İlk gündən Ukrayna — Rusiya müharibəsi olmayacağını yazmışam. Bir Azərbaycan filmində deyildiyi kimi: «Aha Namiq ilə Makedon savaşacaq, çəkilin kənara». Kimiləri Kiyevdən, kimiləri Ukraynadan qaçdı. Artıq Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsi öz bazalarına qayıdır. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Putin bu addımla ABŞ və NATO-nu məsxərəyə qoydu. Putin zarafatla deyir ki, jurnalistlər Rusiyanın Ukraynaya müdaxiləsinin dəqiq vaxtını yazmırlar. ABŞ prezidenti C. Bayden isəəvvəlki mövqeyində qalır, “Rusiya Ukraynanı işğal edərsə, uzunmüddətli sanksiyalarla qarşılıq verəcəyik” deyir. Niyə, məhz «işğal edərsə»? Əslində Bayden bu sözlərlə Rusiyanı Ukraynanı işğal etməyə çağırır. Bu adicə məntiqin verdiyi ilkin cavabdır.
Bu sadəcə baş verə biləcək bir müharibənin imitasiyası idi. Münaqişə tərəfləri ən azı bu addımla öz tərəfdarlarını ayırd edə bildilər. İlkin baxışda orduların qarşı-qarşıya dayanması, əks qütblərdə dayanan Rusiya və NATO-nun durumu, beynəlxalq durum və s. müharibə imitasiyası yarada bilib. ABŞ zədələnmiş regional güc statusunu bərpa etmək şansı kimi bu durumdan yararlanmaq istəyir. Avropada NATO xəttiylə əlavə hərbi birliklər yaradır, NATO-nun şərqə doğru genişləndirilməsinə çalışır, NATO daxili destruktiv qüvvələri müəyyən etməyə çalışır. Rusiya isə bu qarşıdurmada özünü müdafiə olunan tərəf kimi və NATO qarşısında dayana bilən tək güc kimi göstərməyə, Postsovet məkanında nəzarəti əldən verməyəcəyini nümayiş etdirmək istəyində olması görünür. Amma bu müharibə imitasiyasına baxmayaraq hər iki tərəfin A və B planları mövcuddur.
Rusiya yaxşı bilir ki, Ukrayna ordusu 2014-2015-ci ildəki ordu deyil. Artıq döyüş yolu keçmiş və döyüşlərdə möhkəmlənmiş bir ordudur. Çox yüksək motivasiyaya malikdir. Müttəfiqləri onlara çox fəal kömək edir və onlar silahlı qüvvələrinə sərmayə qoyurlar. Bu ordunun qarşısına qoyulan vəzifələr var və bu vəzifələr arasında Rusiya işğalında olan Krım, Rusiya dəstəkli «LNR» və «DNR»-in azad edilməsi var. Lakin ordu quruculuğu, ordu daxilində ruspərəst zabitlərin çoxluğu və ölkədə xüsusən də Odessa, Xarkov kimi bölgələrdə 5-ci kolonun separatizmə meyilli xalqa yaxınlığı Ukrayna tərəfinin tərəddüdlərinə səbəb olan amillərdəndir. Yəni Ukrayna müharibəyə tam hazır görünmür.
Eləcə də Rusiyanın daxilində sosial narazılıq da anbaan yüksəlməkdədir. Ona görə də bu müharibə Rusiya-Ukrayna formatında deyil, Ukrayna — Belorus formatına keçirilə bilər. Rusiya ənənəvi üsulla «İX TAM NET» kimi tərəflər arasında dumağı da nəzərdən keçirir. Faktiki olaraq Minskin Putinin əmrinə qarşı çıxmaq şansı yoxdur. Tətbiq edilən sanksiyaların genişlənməsi bu gün ən arzuolunmaz şeydir. Yaza doğru Avropanın Rusiya qazından asılılığı qismən azala bilər və ABŞ bu məqamı əldən buraxmamaq üçün tədbirlər planı tərtib edib. Rusiyanın Avropa Qaz bazarından çıxarılması Rusiya üçün fəlakət sayıla bilər. Yəni Rusiya maksimum orduda hərəkətlilik yaratmaqla NATO-nun Rusiyaya doğru irəliləməsinin qarşısını almağa və Postsovet məkanında mərkəzdənqaçma meyllərinə xəbərdarlıq etməyə çalışır. Bu Rusiyanın A planının qısa xülasəsi sayıla bilər.
