Öz yanaşma və siyasi analizləri ilə sosial şəbəkədə kifayət qədər diqqətlə izlənən siyasi ekspert Nəsimi Məmmədlinin ölkə gündəminə dair dəyərləndirməsini təqdim edirik.
Hakimiyyət hər fürsətdə demokratik müxalifəti zəiflətməyə çalışır, amma, yeni effektli metodlar tapa bilmir. Müxalif düşüncəli insanların isə köhnə metodlara “immuniteti” yarandığı üçün hökumətin istədiyi effekt alınmır.
Bəzən isə iqtidar bu istəyinə çox əlverşsiz zamanda cəhd etdiyindən əks nəticə alır. Hər dəfə həm beynəlxalq həm də ölkə ictimaiyyətinin qarşısında ciddi nüfuz itkisi yaşanır. Habelə, basqılar cəmiyyətin alt qatında müəyyən qorxu yaratsa da narazılığın yüksəlməsinə, müxalifətin fəaliyyətinə marağın artmasına və sıralarının genişlənməsinə əngəl yarada bilmir.
Müəyyən beynəlxalq və yerli səbəblərə görə (səbəbləri sadalamaq istəmirəm) cəmiyyətdəki narazılıqların siyasi nəticələrini hələlik görməməyimiz, ümumiyyətlə onun olmayacağı qənaətinə gəlməməlidir.
Hakimiyyətin durumu çox mürəkkəbdir. Ölkə daxilində sosial böhranın qarşısını heç cür ala bilmir. Korrupsiya və rüşvət qanunların işləməsinə, idarəetmənin səmərəliliyinə imkan vermir. İşsizlik, yoxsulluq, hüquq pozmalar sürətlə artır.
Beynəlxalq müstəvidə də oxşar durum yaranıb. ABŞ səfirinin dili ilə Orta Şərqlə bağlı açıq mövqe istəyir, Rusiya regionda varlığını göstərmək üçün Xəzərdə təlimlərə başlayır, Avropa İttifaqı yeni saziş layihəsi üzərində işlərin tezliklə yekunlaşmasını gözləyir. Hökumət isə susur, ziddiyyətli addımlar atır, zəruri islahatlara gedə bilmir. Bir sözlə, vəziyyət qəlizləşir.
Əhali etirazlara qoşulmasa da hökumətə etimadını əsasən itirib. Təəssüf ki, hökumət real durumu analiz edib ciddi nəticə çıxara bilmir. Müxalifətə yönəlik basqıları artırmaqla, daxili və xarici auditoriya qarşısında bacarıqsızlığını ört-basdır etməyə ümid edir. AXCP rəhbərliyinin “xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə” prokurorluğa çağırılması da cəmiyyətin diqqətini ciddi problemlərdən yayındırmaq cəhdidir.
İqtidarın basqıları artırmaqla müxalifəti zəiflədəcəyinə bəslədiyi ümidlər artıq özünü doğrultmur. Əksinə, cəmiyyətlə öz arasındakı münasibətləri daha da zədələyir. Müxalifət belə bir situasiyada təşkilatlanma ilə bağlı iradəsində ardıcıl olmaqla gücünü xeyli artıra bilər. Xüsusilə də müxalifətdə olan gənclərin yenidən səfərbər olması, yüksək motivasiyası, hədəfə inamla addımlaması yeni təşkilatlanma dalğası yarada və cəmiyyəti də arxasınca istiqamətləndirə bilər.