Rusiya Mərkəzi Seçki Komissiyası referendumda seçicilərin 67,97 fazi Rusiya konstitusiyasına dəyişikilkləri dəstəklədiyini bildirib.
Konstitusiya dəyişkilikləri prezident Vladimir Putinin yenidən namizəd olaraq 2036 ilədək hakimiyyətdə qalmasına imkan verəcək.
Rusiya mediasının məlumatına görə, Moskvada və Sankt Peterburqda seçici fəallığı o qədər də yüksək olmayıb.
Kreml bildirib ki, düzəlişlər ölkənin sabitliyi və təhlükəsiziyi üçün əhəmiyyətlidir, lakin Putinin tənqidçiləri onların 67 yaşlı Putinin ömürlük hakimiyyətini təmin etmək məqsədi daşıdığını bildirir.
Ekspertlərin fikrincə, düzəlişlər paketində yer alan 200-dən çox düzəliş arasında ən mübahisəlisi Putinin 2024-cü və 2030-cu illərdə yenidən namizədliyini irəli sürməsinə imkan yaradan düzəlişdir.
Rusiya konstitusiyasına yeni düzəlişlərin region ölkələrinə, o cümlədən Azərbaycana təsirləri nə olacaq? Bu sualla bağlı Amerikanın Səsi ekspertlərin və ictimai-siyasi şəxslərin fikirlərini təqdim edir.
İlham Əliyev: Yenilənmiş Konstitusiya Rusiyanın tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir
Azərbaycan prezidenti İlham Əliyev səsvermə başa çatan kimi prezident Vladimir Putiniümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə təbrik edib.
Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir.İlham Əliyev, Azərbaycan prezidenti
“Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.
Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməlidir,” prezident Əliyev qeyd edib.
Eldar Namazov: Rusiyadakı yeni siyasi tezislər qonşu ölkələrin ərazi bütövlüyü üçün çox böyük təhlükələr yaradır
“Rusiya konstitusiyasında dəyişikliklər edilməsi Rusiyanın daxili işidir. Onun konkret olaraq məqsədi Putinin hakimiyyətini yeni iki mərhələ uzadılmasıdır.”
Bu barədə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib.
O, Rusiya konstitusiyasına yeni dəyişikliklərin Azərbaycana və regiona təsirləri ilə bağlı sualın cavabında deyib ki, orada Rusiya hakimiyyətinə lazım olan dəyişiklik Putinin yenidən daha iki dəfə namizədliyni irəli sürməsi ilə bağlı dəyişiklikdir.
“Konstitusiyada qalan dəyişikliklər o qədər də əhəmiyyət kəsb etmir. Orada sorğu edilən sualların çoxu əvvəllər qanunlarda var idi. Yalandan oraya çoxsaylı düzəlişlər çıxarırlar ki, əsas məqsədi gizlətsinlər. Yəni Putinin seçkilərdə daha iki dəfə iştirakını pərdələmək üçün lazımsız, müxtəlif qanunlarda çoxdan öz əksini tapan məsələləri səsverməyə çıxarıblar,” Namazov qeyd edib.
Açıq deyilir ki, SSRİ dağılandan sonra qeyri-qanuni olaraq bəzi rus əraziləri Rusiyadan ayrılıblar. SSRİ respublikaları rusların onlara hədiyyə verdiyi əraziləri özlərinə götürüb, SSRİ-dən çıxıblar. Bu, Rusiyanın qonşu ölkələrə ərazi iddiasından başqa bir şey deyildir.Eldar Namazov, politoloq
Tədqiqatlar Mərkəzinin direktoru hesab edir ki, bu prosesdə narahatedici başqa məqamlar var.
“O məqamlar birbaşa konstitusiyaya dəyişikliklər ilə bağlı deyil. Ümumiyyətlə Rusiya siyasi həyatında müxtəlif tok-şoularda yeni fikirlər ortalığa atılır ki, Rusiya bəzi ərazilərini qanunsuz itirib. Qonşu ölkələr SSRİ-nin dağılmasından sonra qanunsuz olaraq Rusiyanın tarixi ərazilərini özləri ilə aparıblar. Bu konstitusiya dəyişiklikləri ilə bağlı deyil, daha çox Putinin çıxışları və yazdığı məqalələrlə bağlıdır. Açıq deyilir ki, SSRİ dağılandan sonra qeyri-qanuni olaraq bəzi rus əraziləri Rusiyadan ayrılıblar. SSRİ respublikaları rusların onlara hədiyyə verdiyi əraziləri özlərinə götürüb, SSRİ-dən çıxıblar. Bu, Rusiyanın qonşu ölkələrə ərazi iddiasından başqa bir şey deyildir. İlk növbədə söhbət Qazaxıstandan gedir. Yəqin ki, hətta söhbət Pribaltika respublikalarından gedir. Bunlar Ukraynada baş verən hadisələrə indi ideoloji don geyindirmək istəyirlər ki, bunlar rus əraziləri olub və s.”
