Rus liberalların bərbad olmuş Qarabağ sınağı…

05/10/21 3:41

İmperiya sindromu əvəzinə sülhməramlı missiya. Rusiya Dağlıq Qarabağdan nə öyrəndi?

Rusiyanın Dağlıq Qarabaqdakı müharibədən uzaq durmaq siyasəti, hər şeyə rəğmən, İrəvanla da, Bakı ilə də mübahisədən qaçmaq səyləri bu ölkənin ekspertlər camiəsində ciddi polemikaya səbəb olub.

Bəzi eskpertlər üçün Rusiyanın özünü Qarabağ müharibəsindən kənar tutması “təmkinlilik nümunəsi” idi. Son vaxtlar o qədər də bu, çox nəzərə çarpmırdı. Rusiyanın təmkinlilik siyasəti, axır ki, onun xarici siyasətində ilk sıraya öz maraqlarını – öz əhalisinin rifahı və stabilliyini qorumaqla bağlı maraqları qoyduğunu göstərirdi. “Nezavisimaya qazeta”-da 12.11.20 il tarixində dərc olunmuş şərhdə də deyildiyi kimi, Rusiya “özünün lazımsız və təhlükəli münaqişəyə cəlb edilməsinə imkan verməməklə” çox düz etdi. O, “30 il ərzində nə Bakı, nə də Yerevanla ixtilafa girməmişdi” və indi də münaqişədə hər iki tərəfdən bərabər uzaqlıqda dayanmaq siyasətini qorumağa nail oldu. Ən əsası isə, RF-nın prezidenti ilə Azərbaycan və Ermənistan liderləri arasındakı etimadlı münasibəti qorumaq mümkün oldu.

Lakin Rusiyanın Dağlıq Qarabağ müharibəsindən uzaq dayanmaq siyasətinə əks münasibət də mövcuddur. Putinə müxalif mövqedə dayanan liberal intelligensiya bu siyasəti yekdilliklə satqınlıq adlandırırdı. Bir çox ekspertlər belə hesab edirdilər ki, Dağlıq Qarabağ müharibəsində Rusiyanın, Ermənistan tərəfdə döyüşməkdən imtinasının arxasında “Rusiyanın məğlub əhval-ruhiyyəsi” dayanır. İlk baxışda, Avropanın liberal dəyərlərini təbliğ edən insanlar, bu dəfə Rusiya rəhbərliyinin hüququn aliliyinə qəti şəkildə riayət etməsinə, Azərbaycanın qanuni haqqını – öz ərazi bütövlüyünü bərpa etmək hüququnu, 1989-1994-cü illərdəki müharibədə Azərbaycanın yeddi rayonunun DQ-ə birləşdirilməsinin qanunsuzluq, insani baxımdan əxlaqsızlıq kimi tanımasına sevinməliydilər.

 

Ermənilər üçün ürəyi gedən Andrey Piantkovskiy

LİBERALİZMİN PARADOKSLARI

Amma belə olmadı. Liberalların mövqeyində – ərazi bütövlüyü prinsipləri və hüquqlarının açıq inkarı, Avropa humanizminin təməl prinsiplərinin itirilməsi nəzərə çarpır. Çünki əgər Vladimir Putin DQ münaqişəsində də Donbass müharibəsindəki kimi davransaydı, onda içində bizim əsgərlər olan sink tabutlar indi Zaqafqaziyadan gələrdi. “Rus baharı” zamanı – 2014-cü ildə – ruslar, Vladislav Surkovun sözləri ilə desək, “Ukraynanı zorla Rusiya ilə dostluğa məcbur etmək lazımdır və olar” tezisinə inam uğrunda həlak olurdular. Bu gün isə rus əsgərləri Dağlıq Qarabağda Ermənistanın, Azərbaycandan qopartdığı yeddi rayonu özündə saxlaması uğrunda həlak olacaqdılar. Halbuki Ermənistanın, güzəştə getmək və həmin yeddi rayonu Azərbaycana qaytarmaqla DQ-nin erməni statusunu qorumaq, bölgədə sülh yaratmaq fürsəti vardı. Amma Ermənistan Azərbaycanla münaqişəni sülh yolu ilə həll etmək fürsətini əldən buraxdı.

