“Rusiya sülhməramlıları” Azərbaycan ərazisini tərk etməlidir!

16/12/20 2:39

“Rusiya sülhməramlıları” Azərbaycan ərazisini tərk etməlidir. Onlar bəla mənbəyidir.

Azərbaycan Milliyyətçi Demokrat  Partiyasının Qurultaya

hazırlıq üzrə Təşkilat Komitəsinin

B Ə Y A N A T I

30 ilə yaxın bir dövr ərzində böyük güclərin dəstəyi ilə erməni terror dövləti Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək yurdumuzu viran etmişdir.

27 sentyabrda Azərbaycan  BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsip və qərarlarına, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən normalarına , ərazi bütövlüyü haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin edilməsindən irəli gələn vəzifələrə istinad edərək, Ermənistan tərəfinin ardıcıl təcavüz və təxribatlarına cavab olaraq əks hücum əməliyyatları keçirmiş, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində düşmən üzərində parlaq qələbə çalmış və ərazimizin əsaslı bir hissəsində dövlət suverenliyini ədaləti bir şəkildə bərpa etmişdir.

Lakin bu münaqişənin yaranmasında və on minlərlə insanın məhv edilərək böyük bir bölgənin viran edilməsində əsas ssenari müəllifi olan Rusiya Federasiyası Azərbaycan dövlətinin qələbəsinin tam reallaşmasına imkan vermədi və “sülhməramlı ” adı ilə Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağın dağlıq hissəsinə daxil olaraq elə ilk gündən təxribat xarakterli əməllərini işə salmağa başladı. Xüsusən;

-Rusiya Federasiyasının prezidenti V. Putin münaqişəni 1988-ci il Sumqayıt hadisələrinə bağlamağa cəhd etməsi,

-Qarabağın dağlıq hissəsində olan ermənilərin təhlükəsizliyi üçün digər 7 rayonumuzun işğal edilməsi

-“Maraqlar balansı” – hər iki xalqın maraqlarını təmin edən bir forma tapılması siyasəti

-Türkiyə Cümhuriyyətinin münaqişənin həllində birbaşa iştirakını  mümkün hesab etməyərək bölgənin ağası kimi özünün ənənəvi siyasətini ortaya qoyması,

-“Rusiya sülhməramlıları” nın ilk gündən Azərbaycanın maraqlarına uyğun olmayan və düşmən üzərində qələbəsini azaltmağa göstərdiyi cəhdlər, Rusiya Federasiyasının bayrağı altında bölgədə fəaliyyət göstərmələrinin onların statuslarına uyğun olmaması,

-“Rusiya sülhməramlıları”nın rəhbərinin Azərbaycan dövləti tərəfində beynəlxalq axtarışa verilən şəxslə-Arayik Arutunyanla davamlı olaraq  görüşməsi və erməni əhalisinin kütləvi olaraq Xankəndinə gətirilməsi və.s

Ehtimal edilən daha neçə məsələlər Azərbaycanın hər bir vətəndaşının, o cümlədən Azərbaycan Milliyyətçi Demokrat Partiyasının haqlı olaraq narahatlığına səbəb olub.

Yuxarıda göstərilənlər Azərbaycan Respublikasının yaxın gələcəkdə Rusiya tərəfindən daha təhlükəli münaqişəyə cəlb edilməsinə hesablanmış bir seenaridir. Azərbaycan Milliyyətçi Demokrat Partiyası, Azərbaycan hökümətindən Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi özbaşınalıqlara qəti etiraz edərək , onların “sülhməramlı” statusu ilə bir araya sığmayan fəliyyətlərinə son verməyi və ölkəmizin ərazisindən çıxarılması üçün müvafiq addımların atılmasını qəti olaraq tələb edir.

Bakı şəhəri 16.XII.2020-ci il