Ekspert hesab edir ki, hazırda çox təhlükəli bir proses gedir.
“Hesab edirəm ki, bu yeni ideologiya, ortaya atılan yeni siyasi tezislər daha çox regional təhlükəsizlik, qonşu ölkələrin ərazi bütövlüyü üçün çox böyük təhlükələr yaradır.”
Namazov Rusiyada baş verənlərin Azərbaycan üçün təhlükələrindən danışarkən deyib ki, `Azərbaycanın ətrafında avtoritar rejimlərin möhkəmlənməsinin özü bir təhlükədir.`
“Bu proseslərdə rus cəmiyyətinin Putindən bezdiyi, gedən proseslərdən nə qədər narazı olduğu açıq görsənir. Rusiyanın elə subyektləri oldu ki, konstitusiyaya düzəlişlər ümumiyyətlə keçmədi. Əhalinin böyük hissəsi onun əleyhinə səs verdi. Elə subyektlər oldu ki, düzəlişlərə seçicilərin 40 faizindən çoxu yox dedi. Qırxdan çox subyekt var ki, seçicilərin 25-30 faizi dəyişikliklərə yox dedi. Bu onu göstərir ki, Rusiyanın daxilində böyük narahatlıq var. Rusiyada sosial gərginlik artır. Rusiyada böyük böhranlar yarana bilər. Bu isə qonşu ölkələr üçün böyük təhlükədir,” o qeyd edib.
Tofiq Zülfiqarov: Konstitusiya dəyişiklikləri siyasi böhranın mövcudluğunu göstərir
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusiyada konstitusiya dəyişiklikləri ölkədə siyasi böhranın mövcudluğunu göstərir.
“Təbii ki, siyasi böhran içində olan çox vacib qonşumuz bizim üçün də bəzi problemlər yaradır. Problemin hansı şəkildə büruzə verəcəyini hələ demək tezdir. Biz arzulayardıq ki, qonşumuz bu böhrandan çox tez bir zamanda çıxıb, stabil və bizə bəlli olan bir siyasi partnyorluğu davam etdirsin.”
Rusiyada hakimiyyətdə olan müxtəlif güc mərkəzləri bəzən Azərbaycana qarşı müxtəlif mövqelər nümayiş etdirirlər. Xarici İşlər Nazirliyi bir mövqedədir, hərdən bir görürük ki, Prezident Administrasiyası fərqli mövqedədir.Tofiq Zülfiqarov, keçmiş xarici işlər naziri
Keçmiş nazir Rusiyada yeni konstitusiya dəyişikliklərinin regional münaqişələrə təsirləri ilə bağlı sualın cavabında deyib ki, konstitusiya dəyişiklikləri hakmiyyətin daha da mərkəzləşməsi tendensiyasını əks etdirir.
“Biz bu münaqişələri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsini götürsək görərik ki, Rusiyada hakimiyyətdə olan müxtəlif güc mərkəzləri bəzən Azərbaycana qarşı müxtəlif mövqelər nümayiş etdirirlər. Xarici İşlər Nazirliyi bir mövqedədir, hərdən bir görürük ki, Prezident Administrasiyası fərqli mövqedədir. Hətta bir misal da çəkmək olar. Vaxtı ilə bir məsələ var idi. Rusiya rəhbərliyində çox açıq müzakirə zamanı üçüncü qüvvələr var idi ki, daimi Rusiya-Azərbaycan münasibətlərinə ziyan gətirirlər. Bu mənada hesab edirəm ki, siyasi güclərin daha da mərkəzləşdirilməsi bu kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər. Amma bu, siyas mülahizədir, onun yanlış olub-olmamasını zaman göstərəcək.”
Zülfiqarov keçmiş SSRİ respublikalarında qalan rus əraziləri barədə deyilənlərə münasibət bildirərkən deyib ki, burada iki mənbəyə istinad edilməlidir.
“Birinci mənbə Rusiya prezidentinin müsahibəsidir, ikinci mənbə onun sözçüsünün açıqlamalarıdır. Biz bu mənbələri götürsək, görəcəyik ki, sözçünün fikirləri budur ki, prezidenrt Putin heç də danışanda əraziləri nəzərdə tutmayıb. O nəzərdə tutub ki, keçmiş səhvlərin təkrar olunmaması üçün konstitusiya dəyişiklikləri hakimiyyətin mərkəzləşdirilməsi prosesini daha da gücləndirməlidir. Hər halda sözçünün şərhindən mən belə başa düşdüm. Yəni Rusiya tərəfindən keçmişdə itirilən ərazilər bir tarixi səhv kimi gəstərilirdi. Bu konstitusiya dəyişklikləri səhvlərin təkrar olunmamasına xidmət edəcək,” keçmiş nazir qeyd edib.