Məlum olduğu kimi, hələ 1990-cı illərin əvvəllərində Yevgeni Primakov ABŞ və Avropa ilə razılığa gəlmişdi ki, Ermənistan yeddi rayonu Azərbaycana qaytardığı halda onlar Dağlıq Qarabağın müstəqilliyini tanıayacaqlar. Primakov bu razılaşma barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana məlumat vermiş və ona “realist olun, nəzərə alın ki, azərbaycanlılar gözləməyi və işləməyi bacarırlar. 10, 20, 30 il keçəcək və onlar güc toplayıb sizdən hər şeyi alacaqlar” deyə xəbərdarlıq etmişdi. Ancaq Ter-Petrosyanın Primakova dediyinə görə, DQ-dəki səhra komandirləri atəşkəsin bu şərtləri ilə razılaşmamışdılar: əgər öz “təhlükəsizlik zonamızı” Azərbaycana versək, “küçə bizi devirəcək”.

Adamı heyrətləndirən başqa şeydir: bizim liberal intelligensiyanın nümayəndələri Dağlıq Qarabağ münaqişəsinə, məhz 1989-1994-cü illərdəki səhra komandirlərinin gözüylə baxırlar. Yeri gəlmişkən, mən Qarabağ müharibəsinin başlamasının on illiyi münasibətilə İrəvana dəvət olunmuşdum, orda erməni intelligensiyasının bir çox nümayəndələrindən “Azərbaycanla müharibəyə yol verməməkdən ötrü onlarla kompromissə getmək lazımdır” cümləsini eşitmişdim. Amma onların sözlərinə görə, respublika parlamentindəki Qarabağ lobbisi hər vəchlə buna mane olurdu.

İlk baxışda, özlərini qərbyönümlü adlandıran politoloqlar DQ-də müharibəni dəyərləndirərkən 1989–1994-cü illərdəki müharibə zamanı öz evlərini və torpaqlarını itirmiş sadə azərbaycanlıların faciəsini də nəzərə almalı idilər. Halbuki, məsələn, Andrey Piontkovski üçün azərbaycanlıların əzab-əziyyətləri elə də ciddi bir şey deyil: “Əlbəttə, 1990-cı illərin başlanğıcında Dağlıq Qarabağın müstəqilliyi elan olunandan sonra öz evlərini tərk etməyə məcbur qalmış azərbaycanlılara görə təəssüf edirəm. Amma Dağlıq Qarabağ erməniləri başqa cür – Azərbaycanın azərbaycanlılar məskunlaşan yeddi rayonunu özünə birləşdirmədən təhlükəsizliklərini təmin edə bilməzdilər”.

Mən Piontkovskinin – Putin mütləqiyyətinə qarşı liberal müxaliflərin ən parlaq nümayəndələrindən birinin bu sözlərini eşidəndə şok keçirdim: bu, necə ola bilər?! Belə çıxır ki, azərbaycanlılar – o qədər də insan deyillər, öz evlərini, torpaqlarını itirmiş insanların əziyyətləri qonşu ermənilərin öz təhlükəsizliklərini təmin etmək, təhlükəsizlik zonası yaratmaq hüququ ilə müqayisədə heç nədir. Ki, qondarma Dağlıq Qarabağ respublikası ilə Azərbaycan arasında yerləşən həmin təhlükəsizlik zonasında heç kim yaşamır.

