, 80-ci ildən etibarən Qafqazda Qarabağ, Osetiya, Abxaziya, İnquşetiya problemləri var. Həmçinin 1988-ci ildə Ermənistandan qovulmuş yarım milyon yerli Türklərin statusu və haqlarının bərpa edilməsi problemləri var. Osetin-Gürcü, Abxaz-Gürcü,Türk-Gürcü, Türk-Erməni,Çeçen-inquş , osetiya-inquş etnik qarşıdurmaları hər an alovlanan müharibə ocaqları kimi qalır. Bu isə onu deməyə əsas verir ki, Qafqaz müharibələri dayanmayıb, dondurulub. Beləliklə biz iddia edirik ki, Qafqazda birgəyaşayışın təməlini Qafqazın azadlığı ideyası təşkil edir.Qafqaz xalqlarının Rusiya işğalından azad olaraq istiqlallarını qazanmaları və Qafqaz konfederasiyaının qurulması təşkil edir.Qafqaz qafqazlılarındır.
Yasəmən Qaraqoyunlu. AMEA Fəlsəfə İnstitutu