Yaxın günlərdə İranın təhdidlərinə etiraz olaraq Azərbaycanın Əhli-Beyt sevərləri təcili toplantı keçirəcək.
Transqafqaz.com-un əldə etdiyi məlumata görə, əsrlərdir ki, xalqımızın ehtiram bəslədiyi şəcərəli Əhli-Beyt mənsubları olan Azərbaycanın müqəddəs Seyid Ocaqları Vətən və dövlət adına təcili toplanmaqla bağlı qərara gəlib.
Məlumata görə, toplantının təşkilatçısı şərqşünas Seyid Camal Əzimbəylinin rəhbəri olduğu Qarabağ Seyid Ocaqlarıdır.
Azərbaycanın bütün Seyid Ocaqlarının nümayəndələrinin qatılacağı tədbirdə ölkənin Əhli-Beyt sevərləri son günlər İranın bəzi dairələrinin ölkəmizə qarşı səsləndirdiyi əsassız və sübutsuz iddialarına öz etirazlarını bildirəcək.
Eləcə də özünü İran İslam Respublikası adlandıran dövlətin müsəlman Azərbaycanı deyil, məscid və ibadətgahlarımızı, seyid ocaqlarımızı 30 illik işğal dövründə məhv edən, yağmalayan, içərisində donuz saxlayan Ermənistanı dəstəkləməsinə, onu işğala şirnikləndirməsinə sərt etirazını çatdıracaq.
Eyni zamanda Azərbaycan Əhli-Beyt sevərlərinin dövlətə və dövlətçiliyimizə bağlılığı bir daha ifadə olunacaq.
Sonda Azərbaycan Seyid Ocaqlarının bəyanat qəbul etməsi gözlənilir. /Transqafqaz.com/