Son günlərdə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, özəlliklə də hərbi yöndə birliyin güclənməsi ilə bağlı, hər iki dövlətin müxtəlif təbəqələrində müzakirələr getməkdədir. Buna səbəb ilk baxışda Ermənistanla Azərbaycan arasında qısa müddətli “iyul döyüşləri” olsa da, ancaq daha dərin tarixi, siyasi- ideoloji nədənləri var. Biz bilirik ki, yaxın tariximizdə Əfşarlar Türk dövlətinin qurucusu Nadir şah Əfşar Osmanlıya belə bir istəkdə bulunmuşdur. Qacarlar Türk dövləti də çarlıq Rusiyasına qarşı mübarizədə Osmanlılarla müttəfiqlik arayışlarına baş vurmuşdur. Eyni addımı 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyəti də atmışdır. Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində Türk birliyi ilə bağlı iki nəzəriyyə: 1. Özəkçi, yəni vahid Türk dövlətinə əsaslananlar, 2. Milli-məhəlli Türk dövlətlərinin olmasını istəyənlər var idi. Birinci, ideyanın nəzəriyyəsini əsas müəllifi böyük Türk mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğu halda, ikinci ideyanı da əsas müdafiə edənlərdən biri, yenə də Azərbaycan türk mütəfəkkiri, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Əlbəttə, könüllərimiz daha çox birinci ideyanın gerçəkləşməsindən yana olsa da, reallıq ikinci ideyanın yanında idi. Əslində ikinci ideyanı müdafiə edənlər də, Türk birliyindən yana idilər. Sadəcə olaraq, bu birlik Türk federasiyası formasında olmalı idi. Yəni müstəqil Türk dövlətləri bərabər səviyyədə bir federasiyada birləşməli idilər. Ancaq 1920-ci ildən sonra Türkiyə istisna olmaqla, digər Türk dövlətlərinin müxtəlif şəkillərdə Sovet Rusiyasının, Çinin, Pəhləvilərin, Iraqın, Suriyanın və başqa dövlətlərin tam və yarım vassallarına çevrilməsi bu prosesi yarımçıq qoydu. Yalnız keçmiş Sovetlər birliyinin dağılması, bundan sonra 5 müstəqil Türk dövlətinin meydana çıxması Türk birliyi ideyasını yenidən gündəmə gətirmişdir. Ancaq Mustafa Kamal Atatürkdən sonra türkçülük yolunda problemlər yaşayan Türkiyə buna hazır ola bilmədiyi, eyni zamanda həmin y Türk dövlətlərində Qərbin, Çinin, İran adlanan ölkənin, Rusiyanın təzyiqləri davam etdiyi üçün, bu şüardan çox uzağa getmədi. Əlbəttə, bunun belə olmasında Atatürkün vaxtilə dediyinin əksinə olaraq, Türkiyənin bu prosesə hazır olmaması bir yana, üstəlik Fetö terror təşkilatının Türkiyə adından 5 müstəqil Türk dövlətlərində yuvalanmasında da mənfi rolu öz təsirini göstərdi. Deməli, altyapısında güclü fetö təsiri olan Türkiyə və Rusiyanın imperiya siyasətindən qurtula bilməyən 5 Türk dövlətinin birliyi daha çox formal təşkilat çərçivəsində özünü büruzə verdi. Bizcə, bu gün Azərbaycan Türkiyə birliyini, ümumiyyətlə Türk dövlətlərinin birliyini dar çərçivədən kənara çıxarmaq lazımdır. Bu birlik yalnız özünümüdafiə xarakteri daşımamalı, tarixi, siyasi ideoloji şüurun bərpasına yönəlməlidir. Bütöv Azərbaycan Ocaqları olaraq əsas hədəfimiz də, müstəqil Türk dövlətlərinin birliyinin altyapısını hazırlamaqdır. Bunun üçün Azərbaycan Türkiyə birliyini, üçüncü bir dövlətə qarşı olmadan güclənməsi taktikasıdır. Şübhəsiz, bundan biriləri hər zaman rahatsız olublar və olacaqlar da. Ancaq bu o demək deyil ki, biz bundan geri çəkiləcəyik. Hər şeyi xalqların iradəsi həll edəcək. Əgər Türk xalqları istər müstəqil, istərsə də yarım müstəqil olsun, bu iradəni ortaya qoysalar, bunun qarşısında heç bir güc dayana bilməyəcək. BAO olaraq, Azərbaycan türklərinin bu məsələdə, yəni Türk dövlətlərinin birliyinin altyapısının formalaşmasında yerimizi və rolumuzu yaxşı bilirik. Biz əsla unutmamalıyıq ki, hər şeyi Türk xalqlarının iradəsi həll edəcək. Bu birlik iradəsini formalaşdırmaq da Türk ziyalılarının, qabaqcıl insanlarının boynuna düşür. Əgər özəkçi deyil də, müstəqil Türk dövlətlərinin birliyini istəyiriksə, bunun üçün ağ atlı oğlanın gəlməsinə ehtiyac yoxdur. Hər birimiz, yəni özümüz özümüzün xilaskarı ola bilərik. Bunun üçün sadəcə, bir qədər fədakarlıq və cəsarət lazımdır. Bir sözlə Türk xalqlarının birliyinin baş tutması üçün bir addım atmaq, yüz addımı özü ilə bərabər gətirəcək.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini, dos. dr. Faiq Ələkbərli