Ukrayna ətrafında vəziyyət getdikcə gərginləşir. Rusiyanın israrla Ukrayna torpaqlarını işğala hazırlaşması, böyük hərbi qüvvələri sərhəddə yığması artıq hər şeyin son mərhələyə gəldiyindən xəbər verir. Görünən odur ki, Kreml Kiyevlə müharibə etmək üçün bütün imkanlarını səfərbərliyə alıb.
JAMAZ.İNFO xəbər verir ki, Ukrayna özünü müdafiə etmək və Rusiya tərəfindən işğal edilmiş Donbas və Luqanskini geri qaytarmaq üçün bölgədə hərbi varlığını genişləndirmək məcburiyyətində qalıb. Elə bu səbəbdəndir ki, Kiyev Donbas istiqamətinə son bir həftə ərzində 120 min qoşun göndərib. Bundan başqa, Ukrayna ordusu son bir həftə ərzində Donbas istiqamətində 23 hərbi texnika yerləşdirib.
Gələn məlumatlara görə, son günlər Donbas və Luqansk istiqamətlərində 20 dəfə atəşkəs pozulub.
Bu əsnada, Rusiya Ukraynaya hərbi müdaxilə etmək üçün müxtəlif bəhanələr uydurmağa başlayıb. Həmin bəhanələrdən biri də Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın dilindən səsləndirilib. O deyib ki, Kreml Çində keçiriləcək qış olimpiya oyunları ərəfəsində ABŞ və Ukrayna tərəfindən həm informasiya, həm də hərbi təxribatlar gözləyir.
JAMAZ.İNFO xəbər verir ki, ötən gün ABŞ-ın Kiyevdəki səfirliyinin əməkdaşlarının və ailə üzvlərinin evekuasiya edilməsi ilə bağlı yayılmış məlumat təsdiqini tapmayıb. ABŞ Dövlət Departamenti bəyan edib ki, onların belə bir planı və niyyətləri yoxdur.
Bildirək ki, Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kaya-Axim Şyönbax bu günlərdə etdiyi çıxışı zamanı Krımın bir daha Ukraynanın tərkibində olmayacağını bildirib. O deyib ki, yeni müharibə həmin ərzilərin əbədilik itirilməsi demək olacaq. Onun bu açıqlamasından sonra Ukrayna XİN-i Berlin hökumətindən sözüngedən açıqlama ilə bağlı açıqlama tələb edib.
JAMAZ.İNFO xəbər verir ki, “The Economist” qəzeti Rusiya-Ukrayna müharibəsi riski ilə bağlı maraqlı məlumatla çıxış edib. Qəzet yazır ki, Ukrayna işğal edilərsə, bu, Rusiya iqtisadiyyatına böyük ziyan vuracaq. “ABŞ və AB maliyyə və ticari sanksiyalar hazırlayıb. Rusiya hökumətinin bu iqtisadi zərbəni xəfiflətmək üçün güclü rezervləri olsa da, bu, rusların yaşayış səviyyəsinin aşağı düşməsini önləyə bilməyəcək”.
Qəzet daha sonra qeyd edir ki, Ukrayna qüvvələri Putinin “burnunu qanatmaqdan” daha artığını etmək imkanına malikdir. “Rusiyanın ərazinin böyük bir hissəsini ələ keçirməsini önləyə bilməsələr də, Moskvanın bu əraziləri əlində saxlamaq cəhdlərini onların kabusuna çevirə bilərlər”.
“The Economist” həmçinin bildirir ki, Rusiyada Ukrayna ilə ölümcül müharibənin başlanmasına dəstək yoxdur. “İllərdir keçirilən sorğulardan aydın görünür ki, rusların böyük qismi Ukraynalılarla normal qonşuluq münasibətlərinin qurulmasını istəyirlər. Bundan başqa, Putinin populyarlığı da rubl kimi nüfuzdan düşür. Rusiya imperiyasını yenidən qurmaq üçün atılan Donkixotsayağı addımlar isə, xüsusilə çoxlu sayda rus öldürülərsə, Putinin başını ağrıdacaq”.
Onu da qeyd edək ki, Qərb mətbuatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı maraqlı bir iddia ilə çıxış edib. Həmin iddiaya əsasən Rusiyanın işğal planının adı “Göy gurultusu” adlanır.