Tanrı dərgahında yazılanlar

29/11/16 1:43

Və ya Qarabağın aqibətinin necə olacağını dəqiq bilənlər 

Qeyb aləmində, Tanrı qatında yazılanların vahid tərəfi, ilahi obyektivliyi olur. Orada mübahisəli, nataraz və redaktəyə ehtiyac duyulan heç bir detal yoxdur. Çünki doğruların doğrusu, həqiqətlərin həqiqəti məhz oradadır. Yaşamağa məhkum olunduğumuz Yerlə Qeyb arasında isə saysız-hesabsız pərdələr var. Bu səbəbdən yazılanları olduğu kimi qəbul etmək və görmək imkanımız yoxdur. İnsanlıq yaranandan hər bir hadisəyə, mənzərəyə və şəxsiyyətə olan çeşidli yanaşmalar da bundan irəli gəlir. Etiraf etməliyik ki, bu dünyada istənilən şeyə çoxtərəfli olmasa belə, ən azı dualist baxışlar olur. Çağdaş həyatımızda, yaşadığımız planetdə də baş verənlərə müxtəlif yanaşmalar var. Hazırda dünyada gedən proseslər hər kəsin düşüncəsində iz qoymaqdadır. İnanmıram ki, kimsə bütün baş verənlərdən kənarda qalıb. Bəlkə də dünya dağılır, amma kimi bunu yüngül hiss edir, kimi dağıntının ortasındadır, kimi də uzaq üfiqlərdə tamaşaçı rolunu oynayır. Əsası odur ki, hamı bunu duyur, dərk edir.

Məsələn, hazırda dünya iflasa varmaqda, müflis olmaqdadır. Amma iqtisadçılar bunu beynəlxalq maliyyə böhranı, ruhanilər insanlığın günahına görə verilən cəza, politoloqlar diktatura rejimlərinin çöküşünə hesablanmış siyasi manevr, mistiklər qara ruhların insanları ram etməsi, astroloqlar planetar pozuntu və ya qalaktik kataklizm adlandırırlar. Hətta Sahib əz-Zamanın (ə), İsa Məsihin (ə) zühur edəcəyinə işarə vuranlar da var. Axı, yuxarıda dediyim kimi, hər şeyə hər kəsin özəl baxışı var. Amma ən doğrusu hansıdır, bunu biz bilmərik, yəqin ulularımız bu kimi müəmma qarşısında qalanda “Düzünü Allah bilir” deyiblər. Mən bu fikirlərlə dünyanın gedişatını dəyişmək və ya gözəlliklər vəd etmək iddiasında deyiləm, əslində buna heç iqtidarım da çatmaz. Buna baxmayaraq, canımız Azərbaycanın yaralı bədənini heç olmasa sarımaq üçün hamı kimi özümdə güc toplamağa çalışıram.

Qeyb aləmində, Tanrı qatında vətənimiz üçün nələrin yazıldığını bilməsəm də, hamı kimi mən də özəl və subyektiv fikirlərimi nümayiş etdirmək istəyirəm. Bu məqaləni yazmağıma səbəb ATƏT-in Minsk qrupunun “aktiv” fəaliyyətidir. Sən demə, Qarabağı faktiki işğal edən Rusiyadan, erməni diasporunun mərkəzi olan və Kəlbəcərin işğalında birbaşa rol oynayan Fransadan və 1992-ci ildə Qarabağı azad etməyə qalxan Azərbaycanın əleyhinə bədnam 907-ci qətnaməni çıxaran ABŞ-dan ibarət Minsk qrupu həm də yalan istehsalı ilə məşğul imiş. Onlar neçə illərdir ki, hər üç aydan, dörd aydan bir yığışıb növbəti bir yalanı camaata sırımaqla məşğul imişlər. Camaatımız da inanandır axı, onların hədyanlarını doğru zənn edirlər. Əslində məsələnin mahiyyətində başqa şeylər durur. Məsələn, Minsk qrupu həmsədrləri hər ilin ilk rübündə “ilin sonuna qədər münaqişənin həll olunacağına inanıram”, ilin ortasında “lap az qalıb”, ilin sonunda “bu günlük-sabahlıqdır” deyir. İl təzələnəndə utanmadan-çəkinmədən yenə o sözləri işlədir və nə iqtidardan, nə müxalifətdən, nə də əhalidən heç bir müqavimət gördüyü üçün eyni ssenariyə davam edir, digər həmsədrlər də həmçinin. Bəs görəsən, niyə? Mövzumuza uyğun olaraq bilirəm ki, bu “niyə”yə müxtəlif cavablar, bəlkə də hər kəsin öz yanaşması var. Mənim də cavabım ayrıcadır.

