Rusiya Federasiyasının müdafiə və xarici işlər nazirləri – Sergey Şoyqu və Sergey Lavrov çox böyük ehtimalla yaxın vaxtlarda istefa verəcək.
Belə bir ehtimalla çıxış etmək üçün ciddi əsaslar var. Gəlin, bu ehtimalların nədən ibarət olduğunu bir-bir nəzərdən keçirək.
Ehtimalı gücləndirən əsas səbəb
Bu ehtimalı gücləndirən ən başlıca səbəb sentyabrın 17-19-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına (Rusiya parlamentinin aşağı palatası) keçiriləcək VIII çağırış seçkilərdir. Rusiya qanunvericiliyinə görə, seçki qarışıq sistem əsasında keçiriləcək. 450 deputat yerinə malik Dövlət Dumasının yarısı – 225 deputatı partiya siyahısı, 225-i birmandatlı seçki dairəsi üzrə seçiləcək. Dövlət Dumasının səlahiyyət müddəti beş ildir.
Qeyd etdiyimiz kimi seçki 3 gün ərzində keçiriləcək. Yekun vahid səsvermə günü 19 sentyabrdır. Yeri gəlmişkən qeyd edək ki, seçkinin üç gün ərzində keçirilməsi qərarı “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) tövsiyəsi əsasında verilib. Məqsəd insanların pandemiya dövründə seçki məntəqələrində sıxlığının qarşısını almaqdır.
Bu seçkidə Rusiyanın hakim partiyası – “Vahid Rusiya”nın federal namizədlər siyahısına Müdafiə naziri Sergey Şoyqu rəhbərlik edir. Siyahıda ikinci yerdə Xarici İşlər naziri Sergey Lavrov qərarlaşıb.
Şoyqu yeganə nazirdir ki…
Başlayaq Sergey Şoyqudan. Sergey Kujuqetoviç Şoyqu (tuvaca Serqey Küjüqet oqlu Şoyqu) 1955-ci ildə Tuva Muxtar Vilayətinin (hazırda Tuva Respublikası) Çadan şəhərində anadan olub. Atası Tuvanın yerli xalqı olan türkdilli tuva xalqına mənsubdur. Anası rusdur. S.Şoyqu xristiandır. O, 5 yaşında olarkən Luqansk vilayətində kilsələrdən birində pravoslav xaç suyuna salınıb.
Sergey Şoyqu sovet və Rusiya hərbi və dövlət xadimidir. O, 1991-1994-cü illərdə əvvəlcə Rusiya Sovet Federativ Sosialist Respublikasının, sonra isə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komitəsinin sədri, 1994-2012-ci illərdə Rusiyanın fövqəladə hallar naziri, 2012-ci ildə Moskva vilayətinin qubernatoru olub. 6 noyabr 2012-ci ildə Rusiya Federasiyasının Müdafiə naziridir.
S.Şoyqu 2003-cü ildən ordu generalıdır. Ona 1999-cu ildə Rusiya Federasiyasının Qəhrəmanı (1999) adı verilib. Rusiya Federasiyasının əməkdar xilaskarıdır (2000).
S.Şoyqu 1999-2001-ci illərdə “Birlik” regionlararası hərəkatının başçısı olub. Hakim “Vahid Rusiya” Partiyasının yaradıcısıdır (1 dekabr 2001-ci il). 2001-2002-ci illərdə Moskva şəhərinin meri Yuri Lujkov və Tatarıstanın ilk prezidenti Mintimer Şaymiyevlə birgə bu partiyanın həmsədri olub. Hazırda “Vahid Rusiya”nın Ali Şurasının üzvüdür.
S.Şoyqu hazırda yeganə nazirdir ki, qısa fasilə ilə 1990-cı illərdən Rusiya Federasiyası Hökumətinin üzvüdür. Demək olar ki, ümumi hesabla 30 ildir hökumətdə təmsil olunur.
