Türkiyə prezidenti Suriyadan gələn təhdidləri aradan qaldırmaqda qərarlı olduğunu açıqladı

12/10/21 9:32

Prezident Ərdoğan, Türkiyə Nazirlər Kabinetinin iclasından sonra çıxış etdi

Ankara artıq Suriyada Türkiyəyə qarşı terror hücumlarının mənbəyi olan ərazilərə səbr etmək niyyətində deyil. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə etdiyi çıxışında bildirib.

Türkiyə lideri “Polis əməkdaşlarımıza (Fərat Qalxanı Əməliyyatı zonasında) edilən son hücum və torpaqlarımızı hədəf alan döyüşlər artıq səbrimizi aşdı. Bu problemlərin ən qısa zamanda həlli üçün lazımi addımları atacağıq”, – deyə bildirib.

İki gün əvvəl, Suriyanın şimalında Fərat Qalxanı əməliyyatı zonasında PKK/PYD terrorçularının zirehli maşına raket zərbələri nəticəsində Türkiyə xüsusi təyinatlı polislərinin iki zabiti şəhid olmuş, daha iki xüsusi təyinatlı isə yaralanmışdı.

Onun sözlərinə görə, Türkiyə “Suriyanın şimalından gələn təhdidləri ya orada fəaliyyət göstərən yerli qüvvələrlə birlikdə, ya da öz vasitələri ilə ortadan qaldırmaqda qərarlıdır”.

Terrorla mübarizə mövzusunu davam etdirən Prezident Ərdoğan, ilin əvvəlindən bəri 153 PKK terrorçusunun Türkiyə hakimiyyətinə könüllü təslim olduğunu və son 5 ildə bu rəqəmin min nəfəri keçdiyini söylədi.

Dövlət başçısı qanunsuz miqrasiya mövzusuna da toxundu. Prezident Ərdoğan, AB ölkələrini miqrasiya böhranının həllində böyük məsuliyyət göstərməyə çağırdı. O, Türkiyənin yeni qaçqın axınının öhdəsindən təkbaşına gələ bilməyəcəyini təkrarladı. “Biz bu yükü təkbaşına götürə bilmərik. Miqrantların hədəfi olan ölkələrdən, hər şeydən əvvəl Avropa ölkələrindən daha böyük məsuliyyət gözləyirik” dedi. Eyni zamanda qaçqın probleminin o həddə çatdığına diqqət çəkdi ki, artıq yalnız maliyyə dəstəyi ilə həll edilə bilməz.

O xatırladıb ki, son beş il ərzində Türkiyə sərhədçiləri 2.350.000-dən çox insanın qanunsuz girişinin qarşısını alıblar. Prezident Ərdoğan, Türkiyədə 1.300.000-dən çox qanunsuz miqrantın ələ keçirildiyini əlavə etdi. “Bu qaçqınların çoxunun Türkiyədə qalmaq istəmədiyini yaxşı bilirik. Avropaya və ya başqa yerlərə köçmək istəyirlər. Türkiyə, miqrasiya sahəsindəki təsirli siyasəti və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sayəsində Avropaya köç axınının qarşısını ala bildi, amma biz bunu təkbaşına edə bilmərik” dedi.

Dövlət başçısı Türkiyənin qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə verdiyi töhfəyə də toxunub. O, Türkiyənin “bəşəriyyətin üzləşdiyi bu ən çətin böhranın həllində aparıcı rol oynamağa qərarlı olduğunu” vurğuladı.

Prezident əlavə etdi ki, bu məqsədə çatmaq üçün Türkiyə hakimiyyəti bütün fəaliyyətlərinin mərkəzində “yaşıl inkişaf inqilabı” qoymaq niyyətindədir.

Dövlət başçısı siyasi partiyalardan özəl sektora və qeyri-hökumət təşkilatlarına qədər Türkiyə cəmiyyətinin bütün təbəqələrini tarixi Yaşıl İnkişaf layihəsinə dəstək verməyə çağırdı.

Prezident Ərdoğan, ölkə rəhbərliyinin, Türkiyənin Ətraf və Şəhərsalma Nazirliyinin Ətraf, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə dəyişdirilməsinə qərar verdiklərini də söylədi.

Hökumətin iqtisadi sahədəki planlarından danışarkən, səlahiyyətlilərin “cari hesab balansını profisitə doğru davamlı olaraq yaxşılaşdıraraq, investisiyaların, istehsalın, ixracın və məşğulluğun artmasına əsaslanaraq” ölkənin inkişafını stimullaşdırmağı planlaşdırdığını qeyd etdi.

Transqafqaz.com