Səfərli: Hər şeyə Əli Həsənov nəzarət edirdi

18/09/21 9:54

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vyugar Səfərli və bu fondda yüksək vəzifələrdə çalışanlar Bunyamin İsmayılov, Ədalət Vəliyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Valeh Oruov, Təhminə Yaqubova, Şahin İbrahimov, Namiq Hacıyev, Nadir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.

  1. Səfərli jurnalistlər üçün binaların tikintisinə ayrılan vəsaitin xərclənməsi ittihamı ilə əlaqədar məsələyə aydınlıq gətirdi: “Tikinti ilə əlaqədar bütün qanun pozuntuları mənimlə əlaqəlidir. Qiymətlərin çox baha olduğunu yazırlar. İddianaməni oxuyarkən adam dəli ola bilər. Ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürdüm. Bundan sonra nə etdiklərini bilmirəm”.
  2. Səfərli ayrılan vəsaitin nağdlaşdırılmasına da aydınlıq gətirib: “Niyə vəsaitin nağdlaşdırıldığını istintaq araşdırmır?. 64 yaşım var, bir insanın həyatı ilə belə oynaya bilməzsən. Vəsaitin haradan gəldiyini və hara getdiyini bilmirəm. İstintaqa o vaxt bir tikinti şirkətinin rəhbəri olan ƏdalƏt Vəliyevin verdiyi ifadə var. Tikinti işləri zamanı 16 milyon manat məbləğində ziyan vurduğunu etiraf etdi, bunun üçün əmlakının müsadirə olunmasını istədiyini qeyd etdi. Bu əmlak daha sonra müsadirə edildi. Bəlkə də tikinti zamanı məsuliyyətsizlik etmişəm. Gedib materialların keyfiyyətini, macunun (şpaklevka) qalınlığını yoxlaya bilmədim. Hər şeyə Əli Həsənov nəzarət edirdi. Sadəcə gedişatı yoxlayırdım ”.
  3. Səfərli qeyd edib ki, istintaq zamanı heç kimlə heç bir üzləşdirmə təşkil olunmayıb. Prokurorun sualını cavablandıran V. Səfərli tikintiyə nəzarətin Bunyamin İsmayılov tərəfindən həyata keçirildiyini və ona həddən artıq qiymət qoyulması barədə məlumat vermədiyini söylədi.

Proses sentyabrın 21-də davam edəcək.

Transqafqaz.com