Nazir hazırda 67 yaşın içindədir (o, 66 yaşını bu il mayın 21-də tamam edib). Onun son illərdə çəkilən videolarına baxdıqda hərəkətlərində yaşlanmış insanlara xas olan ağırlıq, lənglik aşkar hiss olunur. Məsələn, bu ilin martında o və Prezident Vladimir Putin mart ayında həftə sonunu qarlı tayqada keçirmişdilər. Putin və Şoyqunun 2018-ci ilin avqustunda nəhəng Sayan-Şuşensk su-elektrik stansiyasının yerləşdiyi Sayan-Şuşensk qoruğunda gəzinti zamanı olduğundan fərqli olaraq bu ilin martındakı gəzinti zamanı S.Şoyqunun ağır-ağır hərəkət etdiyi diqqətdən yayınmırdı.
Hiss olunur ki, Müdafiə Nazirliyi kimi olduqca mühüm nazirliyə rəhbərlik etmək artıq S.Şoyqu üçün çətinlik yaradır. Halbuki, nəhəng RF Silahlı Qüvvələrinə rəhbərlik etmək insandan olduqca böyük zəhmət, gərgin iş, yuxusuz gecələr tələb edir. Müdafiə naziri kimi o, qoşunların çoxsaylı təlimlərini izləməli, böyük hərbi qulluqçu heyəti ilə işləməlidir. Ehtimal etmək olar ki, getdikcə yaşlaşan bədən bu ağırlığa davam gətirmir və Şoyqu bu səbəbdən nisbətən az iş yükü olan qanunverici orqanda təmsil olunmaq qərarına gəlib.
Azərbaycan cəmiyyətində çox məşhur olan Sergey Lavrov isə artıq qeyd etdiyimiz kimi “Vahid Rusiya”nın federal siyahısında ikinci yerdə qərarlaşıb. Sergey Viktoroviç Lavrov 21 mart 1950-ci ildə Moskvada anadan olub. Rusiya dövlət və siyasi xadimi, sovet və rus diplomatıdır.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü, fövqəladə və səlahiyyətli səfir, Rusiya Federasiyasının diplomatik xidmətinin əməkdar işçisidir. “Vətənə xidmətə görə” ordeninin tam kavaleridir. Ötən ilin martın 21-də V.Putin 70 illik yubileyi münasibətilə onu Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görüb.
S.Lavrov artıq 18 ildir ki, (9 mart 2004-cü ildən) fasiləsiz olaraq Rusiya Federasiyasının xarici işlər naziridir.
O, hazırda 72 yaşındadır. S.Lavrov da olduqca mühüm nazirliyə rəhbərlik edir. Bu nazirliyə rəhbərlik edən şəxs müntəzəm görüşlər keçirməli, gərgin diplomatik danışıqlar aparmalı, ölkəyə olan xarici təhdidlər qarşısında dayanıqlılıq nümayiş etdirməli, uzaq və yaxın xarici ölkələrə çoxsaylı uçuşlar həyata keçirməlidir. Forumlarda iştirak, mətbuat konfransları, müsahibələr vermək də XİN başçısının işinin ayrılmaz tərkib hissəsidir. Bu qədər ağır iş 72 yaşlı nazir üçün gərginlik, stress mənbəyidir. S.Lavrovun da bu səbəbdən sonrakı fəaliyyətini qanunverici orqanda keçirmək istəyi anlaşılandır.
Niyə görə düşünürük ki, Şoyqu və Lavrov istefa verəcək?
Rusiyanın dövlət quruluşu forması federasiyadır. Dövlət idarəçilik forması isə qarışıqdır. Rusiyanın 1993-cü ildə qəbul edilmiş və 2008 və 2020-ci illərdə düzəlişlər edilmiş Konstitusiyasına görə hakimiyyətin icraedici, qanunverici və məhkəmə hakimiyyəti olmaqla üç qolu var. İndiyədək Rusiyada parlament üzvü seçilmiş şəxsin nazir vəzifəsini tutması kimi hallara rast gəlinməyib. Bu baxımdan S.Şoyqu və S.Lavrovun da seçiləcəyi təqdirdə (hansı ki, bu, heç bir şübhə doğurmur) indi tutduqları vəzifələrdən gedəcəyi ehtimalı yüksəkdir.
Şoyqu Dumanın spikeri ola bilər
Bu arada onu da qeyd edək ki, Dövlət Dumasının hazırkı sədri Vyaçeslav Volodin hakim partiyanın 393 nəfərdən ibarət federal siyahısında yer almayıb. V.Volodin yeni parlamentdə yer almaq üçün 163 nömrəli Saratov birmandatlı seçki dairəsində yarışır. Hakim partiyanın federal siyahısına düşə bilməyən şəxsin parlamentin sədri seçiləcəyini gözləmək inandırıcı deyil. Güman etmək olar ki, V.Volodin öz postunu parlementdə konstutision çoxluğa başçılıq edəcək S.Şoyquya güzəştə gedəcək.
