Türkiyə – 6-cı Türk Dünyası Sənədli Filmlər Festivalına ev sahibliyi edir

07/11/21 12:43

Festival çərçivəsində Ömər Halisdemir Universitetində iki film nümayiş etdirilib

Türkiyənin mərkəzi hissəsindəki Niğde şəhərində VI Türk Dünyası Sənədli Filmləri Festivalı çərçivəsində iki film nümayiş etdirilib.

Bu il festival “9 ölkə, 9 şəhər, 1 festival” şüarı altında keçirilir.

Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yanında Kinematoqrafiya Baş İdarəsi və Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi, Türk Dünyası Jurnalistlər Federasiyası və Türk Dünyası Mədəniyyət, İncəsənət və Kino Fondunun təşkilatçılığı ilə reallaşıb.

Festival çərçivəsində Niğde Ömer Halisdemir Universitetində Qırğızıstan istehsalı olan “Meerman” və Azərbaycanın “Biz” filmi nümayiş etdirilib.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir bildirib ki, festivalın keçirilməsində məqsəd türk dünyasının mədəniyyət və incəsənətini təqdim etməkdir.

Dəmir qeyd edib ki, türklər Şərqi Türküstandan Avropaya qədər geniş bir coğrafiyada yaşayırlar.

“Məqsədimiz sənədli filmlər vasitəsilə türklərin mədəniyyətini, incəsənətini anlatmaq, əvvəlcə türk dünyası ölkələrinə, sonra isə bütün dünyaya təqdim etməkdir. Məhz bu məqsədlə Türk Dünyası Sənədli Filmləri Festivalı təşkil olunub. Növbəti hədəfimiz 2022-ci ildə türk dünyası filmlərinin Oskar almasıdır. Biz də oxşar bədii filmlər festivalını təşkil etmək istəyirik”, – deyə federasiya rəhbəri bildirib.

Transqafqaz.com