Düşünürəm ki, onlar bunu özbaşına etmirlər, Azərbaycan və Ermənistan rəhbərliyi ilə, aparıcı dövlətlərlə məsləhətləşir, götür-qoy edir, sonra da ictimaiyyətə “sırıyırlar”. Görün, dünya mediasında gündəmdən düşməyən bu “siyasətçi-professorların” başları necə işləyirsə, son dövrlər gündəmə tamamilə yeni bir mövzu atıblar: Laçın rayonu 90 illiyə ermənilərə icarəyə verilə bilərmiş. Ona görə “veriləcək” demirlər ki, ara qarışmasın, həm də münasibət öyrənilsin. İcarəyə, əkin-biçinə, at çapmağa, nə bilim daha nələrə hesablansa da, orada “verilə bilər” ifadəsi var və bu, çox təhlükəlidir. Bir vaxtlar Bütöv Azərbaycan da 150 illiyə İranla Rusiya arasında icarəyə götürülmüşdü. Amma vaxt tamam oldu, heç bir şey baş vermədi. Gülməli bəhanə gətirdilər ki, o vaxt müqavilə çarla şah arasında bağlanıb və bu gün o rejimlər mövcud deyil. Nəticədə də on minlərlə soydaşımız – aydınlarımız, ziyalılarımız qətlə yetirildi. Elə isə Laçın ermənilərə icarəyə verilirsə, gərək Mehri də 90 illiyə bizə verilsin ki, Naxçıvan blokadada qalmasın. Amma bizi eşidən kimdir? Laçın məsələsi gündəmə gələn kimi gözümüzü qorxutmaq üçün Qarabağ erməniləri Goranboyun, Tərtərin, Ağdamın və Füzulinin bir addımlığında genişmiqyaslı hərbi təlimlərə başladılar. Guya Qarabağ “hökuməti” rəsmi İrəvanın özünə də dirsək göstərib özlərini müstəqil aparmaq istəyirlər.

Üstəlik, bəyanat da verirlər ki, biz Dağlıq Qarabağın ətraf rayonlarını qaytara bilmərik, əks təqdirdə bu, bizə böyük təhlükə yaradar. Sabah həmsədrlərin hansı yalanları istehsal edəcəklərini bilmirəm. Bildiyim odur ki, bütün bunlar dar çərçivəyə düşən ermənilərin müvəqqəti hegemonluğunu bir az da uzatmaq məqsədi güdür. Dünya maliyyə böhranı Rusiyanı çökdürsə və Türkiyə Ermənistanla sərhədləri açsa, düşmən dövlət tamamilə türk hökumətinin nəzarətinə keçəcək, daha sonra isə əsarətinə çevriləcək. Bunu sizlərə mən deyirəm. Qanımızı içməyə hazır olan fars şovinizmi belə bu real prosesin qarşısını ala bilməyəcək, təki Rusiya çöksün. Bir qənaətim də var. Qeyb aləmində, Tanrı qatında Qarabağ üçün nələrin yazıldığını bilməsəm də, düşünürəm ki, prezident İlham Əliyev, düşmən ölkənin rəhbəri və ATƏT-in Minsk qrupunu yaradanlar Qarabağın aqibətini – nə vaxt və necə qaytarılacağını dəqiq bilirlər. Fəqət, yalan istehsal edənlər onların danışmaması üçün şifahi zəmanət alıblar. Belə yerdə adam “Kaş qeybdə yazılanları biləydim” deməyə bilmir. Görünür, mərhum Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı varmış…