B planına görə Rusiya, Kiyev müharibəyə başladığı təqdirdə Kremlin bu ölkə ərzisində yerləşən bəzi obyektlərə nöqtəvi zərbə endirməklə Ukraynanı iflic etməyi planlaşdırıb. Lazım gələrsə, bu işi Belorusun əliylə etməyi nəzərdə tutublar.
Bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı hərbi-siyasi mütəxəssis Boqdan Polyulyax bildirib.
Onun sözlərinə əsasən, bir raket zərbəsi ilə Kiyev su anbarının bəndinin dağılacağı təqdirdə şəhərin bütün sol sahilləri su altında qalacaq: “Kiyev SES-in dağılması nəticəsində su kütləsinin axını istər-istəməz bütün obyektlərdə “domino effekti” yaradacaq. Hər yeni dağılmış bəndlə bu effekt güclənəcək. Hər bir qırılmış bənddən sürətlə artan dalğa Dneperin sahillərində yerləşən bütün yaşayış məntəqələrini əhatə edəcək. Kremençuq bəndinin dağılması isə hündürlüyü 10 metrə çatan dalğanın yaranması deməkdir.19 saatdan sonra su Zaporojye şəhərinə çatacaq. Hesablamalara görə, Dnepr bəndinin pozulmasından sonra bəzi yerlərdə suyun səviyyəsi 12 metrə qədər yüksələcək və 2-3 gün ərzində yavaş-yavaş aşağı düşəcək. Zaporojye vilayətində su basmış 49 yaşayış məntəqəsi olacaq. Onu da nəzərə almaq lazımdır ki, ərazilərin su basması Ukraynanın enerji sisteminin dağılmasına gətirib çıxaracaq. Bu o deməkdir ki, artıq bir neçə saatdan sonra Dnepr ətrafındakı bütün ərazidə və Ukraynanın əksər hissəsində elektrik enerjisi kəsiləcək.
Qeyd: Kiyev su anbarı — Kiyevdən şimalda Dnepr çayı üzərində yerləşən su anbarının sahəsi 922 km²-dir. Şimalda demək olar ki, Belarusla sərhədə çatır. Şərq hissəsi (ərazi olaraq Çerniqov vilayəti) 2002-ci ildə yaradılmış Mejreçenskiy Regional Landşaft Parkının bir hissəsidir. Pripyat, Teterev, Uj, İrpen və başqa çaylar Kiyev su anbarına tökülür.
Əgər Kiyev SES partlayarsa, su axını Cənubi Ukrayna AES-in reaktorlarını sıradan çıxara bilər və bu, Çernobıl AES-dəki partlayışdan da böyük fəlakətə gətirib çıxarar. Mütəxəssislərin fikrincə, təxminən 20 dəqiqə ərzində Obolon, Podol, Rusanovka və Xarkovu su basar. Xəritədə fəlakət zamanı Kiyevin daşqın sahələrinin ardıcıllığı göstərilir…
Boqdan Polyulyax yazır: «Beləliklə, Dnepr bəndinin dağıdılması halında onlarla böyük şəhər qismən su altında qalacaq. Ölkədə bütün kommunikasiya xətləri kəsiləcəkdir. Ölkənin şərq hissəsində yerləşən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin maddi-texniki təminatında problem yaranacaq. Texnogen obyektlərdə – neft və qaz kəmərlərində, kimya və digər müəssisələrdə baş verən çoxsaylı qəzalar isə faciəni daha da dərinləşdirəcək.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün təhlükəsiz rayonlarda mülki əhalinin evakuasiya və yerləşdirilməsinin təşkili üçün əraziyə bütün qüvvələr səfərbər olacaq – Milli Qvardiya, polis və Ukrayna Silahlı Qüvvələrinın bölmələrinin bir hissəsi.Bir anlıq SES-dən məhrum olan ölkənin enerji sistemi çökəcək.
