Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland CNN Türk-ə müsahibəsində bildirib.
“Aydındır ki, biz istədiyimiz S-400 problemini həll edə bilsək, Birləşmiş Ştatlar Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Amma ilk növbədə bu məsələni həll etməliyik və onu həll edərkən eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”.
Onun sözlərinə görə, bu gün hər kəsin hava hücumundan müdafiəsinə ehtiyacı var: “Əgər bu problemi həll edə bilsək, o zaman F-35 ilə bağlı danışıqlara qayıda bilərik”.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.
Məmmədli Ömər