Seymur Həzi: COVİD-19 günlərində insan iradəsini saxtalaşdırmaqla əbədi hakimiyyət planları quranlar…
AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, konstitusiyaya dəyişikliklərlə Putin növbəti “özünüifşa”nı həyata keçirib.
“100 faiz əzdiyi xalqdan 78 faiz səs aldığını iddia etdi. 1 İyul referendumunda qapalı sistemlərin təklif etdiyi yeni tendensiya-buxovların rənglənməsi islahatları-məlum oldu. COVİD-19 günlərində insan iradəsini saxtalaşdırmaqla əbədi hakimiyyət planları quranlarla bir dünyada yaşamaq nə deməkdir, bilirsinizmi? Bunu açıqlamaq çox çətindir. Həm də mənəvi baxımdan qorxuncdur…” , o qeyd edib.
1 İyul referendumunda qapalı sistemlərin təklif etdiyi yeni tendensiya- buxovların rənglənməsi islahatları- məlum oldu.Seymur Həzi, AXCP sədrinin müavini
Sədr müavini sual edir ki, referendumun Putinə bir xeyri olacaqmı? Bu barədə düşünərkən “ərəb baharı”nın qurbanlarından Tunis prezidenti Bin Əlini xatırlayıram. Əlbəttə ki, ölkələrin gücünü və onların xalqlarının sosio-psixoloji portretini əsas götürmürəm. Sadəcə, xatırlayıram ki, Bin Əliyə qarşı xalq etirazı dalğası onun yüksək faizlə prezident seçilməsindən bir neçə ay sonra qalxdı. Bu o deməkdir ki, həqiqi xalq iradəsinə söykənməyən bu cür “seçkilər”in, “ümumxalq səsvermələri”in üzərində qurulan planlar istənilən fors-majorda yüngül bir müqavimətə dözmək imkanında olmur. Bəs, müqavimət üçün əsaslar varmı? Rusiyada orta və kiçik biznes, demək olar, bütünlüklə Putinə qarşıdır. Bir çox avtoritar postsovet ölkələrindən fərqli olaraq, Rusiyada biznes tam mərkəzləşməyib. Orta və kiçik biznes hələ ki, müstəqil iradənin ifadəçisi kimi çıxış edə bilir. Üstəlik, böhran dövründə əhali arasında ən çox əziyyət çəkən məhz bu kateqoriyadır. Putinin iri biznesin hamisı rolunda çıxış etməsi geniş kütlələrin də narazılığına səbəb olub. Böhranın dərinləşdiyi belə bir vaxtda pandemiya məhdudiyyətlərindən sui-istifadə etmək, xalq etirazlarına imkan vermədən seçki keçirmək həmin etirazları mexaniki olaraq daha sonrakı, daha əlverişli vaxta təyin etmək deməkdir. Yəni, Putin üçün indiki referendum əslində xilas yolu deyil. Narazılığı “rəsmiləşdirmək” və bir ünvanda mərkəzləşdirməkdir. Rusiya ictimai rəyində belə bir fikir də var ki, bu referendum tək Rusiya tarixinin deyil, bəşər tarixində ən böyük “siyasi fırıldaq”dır.
Qubad İbadoğlu: Rusiya hakimiyyətinin Azərbaycana təzyiqləri daha da artacaq
Azərbaycan Demokratik Rifah (ADR) Hərəlatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, Rusiyadakı yeni proseslər nəticəsində Azərbaycan ərazisinin bir hissəsini də itirə bilər.
Rusiyada federal səviyyədə konstitusiya dəyişiklərinə gətirib çıxaran ümumxalq səsverməsi keçirildi. Verilən məlumata görə, səsvermədə iştirak edənlərin 78 faizi 206 düzəlişlə Konstitusiyanın 46 maddəsində dəyişikliyin lehinə səs verib. Bu dəyişikliklər arasında ən çox diqqəti çəkən bundan sonra hazırkı prezidentin hər dəfə 6 il olmaqla 12 il üçün yenidən seçilə bilməsidir. Bu isə o deməkdir, prezidentliyinin müddəti 2024-cü ildə bitən, 20 ildir ki, hakimiyyətdə olan Putin 2024-cü ildən başlayaraq daha 2 dəfə seçilmək hüququna malik olacaq və beləliklə nəzəri olaraq onun hakimiyyəti 2036-cı ilə qədər davam edə bilər. Prezidentin səlahiyyətlərinə gəlincə, bundan sonra o, Dövlət Dumasının təsdiqini almış baş nazir müavinləri və nazirləri təyin etməkdən imtina etmək hüququna malik olmayacaq. Ümumiyyətlə, hökumətin formalaşması üçün məsuliyyət əsasən Federal Məclisə veriləcək. Nazirlərin namizədliyi də Dövlət Duması tərəfindən təsdiqlənəcək. Hüquq-mühafizə orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbərləri təyin olunduqda prezident Federasiya Şurası ilə məsləhətləşməli olacaq. Lakin prezidentin nazirlər kabinetinin bütün üzvləri kimi baz naziri də vəzifədən azad etmək hüququ özündə saxlanılır.