Zaporojye AES də təhlükə altında qalacaq. Yaranmış şəraitdə Ukrayna hərbi əməliyyatlar apara bilməyəcək, iqtisadi və texnogen böhranın aradan qaldırılması üçün isə ona uzun müddət vaxt lazım gələcək”.
Bu cür antibəşəri planı, məhz Rusiya planlayaraq, həyata keçirə bilər.
Eyni plan Azərbaycan əleyhinə də hazırlanmışdı. Daxildə və ordu korpuslarında rus agenturası, 5-ci kolon hərəkətə gətirilmişdi.
Ermənistanda, Şimali Qafqazda və Xəzər hövzəsində mövsimi və mövsümdən kənar hərbi təlimlər keçirilirdi. Ermənistanda hərbi təyyarəçilərin təlimi, Tovuz hücumu, nədənsə dünya ictimaiyyətinin diqqətini cəlb etmədi. 3 iyul 2020-ci il. Ermənistan HHQ — nə məxsus Su 30M təyyarlərinin havadan raket zərbəsi endirmək əməliyyatını məşq ediblər. Bu sınaqlara kimlərin rəhbərlik etməsi bəzi qaranlıqlara işıq salmaq üçün yetərli olacaq.
Vyaçeslav və Yevgeni Averyanovların rəhbərliyi ilə bu sınaqlar keçirilib və bu rus təyyarəçilər iyulun 10-da Ermənistan Müdafiə naziri Davit Tonoyan, Rusiya Silahlı Qüvvələrinin təliminə və təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən Rusiyanın ən məşhur pilotları kimi, Rusiya Federasiyasının qəhrəmanı ata — bala Vyaçeslav Yuriyeviç Averyanov və Yevgeni Vyaçeslavoviç Averyanovu qəbul edərək, Baş nazirin adından Ermənistan Respublikası mükafatına layiq görülməsi münasibəti ilə təbrik etmişdi.
Meydanda Azərbaycan tək qalmışdı və ilk olaraq bu meydanda onun səsinə öz qardaşı Türkiyə səs verdi.
Ermənistanın Tovuz istiqamətindən ölkəmizin sərhəd toxunulmazlığını pozması faktından aydın görünürdü ki, Tovuz rayonuna hücum əməliyyatı Ermənistanın tək başına girişdiyi bir iş deyildi. Əvvəlcədən bunu ermənilər, sifariş əsasında hazırlamış, prosesin gedişatından asılı olaraq, onların planlarının A və ya B variantları ortaya çıxacaqdı. Amma düşmənin mövcud planı alınmadı və fiaskoya uğramış əməliyyatı hazırlayan sifarişçi «X» öz tövrünü pozmamaqla maskalanmağa çalışdı. Çünki Azərbaycanı hədəfə alan addımları görməyən dünyanın diqqəti bu bölgəyə yönəldi. Azərbaycan hadisələri önləmək üçün qaçılmaz bir dönəmə məhkum oldu və ölkə rəhbərinin uzaqgörənliklə və bir strateq kimi hadisələrin fövqündə durmasını, heç daxildəki 5-ci kolon nökərləri də gözləmirdilər. Uğurlu siyasi gedişlərin və hərbi nailiyyətlərin bir-birini əvəzləməsi qarşı tərəfi çaş-baş saldı. Ukraynaya hazırlanan plan öncə Azərbaycan üçün hazırlandığını deyə bilərik.
— Mülki strukturlara zərbə endirməklə (Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Yevlax, Bakı və s.) ilkin köçkün dalğası və sosial narazılıq yaratmaq.
— Neft kəməri daxil enerji daşıyıcı struktrlara və yataqlara, hərbi obyektlərə intensiv zərbələr endirmək.