Rusiyanın Dağlıq Qarabağ müharibəsindən kənarda durmaq siyasətinə qarşı liberal intelligensiyanın əhəmiyyətli hissəsinin etirazı onların əslində kim olduqları ilə bağlı həqiqəti üzə çıxardı. Mən gördüm ki, Yeqor Qaydayın komandasında olduğu kimi, bizim liberal intelligensiyanın da dünyagörüşünü marksizm müəyyənləşdirir. Düzdür, liberal intelligensiyanın bütün təmsilçiləri, məsələn, Dmitri Bıkov kimi get-gedə Lenini daha çox sevdiklərini demirlər. Lakin məhz marksizm onlara, insanları öz təhlükəsizliklərini təmin etmək hüququna sahib olanlara və bu təhlükəsizlik uğrunda əziyyət çəkməli olanlara bölməyə icazə verir. Burdakı rasizm kommunist rasizmindən daha qorxuncdur. Kommunistlər üçün istismarçılar insan deyildilər, onları öldürmək olardı. Andrey Piontkovski üçünsə ermənilərdən fərqli olaraq, azərbaycanlıların təhlükəsizlik istəmək hüquqları yoxdur. Leninin “kommunizmin qələbəsinə xidmət edən hər şey əxlaqidir” tezisi təkcə bizim milli-vətənpərlərin ürəyində yox, özlərini qərbyönümlü adlandıran liberal intelligensiyanın da ürəyində yaşayır: söhbət mənim simpatiya bəslədiyim xalqın təhlükəsizliyindən gedəndə insanların əziyyətləri, cinayətlər yoxdur.

DƏRİN ATEİZM

Bu gün Dağlıq Qarabağ münaqişəsinin təbiətini dəyərləndirərkən niyə liberal müxalifətin bəzi nümayəndələri ermənilərin tərəfini tutdular? Zənnimcə, bunun səbəbi onların ermənilərə azərbaycanlılardan daha çox simpatiya bəsləməsi deyil. Burda bizim liberal intelligensiyanın əksər nümayəndələri üçün səciyyəvi olan dərin ateizm özünü büruzə verir. Onlar üçün azərbaycanlılar yarım-insandılar, zira onlar müsəlmandılar, zira, həqiqətən də, islam zəminində dini fanatizm xristian klerikalizmindən və fanatizmindən daha aqressiv xarakter daşıyır. İş ondadır ki, bizim intelligensiyanın təmsilçilərinin liberalizminin arxasında adi ateizm yox, ateistik messianizm, müasir bəşər tarixinin dinlə dinsizliyin qarşıdurması kimi qavranılması dayanır. Bu liberal messianizm özünü dinin gec-tez öləcəyi və bəşəriyyətin Kilsədən, dini mərasimlərdən, dini ayinlərə sitayişdən imtina edəcəyinə inamda büruzə verir. Aleksandr Nevzorovun “rus keşişləri” ilə fasiləsiz mübarizəsində ateistik messianizm ən aqressiv formada təzahür edir.

Ermənilərin taleyinə görə dərin narahatlıq keçirən Yuliya Latınina

Yuliya Latınina hesab edir ki, Rusiya Dağlıq Qarabağ müharibəsi nəticəsində strateji məğlubiyyətə məruz qalıb, zira onun nöqteyi-nəzərindən, “islam dini fanatizmi, o cümlədən Rusiyanın daxilində də ciddi şəkildə canlandı”. Hərçənd Yuliya Latınina əmindir ki, Azərbaycanın 1994-cü ildə ermənilər tərəfindən işğal olunmuş bölgələri azad etməsinin Rusiyada dini fanatizmi gücləndirəcəyinə inanmaq çətindir. Mən isə düşünürəm ki, əksinə, Rusiyanın, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa hüququnu dəstəkləməsi Rusiya Federasiyasındakı türk xalqları arasında yaxşı qarşılanacaq.

Şübhəsiz ki, əgər, Allah eləməmiş, Rusiya bu müharibəyə Ermənistanın tərəfindən qoşulsaydı, biz RF-dəkı türk respublikalarında separatçı əhval-ruhiyyənin güclənməsinə şahid olardıq. Həmçinin ona da şübhə yoxdur ki, əgər Rusiya Ermənistan tərəfdən azərbaycanlılarla vuruşmağa başlasaydı, keçmiş SSRİ-nın Orta Asiya respublikalarında anti-rusiya əhvalının güclənməsi qaçılmaz olardı.

