Tarixi – Azərbaycan torpağı Zəngəzur

10/08/21 12:32

XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk , 91 kürd və 81 erməni kəndi var idi. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali – müsəlman (türklər və kürdlər) öldürülüb.

Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.

1988-ci ildə Zəngəzurda Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi.

Qərbi Azərbaycanın, o cümlədən Zəngəzur mahalının qədim Azərbaycan torpağı olması, sakinlərinin isə türk qəbilə tayfalarından ibarət olması tarixi faktlarla, xüsusilə toponimik adlara təsdiqini tapmışdır. Yazılı mənbələrdə, tarixi kitablarda adı çəkilən Kənkər (Kanqar) tayfalarının V əsrdən Xəzərin hər iki sahilində sərbəst hərəkəti, şimallı, cənublu, qərbli Azərbaycanın hər yerində olmaları, yaşadıqları yerlərə öz adlarını vermələri bunun bariz nümunəsidir. Zəngəzur mahalında olan çayların, dağların, ziyarətgahların, hətta balaca dərələrin adları türk, türk-fars, türk-ərəb mənşəlidir… Bütövlükdə Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olmuş Qərbi Azərbaycan və onun Zəngəzur mahalı türk xalqlarının maddi-mədəniyyət qalıqları ilə zəngindir. Qafanda, Sisyanda, Mehridə və b. bölgələrdə neçə minillikdən hunlardan, saklardan, xəzərlərdən, azlardan, qarqarlardan, oğuzlardan, səlcuqlardan və daha neçə-neçə doğma etnoslardan xəbər verən abidələr özünü qoruyub saxlamışdır.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik