Qardaş Qazaxstanda nə baş verir?

07/01/22 5:39

“Bu terrorçu dəstələr mahiyyət etibarilə beynəlxalq güclərə bağlı olduğunu nəzərə alsaq, onlar xaricdə ciddi təlim keçiblər”, — Tokayev bildirib.

Prezidentin bəyanatını dövlətə məxsus “Xəbər 24” telekanalı yayıb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində maye qazın bahalaşması ilə əlaqədar başlayıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Qazaxıstanda vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edir və problemlərin dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

Departament onu da qeyd edib ki, Tokayevin hərəkətləri vəziyyəti sabitləşdirməyə yönəlib.

Məsələyə ABŞ-ın Qazaxstan səfirliyi münasibət bildirib və bəzi məqamlara toxunub.

«ABŞ Qazaxıstandakı etirazçıları dinc çərçivədə saxlamağa, hakimiyyət orqanlarını təmkinli olmağa çağırır və ölkədə vəziyyətin gərginləşdirilməsində şəriklik ittihamlarını rədd edir”.

Bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib. Bu, ABŞ administrasiyasının Qazaxıstandakı kütləvii etirazlara ilk rəsmi reaksiyasıdır. Psaki əlavə edib ki, Vaşinqton vəziyyətin gedişatını izləyir.

«Bütün bunların arxasında ABŞ-ın dayandığına dair bəzi sərsəm Rusiya iddiaları var. Fürsətdən istifadə edib deyim ki, bu, tamamilə yalandır və açıq şəkildə Rusiyanın dezinformasiyasının standart şirnikdiriciliyinin bir hissəsidir», — o qeyd edib.

2017-ci ilin oktyabr ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür. Proqnozları sizlərə xatırladırıq.

  • Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib.

Fridman 2030-cu ilə qədər Rusiya Federasiyasının dağılacağını iddia edib. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Karelyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Bildirək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumın xalqı Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun (sabiq prezident — red.) “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkirdi. Çünki o, Rusiya meyilli siyasətçi kimi tanınıb.

Fridmanın proqnozlarına görə, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək. Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı isə qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın yox olacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcəklər. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək. Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək. İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın proqnozlarına uyğun bir şəkildə Baydenin Demokratiya Sammitində: “Konqreslə planlaşdırırıq ki, gələn il şəffaf və dürüst idarəçiliyə mətbuat azadlığına dəstək də daxil olmaqla, demokratik islahatların dəstəyinə, mütərəqqi texnologiyaların tətbiqinə, demokratiya və ədalətli seçkilərin müdafiəsinə 424 milyon dollar vəsait ayıraq”. Üstəlik ABŞ-ın Əfqanıstan siyasətinin mahiyyəti ciddi araşdırılmalıdır. Proseslər rəngli inqilablar texnologiyası üzrə getməsi görünəndir. Bunu təkzib etməyə yanan binaların tüstüsü azlıq edər.

Xaos yaratmaqla öz siyasətlərini yürütmək xisləti artıq hər kəsə tanışdır. Bəzi araşdırmaçılar hesab edirlər ki, burada Rusiya barmağı ola bilər. Amma prosesləri izlədikdə bu iğtişaşlar Rusiyanın ən istəmədiyi anda baş verdiyi məlumdur. Ehtimallara görə, Moskva “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta Dəhlizin aktuallığını azaltmaqla bu marşruta nəzarətini gücləndirmək istədiyi çoxlarına məlumdur. Həmçinin də Türk Birliyi istiqamətində gedən proseslər Rusiyanın yuxusunu qaçırıb. Prosesin qismən Belorus olaylarına bənzəməsi və Putin-Bayden danışığından sonra bu hadisələrin baş verməsi ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu bölgədə nəzarət etmək üçün Vaşinqton və Moskvanın gizli anlaşması ola bilər. Amma bu ehtimalları prosesin inkişafı təkzib edir.

ABŞ Rusiya və daha çox Çinlə siyasi-iqtisadi əlaqələrə malik bir ölkədə xaos yaratmaqla siyasi arenadakı rəqiblərinə zərbə vurmağa hazırlaşır. “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın söylədiyi bu fikirləri bir daha təkrarlayıram: «Orta Asiyanı isə qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq».

Rusiyanın yaranmış vəziyyətdən yararlanmaq istəyi daha çox məlum “Stratfor” kəşfiyyat-analitik mərkəzinin planını önləmək istəyinə bənzəyir. Cənub cinahında nəzərdə tutulan bir planı qabaqlamaq istəyinə daha çox bənzəyir. Proseslərin gedişi, müxalif lider kimi ortaya çıxan sabiq bankir, nazir Muxtar Ablyazovun 10 milyard dollarlıq sərvəti və arxasında Soros kimi «daydayı»sı vardı. Baş məşqini Qırğızıstanda baş vermiş rəngli inqilabı maliyyələşdirməsiylə edib. Hazırda Ukraynada qərargah qurması da bəzi məqamlara işıq salır. Faktiki olaraq, Qazaxstandakı proseslər Sorosun lidersiz inqilablarına, baş verən təxribatlar isə rus KQB-sinin əməlləri kimi şərh oluna bilər…

Qazaxstan qardaş ölkədir və bu addımın bir hədəfi tarixin gündəminə gələn Türk Birliyi ideyasıdır. Bizlər qardaş ölkəni tək qoymamalıyıq. Əfsuslar olsun ki, bu yolun yolçularından hələlik heç bir xəbər yoxdur…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Mənbə: Fedai.az