Yuliya Latınina hesab edir ki, Putin DQ-də ermənilər tərəfdə vuruşmaq istəməyəndə eynilə 1944-cü ilin avqustunda Varşava üsyanını dəstəkləməməyə qərar vermiş Stalin kimi davranıb. Latıninanın fikrincə, Azərbaycanın, 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmasına nəinki bəraət qazandırmaq olmaz, hətta sən demə, bu, almanların Varşava üsyanını dəhşətli şəkildə yatırtması qədər ağır cinayətdir. Amma burda ən iyrənc məqan başqadır: belə çıxır ki, öz ərazi bütövlüyünü bərpa edən azərbaycanlılar Polşanın torpaqlarını onun öz əhalisindən təmizləyən hitlerçilər qədər pisdilər.

Təəssüf ki, şüurda liberal-ateist messianizm hökmranlıq edəndə artıq nə əxlaqa, nə də elementar insanlığa yer qalmır. Adam necə özünü qərbyönümlü hesab edib, eyni zamanda da Avropa humanizmini inkar edə bilər? İnsanların mənəvi bərabərlik prinsipinin belə instinktiv təkzibinin bircə izahı var: həqiqət ondan ibarətdir ki, Avropa humanizmi və liberalizminin arxasında xristianlığın, bütün insanların Tanrı övladları olaraq mənəvi bərabərliyi haqqında təlimi, Bibliyanın “özünə rəva bilmədiyini başqasına da rəva bilmə” tezisi dayanırdı. Aqressiv ateizmdə isə liberal intelligensiyanın bəzi nümayəndələri ürəklərində insaniyyəti qorumaqda çətinlik çəkirlər. Buna görə də, bolşeviklərin messianizmi ilə islamı bəşər sivilizasiyasının başlıca düşməni hesab edənlərin liberal messianizmi arasında ciddi fərq yoxdur.

2014-cü ildə – “rus baharı” zamanı liberal müxalifət Putini, öz xarici siyasətini rus imperiyasına nostalgiya, rus torpaqlarının “toplanması” ideyası üzərində qurmaqda günahlandırırdı. Zənnimcə, həmin dövrdə Putin, həqiqətən, Avropanın hüquq prioritetindən uzaqlaşmış və xarici siyasətini “bir xalq-bir dövlət” prinsipli siyasət üzərində qurmuşdu. İndi isə biz paradoks müşahidə edirik. Putin, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini formalaşdırarkən dövlətin ərazi bütövlüyü prinsipini əsas götürdü. O dedi ki, bu münaqişədə həqiqət azərbaycanlıların tərəfindədir, zira onlar öz ərazilərini geri qaytarırlar, ərazi bütövlüklərini bərpa edirlər. Bizim liberallarsa gözlənilmədən dövlətçi-imperialistlərə çevrildilər və “ilk dəfə post-sovet məkanının bir hissəsini Türkiyəyə verdiyinə görə” Putini tənqid etməyə başladılar. Yəni 1990-cı illərin əvvəllərində Ermənistanın, “təhlükəsizlik kəməri” yaratmaq məqsədilə Azərbaycanın ərazilərini işğal etməsi – bizim liberal müxalifətin nöqteyi-nəzərindən, ədalət prinsipinin həyata keçirilməsi idi. Amma azərbaycanlıların onlardan zorla alınanı geri qaytarmaları – cinayətdir.

İmperiya sindromu 2014-cü ildəki “rus baharı”nda Rusiya rəhbərliyinə nə qədər zərər vurmuşdusa, bizim liberal intelligensiyaya da o qədər zərər vurub. Amma nə qədər qəribə görünsə də, “dərin rus xalqı” imperiya sindromundan qətiyyən əziyyət çəkmir, onun böyük əksəriyyəti Putinin DQ-dəki müharibədən uzaq qalmaq qərarını dəstəkləyir. Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı sorğulara görə, rusiyalıların 72%-i keçmiş SSRİ xalqları qismində ermənilərə də, azərbaycanlılara da bərabər münasibətlərini qoruyurlar. İndi “dərin rus xalqı” sovet insanları kimi bircə şey haqqında fikirləşir: “təki müharibə olmasın”.

