Xaqani Ədəboğlu: «Düşmənə qarşı düşmən kimi mübarizə aparmalıyıq»

15/12/21 3:22

TƏKRAR (12.10.2020-ci il)

Redaktordan (Elnur Səlim): Müsahibə “Media haqqında” qanunun qəbul edilməsi müzakirələriylə tam səsləşdiyinə görə yenidən yayınlamaq qərarına gəldik. X. Ədəboğlu jurnalistikanın xilası ilə bağlı soruşduqda, həmişə «öncə yazmağı öyrənmək lazımdır»-deyir.

(Əvvəli: https://fedai.az/?p=56299)

— Cəbhə bölgəsindən yeni qayıtmısınız. Ordumuzun durumu və əhval-ruhiyyəsi necədir?

— Ordumuzun əhvalı çox yüksəkdir. Əsgər və zabitlərimiz qələbəyə köklənib. Amma nəzarəti artırmaq vacibdir. Düşmən işğalı altında ərazilərin dərinliyinə getdikcə ön cəbhə ilə əlaqə daha da gücləndirilməlidir. Ordumuzun təminatı yüksək səviyyədədir. Bütün mifləri əlindən çıxan düşmən ortaya gülməli bir «blits-kriq» söhbəti ataraq özünə təskinlik verməyə çalışmaqdadır. Azərbaycan öz torpaqlarını işğaldan xilas etmək üçün antiterror əməliyyatı keçirir. Bu əməliyyat üçün vaxt məhdudiyyəti son erməni əsgərinin və terrorçuların ölkəmizdən çıxarılacağı günüdür. Döyüş meydanında minlərlə leş və texnikasını qoyub qaçan düşmən ordumuzun qabağında dovşan kimi qaçmalarına bu cür haqq qazandırmağa çalışır. Güya biz 3-4 günlük əməliyyatla Qarabağı azad etmək planı hazırlamışıq, onlar da bunun qarşısını alıblar. Bir daha bildirirəm ki, bu savaş 27 il boyunca müdafiə istehkamları qurmuş mənfur düşmənə qarşı aparılır. 10 gün ərzində düşmənin istehkam xəttləri dağıdılıb. Artıq düşmən təbii baryerlərdən istifadə etməyə çalışır. Savaşın uzanması bizi zəiflədə bilər, amma Ermənistan adlı forpost isə Qafqazdakı mövcudluğunu bitirə bilər. Ona görə də ordumuzun yanında olmalıyıq. Ən başlıcası ordu xalqın dəstəyini hiss edir və bu da ona əlavə stimul verir. Arxa ilə əlaqə, döyüşən əsgərin ailəsiylə rabitəsini təmin edilməsi və əsgər valideynlərinin müraciətlərinə cavab verən hərbi məlumat mərkəzləri yaradılmalıdır. Bu valideynlərin nigarançılığına son qoyar və döyüşən əsgərə də müsbət təsir göstərə bilər. Təklif mütləq dəyərləndirilməlidir. Faktiki olaraq düşmən ordusu demoralizə edilib və bu faktordan ciddi surətdə istifadə etməliyik.

— Ən son xəbərlərdə «humanitar yardım» adıyla Rusiyanın silah daşıması və Fransanın İran vasitəsiylə raketlər göndərməsi faktları ortaya çıxdı. Bu faktlardan niyə istifadə etmirik?

— Mən həmişə Rusiyanı bu müharibədə tərəf olaraq görmüşəm. Rusiya Xocalı soyqırımından öncə Xankəndinə yük helikopterləriylə (Mİ-8) silah və qüvvə daşıdığını öz gözlərimlə görmüşəm və o Mİ-8 — lərdən birini də vurmuşam. Xramort dağının üzərinə düşən helikopter ağır yüklər daşıyırdı.

