Rusiya Ermənistana silah ixracını azalda bilər…

02/08/18 5:33

Moskvanın “Kommersant” qəzeti yazır ki, Rusiyada Ermənistanın yeni hökumətinin hərəkətləri getdikcə daha çox narazılıq yaradır.

“Kommersant”ın Rusiya dövlət qurumlarındakı mənbələrinin məlumatına görə, KTMT baş katibi Yuri Xaçaturovun həbsi xüsusilə qəzəb doğurub. Kremldə bunu hərbi blokun imicinə ciddi zərbə hesab ediblər və KTMT-yə başqa ölkənin nümayəndəsinin rəhbərlik edə biləcəyini istisna etmirlər. Bundan başqa, əvvəlcədən razılaşdırılmış Ermənistana 100 mln. dollarlıq silah ixracı məsələsi də sual altına düşüb.

“RF-nin iki müdafiə sənayesi müəssisəsinin top-menecerlərinin sözlərinə görə, Ermənistanın 100 mln. dollar kredit çərçivəsində almalı olduğu silahlar “böyük sual altındadır”.

Birinci müqavilə çərçivəsində silah və hərbi texnika ixracı (Moskva onların həyata keçirilməsi üçün 2016-cı ildə Yerevana 200 mln. dollar kredit ayırıb) yekunlaşıb. İkinci müqavilə isə atıcılıq silahlarının, mühəndis rabitə vasitələrinin və şəxsi heyətin daşınması üçün nəqliyyatın ixracının davam etdirilməsini nəzərdə tuturdu.

Ermənistanın Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi “İskander-E” operativ-taktik kompleksinin ikinci diviziyonu ( artıq 8 qurğu 2016-cı ildə saziş üzrə Ermənistana ixrac olunub), habelə Su-30SM qırıcı təyyarələri əldə etmək istəyirdi. İndi bu planlar havada asılı qalıb, deyə “Kommersant” yazır.

Öz növbəsində, Ermənistanın bir sıra KİV-ləri müdafiə naziri David Tonoyanın 200 mln.-luq kredit çərçivəsində idxal edilmiş Rusiya silahlarının müasir olması və onlardan hətta Rusiya ordusunun silahları arasında olmadığı haqqında iddialarını təkzib ediblər.

Amma silah və döyüş sursatlarının böyük hissəsi kifayət qədər köhnədir, deyə sosial şəbəkələrin erməni istifadəçiləri yazır. Belə ki, ən yeni mühüm silah sistemləri “Soltsepek” və “Smerç” yaylım raket sistemləridir. Onların birincisi 1987-ci ilə aid “Buratino” sisteminin 2001-ci ildə modifikasiya olunmuş variantıdır. İkincisi isə Ermənistana 9M531 kasset raketləri ilə verilir (uçuş məsafəsi 90 km).

Lakin Azərbaycana satılmış “Sontsepek”lər tamamilə yenidir və dağlıq şəraitdə yaxşı maneələri aşma qabiliyyətinə malikdir (belə ki, T-90 tankının bazasında hazırlanıb), Ermənistana satılanlar isə köhnə T-72 tanklarının bazasındadır.

Ermənistana satılan “İqla-S” hava hücumundan müdafiə sistemi və “Avtobaza-M” passiv radar stansiyası 2000-ci ildə istehsal edilib.

Digər silah növləri daha da köhnədir: “Konkurs” tank əleyhinə vasitələri 1974-cü ildən istismar olunur və 1991-ci ildə müasirləşdirilib.

RPQ-26 əl qumbaraatanları 1995-ci ildə modifikasiya olunmayıb.

Ermənistana ixrac edilən B-84 tank mühərrikləri və UTD-20 PDM mühərrikləri daha da köhnədir. Birincisi 1966, ikincisi 1984-cü il modelidir.

Ermənistana satılan silahlar siyahısında “Pantsır-S” və ya S-300-PMU2 “Favorit” sistemi, “Xrizantema” və ya “Kornet” tank əleyhinə müdafiə vasitələri, “Msta-S” və “Vena” özügedən artilleriya qurğuları və ya M-17 və M-35 helikopterləri yoxdur, baxmayaraq ki, sadalanan silahlar Azərbaycana ixrac edilib.

Rusiya Azərbaycana zirehli texnika da satmayıb, baxmayaraq ki, Azərbaycan 150 tank alıb, onların 94-ü xüsusi olaraq dağlıq şərait üçün nəzərdə tutulmuş 1000 at gücündə olan T-90S-dir, habelə yüzlərlə yeni BTR-80 və PDM-3 alıb.

Ermənistan kredit müqaviləsi ilə nə təyyarə, nə helikopter almayacaq. Son illər Azərbaycana 2 divizion 2009-cu il istehsalı olan S-300PMU2 “Favorit” zenit-raket kompleksi satılıb, və onlar Ermənistanın təkcə ön xəttini deyil, hava məkanının böyük hissəsini də nəzarət edə bilir.

2010-cu ildə Ermənistana satılan 1982-ci il istehsalı olan S-300PS sistemləri isə Azərbaycana satılandan xeyli geridə qalır. Belə ki, “Favorit”in uzaqvurma qabiliyyəti S-300PS-dən 2 dəfədən də çoxdur və o, 6 dəfə çox hədəfi müşaiyət edə və 2,5 dəfə daha sürətlə uçan təyyarələri vura bilər, deyə erməni mənbələri yazır.

Turan

Günel Bağırova