Ətrafda və daxildə gedən proseslər və baş verən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur.Qubad İbadoğlu, ADR Hərəkatını lideri
Yeni dəyişiliyə görə, baş nazir tərəfindən təklif olunan müavinləri və federal nazirləri üç dəfə rədd etdiyi halda Dövlət Duması buraxıla bilər.
Federasiya Şurasının səlahiyyətinə gəlincə, ona prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin sədrlərinin, onların müavinlərini və hakimlərini təyin edilməsi daxildir. Həmçinin, prezident Federasiya Şurası ilə Rusiya Baş prokuroru və onun müavinləri, Rusiya Federasiyasının subyektlərinin prokurorlarının təyin edilməsi ilə bağlı məsləhətləşməli olacaq.
Bu dəyişikliklərin heç şübhəsiz ki, post-sovet düşərgəsinə yaxşı örnək verməyəcək. Lakin bundan da böyük təhlükə Azərbaycanın torpaqlarının itirməsi ola bilər. Belə ki, prezident Putin konstitusiya islahatlarının tərkib hissəsi olan dövlət suverenliyini qorumaq üçün düzəlişlərin müəllifidir. Bu dəyişliklər çərçivəsində qonşu dövlətlərlə delimitasiya, demarkasiya, yenidən demarkasiya çərçivəsində Rusiyanın sərhədlərinə yenidən baxılması nəzərdə tutulub. Rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib. Belə çıxır ki, Rusiya bundan sonra həmin əraziləri geri götürəcək, belə olan halda Rusiya Federasiyası tərəfindən Azərbaycana qarşı da ərazi iddiasının irəli sürülməsi gözlənilir.
Yekunda qeyd etmək istərdim ki, ətrafda və daxildə gedən proseslər və baş verən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur. Son seçkilərdən sonra Milli Məclisdə üstünlüyünü böyük hesabla təmin edən və parlament rəhbərliyini ələ keçirən Rusiya hakimiyyətinin bundan sonra Azərbaycana təzyiqləri daha da artacaq. Artıq hakimiyyətin digər qollarının (icra, hüquq- mühafizə, məhkəmə və prokurorluq) yüksək vəzifəli şəxsləri Kremlə daha yaxın olmaq üçün öz aralarında mübarizəyə başlayıblar. Odur ki, təklif edirəm ki, ilk növbədə İlham Əliyev xalqla və ictimai siyasi təşkilatlarla açıq və səmimi danışıqlara başlamaldıır. İkincisi, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə ictmai-siyasi təşkilatların həmrəylik koalisiyası qurulmalıdır. Üçüncüsü, Milli Məclis Azərbaycanın ərazisinin bir hissəsini özgəninkiləşdirməyə yönəlmiş çağırışların və hərəkətlərin qadağan olunması və yolverilməzliyi dair bəyanatla çıxış etməlidir.
Arif Hacılı: Putin hakimiyyət müddətinə görə Stalinin rekordunu təzələmək istəyir
Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, 20 ildir ki, Rusiyanın rəhbəri olan 68 yaşlı Putin daha 16 il hakimiyyətdə qalmaq üçün referendum keçirir.
Putinin 84 yaşınadək hakimiyyətdə qalıb-qalmaması dəfələrlə inqilablar yolu ilə tarixin gedişini dəyişmiş rus xalqının və Rusiya xalqlarının iradəsindən asılı olacaq.Arif HAcılı, Müsavat Partiyasının başqanı
İndiyədək olan prezidentlik dövrünü sıfırlamaq kimi absurd bir ad altında keçililən referendumda seçicilərin iştirak faizi müstəqil müşahidəçilərin məlumatlarına görə Kalininqraddan Saxalinədək hər yerdə saxtalaşdırılır.
Artıq 60% dən çox seçicinin referendumda iştirak etdiyi barədə məlumatlar yayılır.
Əslində Putin rejimi dövründə keçirilən bütün seçkilərdə olduğu kimi bu “səsvermə” nin də nəticələri əvvəlcədən məlumdur.
Putin hakimiyyət müddətinə görə, hətta Stalinin rekordunu təzələmək istəyir.
Amma,onun 84 yaşınadək hakimiyyətdə qalıb-qalmaması dəfələrlə inqilablar yolu ilə tarixin gedişini dəyişmiş rus xalqının və Rusiya xalqlarının iradəsindən asılı olacaq.