Həm də hücum helikopterləri tərəfindən mühafizə edilirdi. Bu barədə dəfələrlə yazmışam. Bu barədə cinayət işi qaldırılmalıdır. Bizim torpaqların işğalı Rusiyanın bəşəri cinayətlərindəndir. Bu ölkə qan və pandora qutusu kimi bədbəxtliklər yaymaq üçün yaradılıb. Yüzlərlə xalqın həbsxanası sayılan bir imperiyanın hansısa milli azlığın hüququnu qorumasına inanırsınızmı? Qarabağ, Dnestryanı, Abxaziya, Osetiya, Krım, Donbas, Luqansk separatizmi dəstəkləyən Velikorus faşızminin «balalarıdır».Erməni zənciri rusun əlində olan bir köpəkdir. Rus faşistlərindən olan Kazimirov olmayan siyasi ağlıyla Qarabağ problemini həlli olmayan problem adlandırır. Həlli olmayan problem yoxdur və prezidentimiz haqlı olaraq dedi ki, «status-kvonu dəyişdim». Müharibə qələbəyədək davam etməlidir və xalqımız buna hazır olmalıdır. Siyasi olaraq biz tərəfsizliyini itirmiş Fransa və Rusiyanın həmsədrliyindən imtina etməliyik. İranın işğalçıya və terrorçulara etdiyi yardımları araşdıraraq İslam Konfransı Təşkilatı üzvlüyündən çıxarılması məsələsini qaldırmalıyıq. Bu siyasi səhnədə Azərbaycanın çəkisini daha da qaldırar və indiyədək dəstəkləmədiyimiz İrana qarşı sərt sanksiyalara dəstək verməyə baxa bilməyimizi araşdırmalıyıq. Azərbaycan «yağlı tikə» olmaqdan qurtulmağa çalışmalıdır. Bizə qarşı düşmənçilik edən dövlətlərə eyni prinsiplərlə düşmənçilik etməliyik. Rusiyanın bir nömrəli düşmən olması bilinməlidir. Bunu görmək üçün onun yayınladığı informasiyalara diqqət yetirmək kifayətdir. Yəni bu düşmənçilik dövlət siyasəti olmasa, bu nəşrlər ən azı cəzalandırılardı.Bunca satılmış, özünü bazarlamış bir mətbuat Yer kürəsində yoxdur. Bunca vicdanı qısır politoloqlar heç bir yerdə yoxdur.

— Terror və separatizm dəstəkçisi Solovyov erməni terrorunu müdafiə edərək bizi təmsil edən politoloqa sual ünvanladı ki, Qarabağ erməniləri hansı terroru törədib? Amma soydaşımızın verdiyi cavabı qənaətbəxş saymadı. Sizin fikrinizcə ermənilər hansı terror aktlarına imza atıblar?

— Vladimir Solovyev kimi bazarlıq üçün yaradılmış adamların dünyamızda yaşaması insanlığa təhqirdir. Rusiyada belələrinin günbəgün çoxalması və həyasızlıqda onları satın alanlara bənzəmələri heç də təsadüf sayılmamalıdır. «Mal» yiyəsinə oxşamalıdır. Nədənsə belələri Rusiyada günbəgün çoxalır. O kadrlara baxdım. Soydaşlarımıza qarşı hər dəfə bir caqqal hücumu təşkil edir. Bu cür şərəfsiz adamın şousuna çıxmaq olmaz. Onu baykot etmək lazımdır. Terrorun nə olduğunu yəqin ki, heç Salovyev dərk eləmir. Sovetlər dönəmində terrorizm (lat. qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması forması olduğu deyilirdi. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, biz terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirə bilmərik. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Bunca illər ermənilərin terror törətməsi sualına soydaşımız qismən cavab verdi. 1994-cü il 19 mart Bakı metrosunda, saat 13.00 -da “20 Yanvar” metro stansiyasında qatar dayandığı zaman baş vermiş aktı göstərdi.  Statistik olaraq 1988-ci ildən 2006 — cı ilə qədər ermənilər tərəfindən Azərbaycanda 373 terror aktı törədilib. Bunlardan 32 terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən, digərləri erməni terror təşkilatları tərəfindən törədilib. Bu terror aktları nəticəsində 1500 nəfər soydaşımız həlak, 2000 nəfər soydaşımız isə şikəst olub.

Bundan başqa ölkəmizə qarşı ermənilərin başlatdığı separatizm elə terrorun bir qoludur və bölgədəki qanunsuz hərbi birləşmələr, separatçı dairələr avtomatik olaraq ölkənin qanunuyla terrorçu sayılırlar. Məhz bu terrorçular və onlara hərbi dəstək verən dövlətlərin terrorçu əməlləri sayəsində 12 min nəfər insanımız həlak olmuş və bir o qədər də əlilə çevrilmişdir. 811 yaşayış məntəqəmiz qismən və tam dağıdılmış yer üzündən vandalcasına silinmişdir. Solovyev kimi vicdanı olmayan insanların bu faktları görməzdən gəlmələri anlaşılandır. Çünki bunu terrorizm kimi tanımaq Rusiyanı terrorçu dövlət kimi tanımaq deməkdir. Əfsuslar olsun ki, dünyanın axmaqcasına erməni yalanlarına özlərini inanmış kimi göstərən imperialist gücləri eyni dəst-xəttə üstünlük verirlər. Bəziləri bunu erməni lobbisinin gücüylə bağlayıb mif yaratmağa çalışırlar. Boş-boş illüziyalardır. ABŞ kimi bir dövlətdə 1 milyonluq erməni toplumu nə qələt edəsidir? Anlamaq lazımdır ki, haylar Roma imperiyasının çirkin işlər görmək üçün yaratdığı sünü bir toplumdur. Dünyada bu xalqdan kirli işlər görmək üçün istifadə edirlər. Qafqazda da eyni işləri gördürürlər. Solovyovun terror anlayışının nə olduğunu bilmirəm, amma Ağdamın xarabəliklərini yəqin rus-erməni terrorçu birləşmələri deyil, yad planetlilər edib? Yəqin Xocalı soyqırımını da papauslar edib? Belə şərəfsizlərin məntiqinə görə, erməni azərbaycanlını öldürəndə qəhrəman, əksini edən isə qatildir. Artıq Rusiyanın əcəl zəngi çalınıb. Bunu hay qarğalarının leşə yığılması da sübut edir. Çöküş həmişə Qafqazdan başlayır. Rusiya öz tarixinin növbəti səhvini Lavrovun əliylə buraxdı. Neytrallığını qoruya bilmədi. ATƏT illərdir az qala deyir ki, amandır erməninin «sülh məramlı» tankını vurmayın. Terrorçunun tələblərini yerinə yetirin.

Bu günlərdə rusiyalı ekspert Konstantin Sivkov maraqlı açıqlamalar vermişdi. Açıqlamada deyilirdi ki, “Troya atı” strategiyasının həyata keçirilməsi mövcud hakimiyyətin devirilməsi məqsədi ilə əhalinin kütləvi çıxışlarıyla müşayiət olunan sosial partlayışdan başlanmalıdır. Strategiyanın reallaşdırılmasının ikinci mərhələsində xarici qeyri-müntəzəm hərbi birləşmələrdən istifadə mümkündür. Üçüncü mərhələdə isə, daimi və qeyri-müntəzəm birləşmələr, ABŞ Hərbi-Dəniz Qüvvələri, döyüş aviasiyası və onların müttəfiqləri istifadə edilə bilər. Bundan sonra “Troya atı” başa çatır və təcavüzkarın silahlı qüvvələri silahlı mübarizənin ənənəvi formalarına keçirlər.

Ekspert deyir ki, Rusiya barəsində strategiyanın ikinci mərhələsinin reallaşdırılmasında iki eşelondan istifadə oluna bilər: “Bunlardan birincisinə iki qruplaşmanın daxil edilməsi mümkündür. Onlardan birini xüsusi əməliyyat güclərinin döyüşçüləri təşkil edəcək. Bu qüvvə Qərb strateji istiqamətindən Moskvaya qədər dərinliyə doğru hərəkət edəcək. İkinci qruplaşma, Qafqaz xalqlarının nümayəndələri, həmçinin Türkiyə, Yaxın və Orta Şərqdən onlara yaxın etnoslardan, Şimali Qafqaz respublikaları və ətraf yerlərdən ibarət olacaq”. Yəni Rusiya, Lavrov-Maşustin avantürasının və Aram Qabrelyanov-Simonyan propaqandasının girovuna çevrilib. Tezliklə rus xalqı bu cütlüklərin becərdiyi acı meyvələri yeməyə məcbur olacaqlar.

— Ordumuzun qalibiyyətli yürüşü qarşısında Nikol Paşinyan güzəştlərdən dəm vururdu. Bu hansı güzəştləri nəzərdə tuturdu? 

