Tehran – Hindistan-İran-Azərbaycan-Qara dəniz nəqliyyat marşrutunu təqdim edib

21/12/21 11:02

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün Twitter-də Hindistan və Fars körfəzini Azərbaycandan keçməklə Qara dənizlə birləşdirəcək nəqliyyat marşrutunun xəritəsini dərc edib.

Xəritədə üç marşrut var. Onların da başlanğıcı eynidir – Mumbaydan mallar əvvəlcə dənizlə, sonra qurudan Tehrana çatdırılır.

Onlardan ən qısası (13 gün) daha sonra Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin dəmir yolu ilə Azərbaycana gedir və oradan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstanın Poti və Batumi limanlarına aparır.

22 günlük marşrut Tehrandan İranın Xəzər dənizindəki Ənzəli limanına aparır, oradan mallar dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılır, oradan isə Bakı-Tbilisi-Qars yolu ilə yenidən Poti və Batumiyə gedirlər.

23 günlük marşrut 22 günlük marşruta bənzəyir, lakin Ənzəli əvəzinə yük İranın Əmirabad limanına gedir.

Səfir xəritəyə verdiyi izahatda bildirib ki, İƏT dəhlizinin canlanmasından (Pakistan-İran-Türkiyə) və Şimal-Cənub Qlobal Dəhlizinin (Finlandiya-Rusiya-Azərbaycan-İran-Fars Körfəzi və Hindistan) sınaqdan keçirilməsindən sonra, bu həftə İran-Azərbaycan-Gürcüstan-Qara dəniz-Avropa yeni dəhliz işə salınacaq.