Ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.
Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.