Təcili: Əliyevlə Paşinyan arasında keçirilən görüşdən sonra Avropa İttifaqı bəyanat verdi

15/12/21 4:21

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla dörd saatlıq görüşdən sonra Azərbaycanın tutduğu mövqe ilə son dərəcə uyğun olan bəyanatla çıxış edib.

Sənədin hər bir bəndi əslində Azərbaycanın maraqlarını əks etdirir.

Avropa Şurasının prezidenti bəyanatının əvvəlində Azərbaycan və Ermənistan arasında münaqişənin nəticələrinin aradan qaldırılmasına çağırır. Bu o deməkdir ki, Brüssel Bakının bu münaqişənin artıq tarix olduğu və tərəflərin gələcəyə baxması ilə bağlı mövqeyi ilə razılaşır.

Şarl Mişel Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh müqaviləsinin imzalanmasına çağırır. Brüssel əslində dəfələrlə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olan Bakıya dəstəyini ifadə edib.

Şarl Mişelin münaqişə başa çatdıqdan sonra keçirilən görüşlərdə tərəfləri qəbul edilmiş razılaşmalardan irəli gələn öhdəliklərə əməl etməyə çağırması Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

Xüsusilə diqqətçəkən məqam odur ki, ilk dəfə itkin düşmüş şəxslərlə bağlı məsələ Avropa İttifaqının gündəliyinə salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, Azərbaycan üçün son dərəcə vacib və ağrılı məsələdir, çünki birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd min azərbaycanlının taleyi hələ də aydın deyil.

Şarl Mişelin bəyanatında həmçinin humanitar mina təmizləmə səylərinə dəstək ifadə olunub və bu, Avropa İttifaqının Azərbaycanın işğaldan azad edilmiş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizləmək səylərini dəstəkləyəcəyini deməyə əsas verir.

Münaqişədən zərər çəkmiş insanların reabilitasiyası istiqamətində görülən işlərə, eləcə də regionun bərpası istiqamətində fəaliyyətə dəstək ifadə olunub. Bu, bəyanatın son dərəcə mühüm məqamıdır, çünki o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində Avropa İttifaqının köməyinə ümid etməyə imkan verir.

Aİ həmçinin sülh müqaviləsinin imzalanması üçün ilkin şərt olan sərhədlərin demarkasiyası və delimitasiyası prosesində məsləhət dəstəyi verməyə hazır olduğunu bildirib.

Brüssel həmçinin iqtisadi və investisiya yardımı ilə yardım göstərməyə hazır olduğu regional kommunikasiya infrastrukturunun yaradılmasını zəruri hesab edir. Bundan başqa, regionda iqtisadi əməkdaşlıq üçün ümumi platformanın yaradılması təklifi irəli sürülüb.

Bəyanatda dəmir yollarının tikintisi məsələsi xüsusilə vurğulanır. Bu, ilk növbədə, Zəngəzur dəhlizi ilə dəmir yolunun çəkilməsi, həmçinin bu yolda sərhəd və gömrük nəzarətinin qarşılıqlı əsasda təşkilini nəzərdə tutur. Bu məsələ bir az aydın görünmür, əgər Ermənistan Zəngəzur dəhlizində sərhəd və gömrük nəzarəti məntəqələri yaradarsa o, zaman Azərbaycan tərəfinin də tam hüquqi əsası var ki, Laçın dəhlizində eynisini təşkil etsin. Bunun nəticəsinin sonluğunu yaxın gələcəkdə iki dövlətin Rusiyadan kənar danışıqları əsasında baş tutacağını ehtimal etmək olar.

Beləliklə, birmənalı şəkildə qeyd etmək olar ki, Şarl Mişelin bəyanatı Azərbaycanın tələb və maraqlarını əks etdirir.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik.