“Türkiyə və Aİ dövlətləri arasında münasibətlər daha da soyuyacaq

26/11/16 9:07

Son vaxtlar Türkiyə ilə Avropa İttifaqına (Aİ) üzv olan dövlətlər arasında münasibətlərin daha da gərginləşməsi müşahidə edilməkdədir. Bu günlərdə Avstriyanın Türkiyəyə silah satışına qadağa qoyması, bu yasağın digər Qərb dövlətləri tərəfindən gündəmə gətirilməsi ehtimalı yaxın gələcəkdə tərəflər arasında qarşıdurmanın böyüyəcəyini iddia etməyə əsas verir.

Maraqlıdır, Qərb və Türkiyə arasındakı bu qarşıdurmanın dərinləşməsi təərflərə nə vəd edir? Yaxın gələcəkdə proseslər hansı məcrada inkişaf edə bilər?

Məsələ ilə bağl Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu problemin mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Rəcəb Tayyib Ərdoğan və onun partiyası 2000-ci illərdə hakimiyyətə gələndən sonra Aİ ilə çox sıx münasibətlər qurmağa başladı. Hətta belə təəssürat yaranırdı ki, Türkiyə yaxın gələcəkdə Aİ-nin üzvü də olacaq. Ərdoğan müxtəlif sammitlərdə iştirak edir, ciddi aktivlik nümayiş etdirirdi. Lakin Ərdoğan Türkiyə daxilində hakimiyyətini gücləndirdikcə, bu, Aİ-də qıcıq yaratmağa başladı. Ərdoğanı narazı salan o idi ki, bu qədər görüşlərə qatılsa da, üzvlük məsələsi öz həllini tapmır. Türkiyə ilə bağlı hər dəfə bir şərt irəli sürür, bu şərt yerinə yetiriləndən sonra daha 2-3 şərt irəli sürülürdü. Hiss olunurdu ki, Aİ-nin Türkiyəni üzv qəbul etmək istəyi yoxdur. Türkiyənin başı üzərindən Şərqi Avropa və Balkan ölkələri Aİ-na üzv qəbul olundu.

15 iyul hərbi çevrilişə cəhd Türkiyə ilə Aİ arasındakı münasibətləri daha da soyutdu. Ərdoğanı bu məsələdə narazı salan o oldu ki, niyə Aİ dərhal bu çevriliş cəhdini pisləmədi. Gülən şəbəkəsi neytrallaşdırmadı. Türkiyə parlamentinin bombalanmasına da gec reaksiya verdi.

Aİ-nin xoşuna gəlməyən isə o oldu ki, Ərdoğan siyasi və iqtisadi islahatları dayandırdı. Ölkə daxilində həbslərin miqyası artdı. Tədricən münasibətlər daha da soyudu. Avropa Parlamenti Türkiyə əleyhinə məlum qətnaməni qəbul etdi

Hesab edirəm ki, bundan sonra münasibətlər daha da soyuyacaq. Çünki Aİ-nin iki lokomotiv  dövləti olan Fransa və Almaniya ilə Türkiyə arasında soyuq münasibətlər formalaşıb. Tərəflər bir-birlərini kəskin tənqid edirlər. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyün mümkünlüyü ehtimalını təsadüfən gündəmə gətirməyib.

Türkiyənin Qərbin aparıcı dövlətləri ilə münasibətlərin soyuması daha çox Rusiyanın işinə yarayır. Baş verənlər Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır. Təyyarə böhranından sonra Rusiya və Türkiyə münasibətləri gərgin idi. Ərdoğanın üzr istəməsi ilə gərginlik azaldı. Bu gün az qala hər bir məsələdə Türkiyə və Rusiya məsləhətləşirlər.

Ərdoğanın gələcəkdə iki addım atması mümkündür. Bunlardan biri odur ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsini aktuallaşdırsın. İkincisi isə Avropa Parlamentinin qətnaməsi Ərdoğanı ona məcbur edə bilər ki, Böyük Britaniyada olduğu kimi Aİ ilə bağlı ölkədə referendum keçirsin. Yəni bu quruma üzvlüklə bağlı danışıqları davam etdirib-etdirməmək məsələsini türk xalqı qarşısında sual kimi qoysun.

Ictimai rəy sorğuları göstərir ki, ötən illərdən fərqli olaraq insanların böyük əksəriyyəti Aİ-yə üzvlüyə tənqidi yanaşırlar. Onlar başa düşürlər ki, bu, mümkün olan bir şey deyil. Aİ demişdi ki, onlar bir neçə aya Türkiyə vətəndaşlarına tətbiq oluna vizanı ortadan qaldıracaqlar. Lakin qaldırmadılar. Ancaq Türkiyənin başı üzərində  Latın Amerikası ölkələri bunu həll etdi. Bu da ikili standartlardan xəbər verir. Ərdoğan bu səbəbdən Aİ-ni xristian klubu adlandırıb.

Lakin bunu da unutmaq olmaz ki, Qərb ümumi bir məfhumdur. Aİ-nin içində Fransa, Almaniya, Avstriya Türkiyəyə tənqidi münasibət bəsləyir. Lakin elə Qərb ölkələri də var ki, onlar Türkiyə ilə sıx əməkdaşlığa çalışır. İtaliya və bəzi Şərqi Avropa dövlətlərini nümunə gətirmək olar.

Obama ABŞ prezidenti seçiləndə müsəlman ölkələrindən ilk olaraq Türkiyəyə səfər etdi. O zaman belə gözlənti var idi ki, Türkiyə-ABŞ əməkdaşlığı daha da genişlənəcək. Lakin bu baş vermədi.

Türkiyə iki məsələyə görə ABŞ-dan narazıdır. Bunlardan biri Fətullah Güləni Türkiyəyə verməmək, digəri isə Suriyada silahlı kürdlərə dəstək verməsi ilə bağlıdır. Amma indi hakimiyyətə Donald Tramp gəlir. Onun ətrafındakı şəxslər Türkiyəyə xoş münasibət bəsləyir, onunla əməkdaşlığı vacib hesab edirlər. Gülənin ekstradisiyası məsələsini gündəmə gətirirlər. Bu, ondan xəbər verir ki, Trampın hakimiyyəti dönəmində ABŞ və Türkiyə arasında münasibətlərin istiləşməsi mümkündür. Lakin eyni sözləri Türkiyə-Avropa İttifaqı münasibətləri haqqında demək mümkün deyil.

Türkiyənin Aİ-yə üzv olmasının 50 ildir ki, əngəllənməsinə səbəb onun böyük potensiala malik ölkə olması ilə bağlıdır. Aİ-nın üzvü olsa, Türkiyə Almaniya və Fransanı sıxışdıracaq. Bunu isə Almaniya və Fransa istəmir. Ona görə də müxtəlif bəhanələrlə Türkiyəni sıxışdırmağa çalışırlar. Bu isə Türkiyəni alternativ istiqamətlərə yönləndirir. Alternativ istiqamət isə Rusiya və Çindir ki, bu, Aİ-nın maraqlarına cavab vermir”.

 

Seymur Əliyev