“Rusiya Qarabağda çox çətin bir hərbi-siyasi vəziyyətə düşüb”

12/08/21 12:10

Azərbaycan son iki rəsmi bəyanatı ilə öz suveren ərazisi üzərində beynəlxalq səviyyədə tanınmış hüquqlarından sərbəst şəkildə necə istifadə etdiyini göstərdi.

Bu sözləri amerikalı siyasi ekspert Endryu Koribko qeyd edib.

Onun sözlərinə görə, bəyanatlardan biri İrana yönəlmişdi və bu ölkənin yük maşınlarının Qarabağa qanunsuz daxil olması ilə əlaqədar idi, ikincisi isə Ermənistan silahlı qüvvələrinin azad edilmiş bölgələrdən çıxmaması və hətta bu azmış kimi, son günlərdə oraya yeni qüvvələrin yerləşdirilməsi ilə bağlı idi:

“Birinci bəyanatla əlaqədar İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və səfir vasitəsilə İrana nota göndərildi. Səfir də öz növbəsində görüş zamanı bu hadisələrin qarşısını almaq üçün praktiki addımların atılacağını vəd edib.

İkincisinə gəldikdə isə bu bəyanatla bağlı hələ heç bir irəliləyişə nail olunmamışdır, halbuki Rusiya sülhməramlılarının öz nəzarətlərində olan ərazidəki erməni qüvvələrinin Moskvanın vasitəçiliyi ilə noyabr ayında imzalanan bəyanata əməl etmələrini təmin etmək kimi bir öhdəlikləri vardır.

Dünənki bəyanatlardan ilki silahsız və qeyri-dövlət aktorlarını əhatə etdiyi üçün həmin bəyanatın həyata keçirilməsi nisbətən asandır, ikinci bəyanat-xəbərdarlığın tez bir zamanda nəticə verəcəyini gözləmək isə düzgün deyil. Çünki bəyanatda sözügedən aktorların silahlı olması, Ermənistan dövləti tərəfindən dəstəklənməsi və beynəlxalq böhran yarada biləcəyi ehtimalları olduğu üçün onun həyata keçirilməsi daha çətindir”.

Ekspertin sözlərinə görə, Ermənistan Rusiyanın hibrid döyüş vasitələri ilə onu dəstəkləməsinə çalışır. Bunlara sərhəddə provokasiyalar və erməni silahlı qüvvələrinin son zamanlarda Rusiyanın sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgələrinə hərəkəti daxildir:

“Bu, silahlı toqquşmalara səbəb ola biləcəyi üçün təhlükəli bir siyasətdir. Amma bütün bunlara baxmayaraq, açıq-aşkar görünür ki, İrəvan Makiavelli strategiyasının bir parçası olaraq Moskvanın ona daha çox hərbi dəstək verməsini gözləyir.

Bununla belə, Rusiya Azərbaycanla münasibətləri pisləşdirməmək və digər tərəfdaşları tərəfindən etimadsızlığa uğramamaq üçün sülhməramlı olaraq neytral nüfuzunu qorumalı olduğunu başa düşdüyündən bu tələyə düşməyəcək.

İrəvanın KTMT-də Rusiyanın rəsmi müttəfiqi statusunda qalması Rusiyanı çətin vəziyyətə salır. Ümid edirik ki, Kreml onların gizli məqsədlərini nəzərə alacaq və regional sülhün qorunması naminə Ermənistanla bağlı siyasətini yenidən qiymətləndirəcək”.

Transqafqaz.com