Mingəçevir SES-ə dağıdıcı raket zərbəsi endirmək, daşqın yaratmaqla Mingəçevir İES-in işini dayandırmaq. Fəlakətin miqyasıyla ölkə ərazisində nə baş verəcəyini düşünün. Bu barədə aşağıda açıqlama verəcəyəm.
— Bakıya pereventiv raket zərbələri endirməklə xaosu daha da dərinləşdirmək.
— Orduya zaman-zaman sızdırılmış rus agentlərinin əliylə ordu birliklərini məğlubiyyətə düçür etmək və kapitulyasiyanı qaçılmaz etmək.
— Ölkə daxilində 5-ci kolon nökərlərinin şaiyə və dezinformasiya yaymasının təmin edilməsi və s.
Mövcud planın detalları zaman gəldikcə açıqlanacaq. Bir faktı da deyim ki, hərbçilər Rusiyanın 102-ci hərbi bazasına məxsus Mİ-24 helikopterinin gecə uçuşunun nə demək olduğunu yaxşı anlayırlar. Bu helikopter kimləri, hansı batalyonu və rotanı müşaiyyət etməsini bilirik. Ümumiyyətlə, Mil Mi-24 (rus. Миль Ми-24; NATO kod adı: Hind) ― Sovet İttifaqı və Rusiya tərəfindən istehsal olunan hücum və hərbi nəqliyyat helikopteridir. Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə «Timsah»dır (krokodil). Bir çox ölkənin hərbi hava qüvvələri tərəfindən hücum əməliyyatları zamanı istifadə olunur. Rusiya haraya hücum edirdi?
Amma bu planın bir bəndində Mingəçevir SES-in vurulması yer alır. Bu faktı nəzərdən keçirək. Oktyabrın 4-də şəhərə yaxın Ermənistandan sənaye şəhəri Mingəçevirə bir neçə raket atılıb. Ermənilər, ümumiyyətlə eyni hədəfə NATO kod adı «Scud» olan ballistik, «Toçka-U” taktiki raket kompleksi, «Smerç» tipli raket və «Buk» sistemli raketlərdən atəş açıb. Bu gün bu mənfur planın törətmək istədiyi böyük bir cinayətdən söz açmalıyıq. Ukraynanı «qarmağa taxıb» yem olaraq Rusiyaya tərəf atan Avropa bəs niyə KTMT-nin və ardınca Rusiya-Ermənistan, Rusiyanın Şimali Qafqaz və Xəzərdə keçirdiyi iri miqyaslı hərbi təlimlərə səslərini çıxarmadılar? Bu gün onları Ukraynanın müdafiəsi yox, dağılacaq Ukraynanın bölüşdürülməsi araqlandırır.
Azərbaycana qarşı eyni proseslər baş verirdi və haqqında danışdığım plan hər kəsə məlumdu.
İndi Mingəçevir SES-in vurulmasının nə demək olduğuna diqqət yetirək.
Mingəçevir su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Ancaq onu kritik həddə qədər doldurmaq olmaz. Mingəçevir su anbarındakı suyun həcmi daim tənzimlənir.
Gürsululuq dövründə də kritik həddin keçilməsinə yol verilmir, artıq su kanallarla buraxılır. Su anbarının təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları Dövlət Agentliyi cavabdehdir. Mingəçevir su anbarının və elektrik stansiyasının hava hücumundan müdafiəsi üçün 5-dən çox zenit raket divizionunun və ən azı 1 əlahiddə radiotexniki taborun cəlb edildiyi ehtimal edilir.
Əgər bəndi vurmaqla dağıtmaq mümkün olsa, o zaman Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su basımaya məruz qalar və ilkin dalğanın hündürlüyü 70 m-ə çatardı. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 metrlik su altında qala bilərdi.