Bax belə. İlk baxışda Kremlin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü təmkinli siyasəti məhz bizim liberallar dəstəkləməli idilər. İlk baxışda növbəti müharibəyə qoşulmadığımıza görə, nəhayət ki, rus torpaqlarını bir bayraq altına toplamaq arzusundan yox, öz xalqımızın rihafını, sabitliyi qorumağı seçdiyimizə görə sevinmək lazım idi.

Məntiqli olaraq adam, hazırkı rus liberal intelligensiyasının hər şeydən əvvəl şəxsiyyət azadlığına və hüquqa hörmət edəcək müasir milli dövlət yaratmağa qadir olduğuna şübhə edir.

Unutmaq olmaz ki, Rusiya – çoxmillətli ölkədir və müsəlman türklər əhalinin əhəmiyyətli hissəsini təşkil edir. Unutmaq olmaz ki, bütün xalqlara, bütün dinlərə prinsipial bərabər münasibət olmadan, nəinki demokratiya qurmaq imkansızdır, həm də ölkəmizdə dincliyi də qorumaq qeyri-mümkündür.

YENİ RUSİYANI KİM QURACAQ?

Bu məqamda dəhşətli bir sual meydana çıxır və mən onun cavabını bilmirəm. Avropa dəyərlərinin dominant olacağı müasir rus dövlətini “İzbor klubu”nun ideologiyasını yayan bizim milli-vətənpərvərlər yarada bilməyəcəklər. Rusiyada müasir milli dövləti insanların mənəvi bərabərliyi ideyasından uzaq olan intellegentlər də qura bilməyəcəklər. Bəs Putin Dağlıq Qarabağ münaqişəsi zamanı Rusiyanın xarici siyasətini tabe etdiyi fəlsəfəyə sadiq qala və axır ki, imperiya illüziyalarından, iqtisadi baxımdan geridə qalmış Rusiyanı fövqəl dövlətə çevirmək xəyalından imtina edə biləcəkmi? Bəlkə artıq əsas məsələni həll etməyin vaxtı çatıb: keçmiş sovet respublikası RSFSR-i milli dövlətə çevirmək və Rusiya tarixində hökumətin heç vaxt eləmədiyi şeyi eləmək – öz xalqının xoşbəxtliyi və rifahının qayğısına qalmaq.

Əlbəttə, SSRİ-nin süqutundan sonra keçən 30 ildə “dərin rus xalqı” tamamilə fərqli əhval-ruhiyyələrə malik olub. SSRİ-nin süqutunun səbəbi onun (dərin rus xalqının) sovet imperiyasından, Rusiyanın çoxmillətli dövlət olmasından yorulması idi. Rus ideyası da – yəni RSFSR-in digər ittifaq respublikalarından ayrılması ideyası buna əsaslanır. 1990-1991-ci illərdə əhalinin böyük əksəriyyəti “rus torpaqlarının toplanması”ndan daha çox, Ukraynadan, Belorusdan mümkün qədər tez ayrılmaq barədə fikirləşirdi. Və bunun üçün ciddi səbəbləri vardı: rus xalqı Rus imperiyasında necə hər kəsdən daha yoxsul həyat sürürdüsə, sovet imperiyasında da eyni şəkildə hər kəsdən daha yoxsul yaşayırdı.

Amma 1990-ların xarabalığı, üstəgəl Qərbin rusiyalıların milli ləyaqətinə saymazyana münasibəti bir-birinə tamamilə zidd olan iki əhval-ruhiyyə doğurdu: Rusiyada “onu yerdən qaldıracaq” birinin peyda olması arzusu; və imkansıza, Rusiyanı yenidən imperiyaya çevirməyin, “MDB-nin sərhədləri ilə şaqqalanmış rus xalqının ümümi vücudunu yenidən birləşdirməyin” mümkünlüyünə inam.