Hakim partiyanın ilk “beşlik”ində daha kimlər var?
“Vahid Rusiya”nın federal siyahısının ilk “beşlik”ində kimlərin olacağına dair qərar partiyanın 19 iyun 2021-ci ildə keçirilən XX qurultayında qəbul edilib. Bu da maraqlıdır ki, partiyanın de-yure sədri Dmitri Medvedevin adı siyahıda yoxdur. Ona görə de-yure yazırıq ki, partiyaya de-fakto rəhbərliyi V.Putin həyata keçirir.
V.Putin qurultayda federal siyahı üçün ilk “beşlik”i belə təklif etdi: Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov, 40 saylı Şəhər Klinik Xəstəxanasının (“Kommunarka”) baş həkimi Denis Protsenko, “Ümumrusiya Xalq Cəbhəsinin” ictimai hərəkatının həmsədri, “Talant və uğur” fondunun rəhbəri Yelena Şmelyova, Prezidentin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova. Dövlət başçısının sözlərinə görə, bunlar ölkənin inkişafının ən vacib istiqamətlərini təmsil edən insanlardır.
Partiya sədri niyə partiya siyahısından kənarda qaldı?
Dmitri Medvedyev, öz növbəsində “Vahid Rusiya”nın federal siyahısının ilk beşliyinə namizədlərin Vladimir Putinlə ortaq təklifləri olduğunu söyləyib. Ancaq bəzi KİV-lər belə bir qərarı gözlənilməz hesab edirlər. “Meduza”nın anonim mənbəyi partiya sədrinin adının federal siyahıya daxil edilməməsini onun “alçaldılması” adlandırıb. Əvvəllər siyahının başında partiya sədrinin adının yer aldığı ssenari “Vahid Rusiya” üçün “əsas” və “açar” hesab olunurdu. “Meduza”ya görə, qurultaydan bir neçə gün əvvəl Medvedev Dövlət Dumasının siyahısında birinci və Dövlət Dumasının spikeri olacağına inanırdı, ancaq qurultaydan az əvvəl Putin onu fakt qarşısında qoyub.
Eyni zamanda hazırkı partiya liderinin seçkilərdə “Vahid Rusiya”ya rəhbərlik etməyəcəyi variantı qurultaydan çox əvvəl mediada da nəzərdən keçirilirdi. Namizədlər sırasında Vladimir Putin, Mixail Mişustin, Sergey Şoyqu, Yelena Şmelyovanın adı çəkilirdi.
Daha əvvəl seçkiyə getməyəcəyini söyləyən Denis Protsenko qurultay günü səhər ona zəng edən Vladimir Putinin xahişinə cavab olaraq “Vahid Rusiya”nın ilk beşliyinə daxil olmağı qəbul edib.
“Kommunarka”nın baş həkimi Denis Protsenko. V.Putin qurultayda deyib ki, Protsenko koronavirus epidemiyası ilə ilk mübarizə aparanlardan biridir.
Yelena Şmelyova da şəxsən dövlət başçısından qurultay ərəfəsində ölkənin ən böyük partiyasının ilk beşliyinə daxil olacağını öyrənib.
Putin: “Yelena Şmelyova uşaqların təhsili üçün çox işlər görüb və bu təcrübəni bütün ölkəyə yayıb”
RF Prezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova 7 (5 oğlan, 2 qız) uşaq anasıdır
BBC-nin “Vahid Rusiya”dakı mənbələrdən əldə etdiyi məlumata görə, partiyanın seçki siyahısındakı ilk fiqurlara dair qərar qurultaydan əvvəlki son günlərdə və hətta qurultay öncəsi son saatlarda qəbul edilib. Demək olar ki, “Vahid Rusiya” üzvlərinin hamısı “beşlik” haqqında yalnız iyunun 19-da – qurultay günü məlumat əldə ediblər.
Müəllif: Səxavət Həmid
Mənbə: Teleqraf.com