Bu barədə keçmiş Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi işləmiş Rəşid Bərgüşadlının saytlara verdiyi açıqlamada bildirilirdi ki, fəlakətli subasma zonasında 70 min əhali yaşayır (1997-ci il üçün). Hadisə baş verərsə, Yevlax rayonunun 190 kv.km ərazisi 28-30 dəqiqə; Ağdaş rayonunun 75 kv. km ərazisi və 22 min əhalisi 80 dəqiqə; Ucarın 100 kv.km ərazisi və 34 min əhalisi 2 saat ərazisində subasmaya məruz qalar.
O, bildirib ki, bənd dörd halda dağıla bilər:
— Rixter üzrə 11 bal gücündə zəlzələdən- Şamxor (Şəmkir) su anbarının bəndinin dağılmasından- Bəndin sağ-sol hissəsində Bozdağın yuyulub çatlamasından- Turbinlərə gələn suyun axıdıcı qalareyanı tədricən öz-özünə aşındırmasından.
Mingəçevir su anbarı tikildiyi gündən həm havadan, həm də qurudan qorunur. Müstəqilliyin ilk illərindən isə Ermənistanla mövcud münaqişə bu məsələni daha da aktuallaşdı. Azərbaycan ordusu Sovetlərdən qəbul etdiyi HHM avadanlıqlarının mühüm bir hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq oldu. Sonrakı illərdə Sovet istehsalı olan S-125, S-75 və S-200 hava hücumundan müdafiə sistemlərini Azərbaycan xarici mütəxəssisləri cəlb etmək, zabitləri xaricdə təhsilə göndərmək, Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və modernləşdirmə müqavilələri bağlamaq yolu ilə modernləşdirdi. Digər Sovet respublikalarından fərqli olaraq Azərbaycan Hava Hücumundan Müdafiə sisteminin döyüş hazırlığını kifayət qədər yüksək səviyyədə saxlamağa nail oldu.
Azərbaycanın HHM sistemi Mingəçevir su anbarı ilə bərabər respublikanın bütün strateji əhəmiyyətli obyektlərini bir neçə eşalonda, həm də müxtəlif yüksəkliklərdə etibarlı qorumağa imkan verir. Tək Mingəçevir su anbarının və elektrik stansiyasının hava hücumundan müdafiəsi üçün 5-dən çox zenit raket divizionunun və ən azı 1 əlahiddə radiotexniki taborun cəlb edildiyini məlumdur.
XXI əsrin əvvəllərində Azərbaycan S-200 VM komplekslərini tam modernləşdirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatlarını artırdı.
Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı. Bu komplekslər bütün ölkənin hava məkanına nəzarət etməklə orta yüksəkliklərdə, həm Xəzərin əksər akvatoriyası, həm də bəzi qonşuların ərazisi üzərində uçan hədəfləri məhv etməyə qadir idi. Lakin bu komplekslərin də saxlanılması çox zəhmət tələb edirdi və istismarı bahalı idi. S-200VM ZRK-nın son hərbi paradda görünməsi, onların hələ də silahlanmada qaldığına işarət edir.
Bu kompleksin yenilənən versiyaları Polşa, Ukrayna, Rusiya və Belarusda hazırlanır. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2014-cü ildə nəşr etdiyi məlumatlara görə, Azərbaycan 2011-ci ildə Belarusdan sifariş etdiyi S-125TM “Peçora-2T” modifikasiya olunmuş zenit raket kompleksinə malik 9 ədəd divizionu 27 ədəd atıcı qurğu ilə əldə edib. Bu komplekslərin 2030-cu ilə qədər istismar ediləcəyi şübhəsizdir.
2008-ci ildən etibarən Azərbaycan SSRİ-də istehsal olunan hava hücumundan müdafiə qoşunlarının silahlarının modernləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alan ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli maliyyə resursları ayırdı. 2007-ci ildə Azərbaycan Rusiyadan hər birində səkkiz atıcı qurğu və 200 ədəd 48N6E2 zenit raketi olmaqla 2 ədəd S-300PMU-2 “Favorit” divizionunun alınması üçün 300 milyon dollar dəyərində müqavilə imzaladı. Avadanlıqların çatdırılması 2010-cu ilin yayında başladı və 2012-ci ildə başa çatdı.
