“Taliban” türklər yaşayan məntəqəyə hücum etməklə “qırmızı xətti” keçdi

08/08/21 3:27

Avqustun 31-də ABŞ və NATO-nun Əfqanıstandan geri çəkiləcəyi ilə bağlı qərarından sonra sürətlə daha çox ərazi ələ keçirməyə başlayan ekstremist “Taliban” qüvvələri İran sərhədində yerləşən Nimroz əyalətinin mərkəzi Zarancı ələ keçirib.

Ötən gün “Taliban” ölkənin şimalında yerləşən və Türkmənistanla sərhəd olan Cüzcan vilayətinin mərkəzi Şibirqanda nəzarəti ələ alıb.

Fransız xəbər agentliyi AFP-nin yaydığı məlumatda qeyd edilir ki, türklərin yaşadığı Şibirqan tamamilə ələ keçirilib. “Assoşieyted Press”də dərc olunan xəbərdə isə vurğulanıb ki, “Taliban” döyüşçüləri şəhərə girsə də, ora tamamilə nəzarətə alınmayıb.

Əksəriyyəti türkmən və özbəklərdən ibarət olan yarım milyondan çox insan Şibirqan şəhərində məskunlaşıb. Məlumata görə, Şibirqan tam nəzarətə alınarsa, iki fərqli bölgədəki iki əyalət mərkəzləri də 24 saat ərzində “Taliban”ın nəzarətinə keçəcək.

ABŞ “B-52” bombardmançılarını bölgəyə göndərir

ABŞ rəhbərliyinin “Taliban”ın sürətlə irəliləməsi fonunda bölgəyə “B-52” bombardmançı təyyarələri və “AC-130” dəstək təyyarələri göndərdiyi bildirilib. Böyük Britaniyanın “The Times” qəzetinin yazdığına görə, “uçan qala” olaraq bilinən təyyarələr Qətərdəki və Ərəbistan dənizindəki “Ronald Reyqan” təyyarə gəmisindən havaya qalxaraq Əfqanıstanın Qəndəhar və Ləşkargah şəhərləri ətrafındakı “Taliban” qüvvələrini hədəf alıb. ABŞ-ın hava dəstəyinin azalmasının Əfqanıstan ordusunu müdafiəsiz hala gətirdiyi iddia edilsə də, Amerika bu ölkədəki hərbi iştirakını və əməliyyatını 31 avqustda tamamlamağı planlaşdırır.

Transqafqaz.com