Rusiya Qarabağda gərginliyin artmasında maraqlıdır

12/11/21 2:36

Moskva və İrəvan məcburiyyət qarşısında qoyulmalıdır

“Xankəndi və digər ərazilərdə dövlət suverenliyimizi bərpa etmək prosesinə start verməliyik”

Ermənistan prezidenti Armen Sarkisyan “Arqument i faktı” qəzetinə müsahibə verib. Qarabağdakı rus hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı buna görə rəsmi Moskvaya minnətdarlıq edib. O, həmçinin bildirib ki, sülhməramlılar Qarabağdan çıxmamalı, ərazidə daimi qalmalıdırlar. Çünki bu, regional sabitlik üçün əsas təminatdır. Sülhməramlıların Qarabağda uzun müddət qalması, şübhəsiz, Ermənistanın ürəyincədir. Bu, Rusiyanın da maraqlarına cavab verir.

Rus hərbçilərinin Qarabağdan çıxmasına dörd il qaldığı vaxtda Moskvanın həmin müddəti uzatmaq üçün müxtəlif addımlar atması da gözləniləndir. Hətta istisna deyil ki, Sarkisyanın sözügedən bəyanatının sifarişi Kremldən verilib. Ancaq prezidentin fikirləri daxili auditoriyaya da hesablana bilər.

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında bildirib ki, üçtərəfli Bəyanatın altında imzası olan ölkələrin öz üzərinə götürdükləri öhdəliklərin icra olunması ciddi müzakirə edilməlidir. Professorun sözlərinə görə, Rusiyanın regionla bağlı planlarına diqqət yetirmək lazımdır:

“Rusiya Qarabağda hərbi varlığını qorumaq üçün münaqişə və gərginliyin artmasında maraqlıdır. Ona görə də ötən bir il ərzində Qarabağda gərginlik azalmaq əvəzinə, daha da artıb. Rusiya sülhməramlıları səlahiyyətlərindən dəfələrlə kənara çıxıblar. Nəzarət etdikləri ərazilərdə erməni silahlı birləşmələrinin təmizlənməsini qəsdən həyata keçirmirlər. Laçın dəhlizi ilə istənilən adam Qarabağa girib-çıxır ki, bu məqam daim gərginliyə səbəb olacaq. Ermənistanın da üçtərəfli Bəyanatın şərtlərinə əməl etməməsi Rusiyanın mövqeyindən qaynaqlanır. Əlbəttə, Ermənistan da istəyər ki, Rusiya həmişə bölgədə olsun. Hətta Xankəndi və digər ərazilərin gələcəkdə Rusiyaya verilməsi kimi sərsəm bəyanatlar səsləndirilir, planların olduğu deyilir”.

Q.Çaxmaqlı vurğulayıb ki, qalib ölkə tələblərini açıq səsləndirməli, Moskva və İrəvanı məcburiyyət qarşısında qoymalıdır:

“Xankəndi və digər ərazilərdə dövlət suverenliyimizi bərpa etmək prosesinə start verməliyik. Əks təqdirdə ermənilər bizim torpaqlarımızda Rusiyanın yardımı ilə möhkəmlənəcək. Keçmiş iddialarını ortaya qoyaraq məsələni beynəlxalq müstəviyə çıxarmağa cəhd edəcəklər. ATƏT-in Minsk qrupunun fəallaşmasının şahidiyik. Bizə bir şox şeyləri yenidən diktə etməyəcəkləri nə məlumdur ki? Bunların olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir”.

Mənbə: sherg.az