— Yadıma bir erməni ilə ova getmiş azərbaycanlının lətifəsi düşür. Ovda bir qaratoyuq, bir dənə də sığırçın vururlar. Azərbaycanlı erməniyə deyir: «Ara, bax sığırçın sənim qaratoyuq mənim, ya da qara toyuq mənim, sığırçın sənin». Erməni deyir ki, elə hara fırlayırsan sığırçın mənə düşür. 27 ildi erməni bizi öz gününə salıb. Elə bu gün quldurbaşı Araik Arutunyan bəyan etdi ki, Qarabağ Azərbaycanın tərkibində qala bilməsi mümkün deyil. Bu separatçını və onu dəstəkləyənləri aradan götürmədən bölgədə danışmalı bir şey yoxdur. Erməni Birinci Qarabağ savaşında da dara düşən kimi atəşkəsə yalvarır, sonra da Rusiyadan dəstək alaraq toparlanan kimi hücuma başlayırdı. Biz də erməniyə inanıb mövqeləri zəiflədirdik. Bu gün bu xüsusu unutmamalıyıq. Durmaq yox. Hədəfi göstərən Komandanımız var. Paşinyan bizim torpaqlardan güzəştlər edir. Paşinyan ermənilərin talanına uğramış zərəri hesablayıb ödəməsi məqsədə uyğundur. Dəymiş zərər 800 milyard dollar hesablanır və bundan sonra öz xalqı adından üzr istəyərək, danışmağa nəsə taparıq. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun oyunbazlığına son qoyulmalıdır. Biz Rusiyanın Krasnodarla bağlı, Fransanın Marsellə bağlı, ABŞ-ın Kaliforniyası ilə bağlı danışıqlarda bizim iştirakımız nə qədər məqbuldursa, onların da iştirakı bir o qədər məqbuldur. Biz öncə bu buxovdan xilas olmalıyıq. Paşinyanın güzəştinə gəlincə isə, qoy Zəngəzuru geri qaytarsın. Onsuz da o, bu ölkədə Rusiya verən oyuncaqları və dığaların leşlərini qoyub gedəcək. Bəlkə Soros dayısının verdiyi o simvolik torbasını da tullamalı olacaq. 

— Dünya gücləri hansı arqumentlərlə ermənilərə bunca dəstək verirlər? 

— Bu gün dünyanın bölüşdürülməsinin yekun sənədi Helsinki aktıdır. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları onun yekun aktını imzaladılar. O müddəaları yazıya əlavə edin və müddəalara diqqət edin:

  1. Suveren bərabərlik prinsipi; *Ermənistan tərəfindən pozulub.
  2. Zor işlətməmək prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  3. Sərhədlərin toxunulmazlığı prinipi; *Ermənistan bu prinsipi də pozub
  4. Dövlətlərin ərazi bütövlüyü prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  5. Mübahisənin dinc yolla həll olunması prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; *Ermənistan bu prinsipi də pozub
  7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; *Ermənistan bu prinsipi də pozub
  9. Dövlətlər arasında əməkdaşlıq prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.*Ermənistan bu prinsipi də pozub.

Bütün müddəaları ermənilər pozub. Bizi isə, «Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;» müddəasını pozmaqda günahlandırmaq istəyir və bu müddəanı al-ver predmetinə çevirməyə çalışırlar. 9 maddəni bizim üçün təmin etsələr 7-ci maddə avtomatik öz həllini tapar. Hər halda paktən 10 maddəsinə ziddiyyət təşkil edən maddənin prinsipləri yanlış yozulur. Qarabağ Azərbaycan torpağı olaraq bir tamdır. Bu gün bu ərazilərdə 800 min nəfər azərbaycanlı, 89 min nəfər erməni yaşamaqdadır. Biz 27 ildə bu dünyaya 800 minin 80 mindən çox olmasını başa sala bilmirik. 80 min erməniyə görə İrəvan daxil 1 milyon insan zərər çəkib. Bu paktın harasında yazılıb ki, azlığa görə çoxluğu məhv etməlisən. Ona görə deyirəm ki, XX əsrdə dünyanı geylər, XXI əsrdə isə şizofreniklər idarə edirlər. Ölkə prezidenti hər kəs üçün məqbul olan qırmızı xətti bəyan edib: Qarabağ Azərbaycandır! Qəbul edən bizim üçün vətəndaşdır, etməyən isə separatçı terroristdir. Biz də Antiterror əməliyyatları ilə öz torpaqlarımızı azad edəcəyik və bu ünsürlərdən təmizləyəcəyik!

Söhbətləşdi: Elnur Səlim