2016-cı ilin dekabrında Azərbaycan Silahlı Qüvvələri İsrailin “Israel Aerospace Industries” (IAI), “Elta Systems”, “Rafael” və digər şirkətlərinin birgə hazırladığı uzaq mənzilli “Barak 8” ZRK-dan döyüş atışları keçirməklə 90 km məsafədə ballistik və aerodinamik hədəfləri məhv etmək imkanlarını nümayiş etdirdi. Bununla da Azərbaycan İsrailin ən müasir hava hücumundan müdafiə kompleksinin yerüstü versiyasının ilk alıcısı oldu.
Azərbaycan hazırda “Barak-8” kompleksi ilə silahlanan ən azı bir ədəd zenit batareyasına və 75 ədəd raketə malikdir. Bir batareyanın dəyəri 25 milyon dollardır, bir ədəd raket isə təxminən 1.5 milyon dollar dəyərindədir.
Sovet hərbi texnikasının bölünməsi zamanı Azərbaycanın Silahlı Qüvvələri “Kruq-M” və “Kruq-M1” 9 ədəd tırtıllı şassiyə malik mobil zenit raket kompleksi də əldə edib. Müəyyən qədər köhnə hesab edilən komplekslər sonradan orta mənzilli “Buk-MB” kompleksləri ilə əvəz edildi.
2011-ci ildə Azərbaycan “Osa”nın 2 dəfə üstün xüsusiyyətlərinə malik, Ukrayna-Belarus birgə istehsalı olan “Stilett T38” zenit raket kompleksini aldı. Hazırda ən azı bir divizionu döyüş növbətçiliyinə cəlb edilib.
2013-cü ildə keçirilən hərbi paradda Belarusdan alınan və dərin modernləşdirilməyə məruz qalan “Buk-MB” kompleksləri nümayiş olundu.
Ukrayna radarından əlavə, Azərbaycan İsraildən ELM-2288 AD-STAR və ELM-2106NG üçkoordinatlı mobil RLS-lər də əldə edib. ELM-2288 AD-STAR stansiyası 480 km məsəfədə yüksəkdən uçan hədəfləri aşkar etməyə imkan verir.
ELM-2106NG stansiyası isə 90 km-ə qədər məsafədə aşağı yüksəklikdə uçan təyyarələri, helikopterləri və PUA-ları aşkar etmək üçün nəzərdə tutulub, eyni zamanda müşayiət olunan hədəflərin sayı isə 60-a bərabərdir. ELM-2288 AD-STAR və ELM-2106NG stansiyalarının “Barak 8” ZRK ilə eyni müqavilə üzrə alındığı ehtimal edilir.
SIPRI-nın iddialarına görə, Azərbaycan 2011-ci ildən raket əleyhinə radarlarla təmin edilməsi üçün yeni müqavilə bağlayıb. 500 km-dən uzaq məsafədə hava hədəflərini aşkar edən 60 tonluq EL/M-2080 “Green Pine” radarının əsas məqsədi operativ taktiki raket hücumunu aşkar etməkdən, “Barak 8” və S-300PMU ZRK-lara hədəf göstərməkdən ibarətdir.
Bu gün inamla deyə bilərik ki, Ali Baş Komandan cənab İlham Əliyevin illər ərzində azğın bir düşmənlə mübarizə üçün yürütdüyü və özünü müharibədə təsdiqləyən bir sistemi qurması göz önündədir və alqışa layiqdir. Zaman keçdikcə bir çox həqiqətlər üzə çaxacaq…
Rusiya raket atmasa da, XİN sözçüsü Mariya Zaxarova replika atıb: “Böyük Britaniyanın Rusiyadan üzr istəmək vaxtı çatıb. Böyük Britaniya hakimiyyətinin Rusiyanın Ukraynaya “hücumu” barədə rəsmi şəxslərinin danışdığı yalana görə üzr istəmək vaxtı çatıb”, — deyə o bildirib.
Ukrayna Rusiya müharibəsi bitdi. Sadəcə hələlik bitdi deyə bilərik…
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri