Rusiya Sülhməramlıları tərəf kimi fəaliyyət göstərir

09/09/21 3:08

Ötən gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rus əsgərlərinin Qarabağdakı fəaliyyəti haqqında danışıb.

Prezidentin köməkçisi sülhməramlıların bölgədəki əməliyyatlarının üçtərəfli sazişə əsasən, həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə tərəflər arasında ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir.

Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquqa, eyni zamanda 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əsaslanır. Burada məsələ Laçın dəhlizi və beynəlxalq təşkilatların Azərbayacanın suveren ərazilərində fəaliyyətindən və bir sıra digər məsələlərdən gedir. Rusiya tərəfi Azərbaycanın haqlı iradlarını qəbul etmir. Ermənistandan tərəfdən isə həqiqətə uyğun olmayan şərhlər verilir ki, guya Azərbaycan Sülh Sazişinə əməl etmir, bir sıra əngəllər törədir. Bununla da Ermənistan Sülh Sazişinə dair imzaladığı müqavilənin imtinanı acıq söyləyə bilmir, və dünya ictimaiyyətini çaşdırmaq məqsədilə dezinformasiyalar tirajlayırlar.

Rusiya sülhməramlıları sülhün təmin edilməsini, yəni tərəflər arasında hər hansı bir insidentin baş verməsini önləyən, ictimai asayişi gözləyən bir qüvvə kimi çıxış etməlidir. Amma biz bunun əksini görürük. Azərbaycan ərazisi olan Qarabağda Rusiya sülhməramlıları tərəddüd etmədən tərəf tutmağa, erməni separatizminin yenidən dirçəlməsinə çalışırlar. Onlar Qarabağın dağlıq hissəsini tərk etmiş hayları geri qaytarmaq istiqamətində səylər göstərir, Qarabağda yaşamayan Ermənistan, Livan və Suriyadan olan erməniləri də Xankəndinə, Əsgərana, Ağdərəyə və başqa bölgələrə daşıyırlar. Bundan əlavə onların missiyasına aid olmayan və təbliğat vasitəsilə köçürülən işğalçılara humanitar yardım göstərməklə də məşğul olurlar. Sülhməramlılar ermənilərin sayının artırılması və bölgədə yaşaması üçün onların maddi və mənəvi təminatı təminatı ilə məşğul olan bir sosial təminat orqanına çevrilib. Rusiyanın dövlət təşkilatlarından, erməni cəmiyyətlərindən Azərbaycanın məlumatı olmadan humanitar yardımlar gəlir. Son vaxtlar su qıtlığı ilə əlaqədar sülhməramlılar Xankəndi üçün su anbarı tikməyə başlayıb. Hər cür üsul və metoda əl atırlar ki, Qarabağın dağlıq hissəsindəki ermənilər hər şeylə təmin olunsunlar və tərk edib getməsinlər. ABŞ, Fransa və Rusiya dəridən-qabıqdan çıxırlar ermənilərə motivasiya versinlər və gələcəkdə “status-kvo” üçün zəmin hazırlasınlar. Halbuki Rusiya sülhməramlılar tamamilə tərəfsiz olmalı, hər iki tərəfi qane edəcək arbitr funksiyasını yerinə yetirməlidirlər.

Mandat beynəlxalq təşkilatlar, ilk növbədə BMT tərəfindən verilir. Rusiyanın bundan əvvəl Gürcüstanda-Abxaziya və Osetiyada olan sülhməramlıları həmişə mandatsız fəaliyyət göstəriblər, ona görə də dünya birliyi tərəfindən qanunsuz elan edilmişdilər. İndi onlar Azərbaycandakı rus sülhməramlılarına qanunu status verilməsi məqsədilə hər iki tərəfin də razılığını almaq istəyirlər. Azərbaycan tərəfi isə razılıq vermək üçün Rusiya sülhməramlılarının səlahiyyətləri və görəcəyi işlər barədə bir protokol hazırlamalıdır. Bu protokolda isə onların səlahiyyətləri, həm də fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilməlidir. Rusiya tələsik bir müqavilə mətni hazırlayıb Azərbaycana təqdim edib. Azərbaycan bu müqaviləyə Rusiya sülhməramlılarının əhalinin həyat tərzinə qarışmaması, erməni əhalisini kütləvi şəkildə Azərbaycana gətirilməməsi, bununla yanaşı, Laçın koridorundan buraxılış məntəqəsinə Azərbaycan hərbi qüvvələrinin nəzarət etməsi kimi tələblər ilə şıxış etməlidir. Təbii ki, Rusiya bu müddəaları qəbul etmək istəməyəcək. Qəbul etmədiyinə görə də hələ ki sülhməramlıların səlahiyyəti qanuni qüvvəyə minməyib. Bu nöqteyi-nəzərdən indi də danışıqlar davam edir.

Xatırladaq ki, bu barədə ilk dəfə Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikael Minatsyan məlumat açıqlayıb. O, yanvarın 8-də bildirmişdi ki, Ermənisan Rusiya ilə Qarabağdakı sülhməramlıların mandatına dair sənədi imzalayıb, amma Azərbaycan bundan imtina edib.

Keçmiş dipolmat rəsmi Bakının Moskva qarşısında 3 şərt qoyduğunu açıqlayıb:

  1. “Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;
  2. Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;
  3. Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır.”

Ermənistanın Baş naziri Nikol Paşinyan isə iyulun 29-da Azərbaycanın sülhməramlıların mandatına dair sənədi imzalamaqdan imtina etdiyini bildirmişdi.

Azərbaycan Qarabağda suverenliyini bərqərar etmək üçün beynəlxalq hüququn, eyni zamanda 10 noyabr bəyanatının yaratdığı öhdəliklərdən çıxış edərək şərtlər irəli sürüb. Rusiya isə onları qəbul etmir, öz mövqeyini rəsmi Bakıya qəbul etdirmək üçün müxtəlif təxribatlara əl atır.

Azərbaycan rəhbərliyinin sərgilədiyi mövqe ondan xəbər verir ki, sülməramlıların mandatına dair Moskvanın istədiyi və tələb etdiyi şərtlər daxilində razılaşma imzalanmayacaq.

Vahidov Qurban. Araşdırmaçı – analitik