Bu ideya Gennadi Züqanova məxsus idi, hələ 1996-cı ildə onun tərəfindən dilə ifadə olunmuşdu. 2014-cü il “rus baharı”nın təməlinə qoyulan fəlsəfəni də Züqanov səsləndirmişdi.

Krımın Rusiyaya birləşdirilməsi, “Yeni Rusiya” layihəsi ilə bağlı əhvalat – hamısı rus torpaqlarını eyni sərhəd daxilinə toplamağın mümkünlüyünə inamı reallaşdırmaq cəhdi idi. Amma əhalinin böyük qismi arasında yoxsulluq səviyyəsinin artması ilə bərabər, Krımın birləşdirilməsi ilə gələn coşğunluq da söndü.

Dağlıq Qarabağ məsələsi göstərdi ki, Rusiya Federasiyasının sərhədindən kənarda baş verənlər artıq çox az adamı narahat edir. Ukrayna kim bilir, hara getdi – qoy getsin. Hətta Belorusdakı münaqişə də “dərin rus xalqı”nın diqqətini cəlb etmir. Aydındır ki, bu gün belorusların da böyük hissəsi Rusiyaya birləşmək istəmir. Rusiya Aleksandr Lukaşenkonu dəstəkləyəndən sonra isə Belorusda əvvəllər olmayan bir hal – anti-rusiya əhval-ruhiyyəsi meydana çıxıb.

Mənə elə gəlir ki, bu gün Rusiya öz atmosferinə görə, RSFSR-in suverenləşdirilməsi dövrünə qayıdır. O dövrə ki, onda insanlar RF-ni normal milli dövlətə çevirməyi arzulayırdılar. Nəzərə almaq lazımdır ki, əslində, “dərin rus xalqı” heç vaxt imperiya sindromundan əziyyət çəkməyib. RSFSR-in suvereniteti ideyası 1917-18-ci illər üçün səciyyəvi olan böyük rus separatizminin atmosferini təkrarlayırdı. Buna görə də, zənnimcə, Rusiya, həqiqətən, “rus torpaqlarının toplanması” siyasətindən imtina edib hamıya lazım olan sülhməramlıya çevrilsə, bunda qorxulu heç nə yoxdur. Çünki rus imperiyası 1917-ci ildə həmişəlik öldü. Sovet hakimiyyəti rus imperiyasının torpaqlarını zorakılıq, güc yolu ilə birləşdirmişdi və yenidənqurma dövründə həmin güc zəifləyən kimi bütün xalqlar dağılışdılar. Ukraynalıların polyaklarla dostluq etməyə başlamalarında, ya da get-gedə daha çox belorusun özünü “litvin” adlandırmasında, gənc Belorusun isə artıq təkcə Vilnüsə baxmasında gözlənilməz heç nə yoxdur. Moldovada seçkilərdə rusmeyilli İqor Dodonun yox, rumınmeylli millətçi Mayya Sandunun qalib gəlməsində də gözlənilməz heç nə yoxdur. Bəşər tarixinin məntiqi belədir, ona mane olmaq, onunla mübarizə aparmaq ağılsızlıqdır.

Bu gün Rusiya üçün ən vacib şey – Rusiya Federasiyasındakı xalqların birliyini qorumaq və SSRİ-nin süqutu hekayəsini təkrar etməməkdir. Məhz buna görə də, hesab edirəm ki, müəslmanların ləyaqətinə hörmətlə yanaşmayan intellektuallar son dərəcə təhlükəlidirlər. Yalnız Rusiya Federasiyasının bütün vətəndaşlarının, bütün xalqlarının mənəvi bərabərliyi ideyası Rusiyamızı qorumağımıza yardımçı ola bilər.

Aleksandr Sergeyeviç Sipko. Fəlsəfə elmləri doktoru, Rusiya Elmlər Akademiyası İqtisadiyyat institutunun baş elmi işçisi.

«Независимая Газета»

Mənbə: Azlogos.eu